AZ EN RU

Kitabsız qalmayın, kitabla qalın

    Artıq yay tətilini başa vuraraq yeni dərs ilinə başladıq. Tətil dövründə kimisi asudə vaxtını səmərəli keçirərək idmanla məşğul olub, kimisi mütaliə və ya öz dərs mövzularını təkrar edib. Günün bütün vaxtını dincəlməyə üstünlük verən şagirdlər də az olmayıb. 
    Mənə sual versələr ki, şagirdlər yay tətilini və ümumiyyətlə, boş vaxtlarını səmərəli keçirməsi üçün daha çox nə etməlidirlər? Mən mütaliəni seçərəm. Niyə məhz mütaliə? Çünki mütaliə etmək şagirdlərin, ilk növbədə, özünü ifadə etmək bacarığını formalaşdırır. Onların söz ehtiyatını artırır. Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik münasibət bəsləməsində, bədii təxəyyülünün inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində mütaliə müstəsna əhəmiyyət kəsb edir.

    Böyük Azərbaycan şairi Qasım bəy Zakirin kitablar haqqında çox gözəl fikri vardır:

     Axmaqlarla oturub-durmaqdansa, 
    Kitabla tənha oturmaq yaxşıdır. 

    Görkəmli şairimiz Süleyman Rüstəm də kitaba, mütaliəyə böyük dəyər verərək şeirlərinin birində yazır: 

    Hər evin yaxşı kitabdır bəzəyi,
    Döyünür onda həyatın ürəyi.
    Onun hər kəlməsi bir işıq mənbəyidir,
    Bir əməl mənbəyidir, bir yaraşıq mənbəyidir.

    Biz texnologiya əsrində yaşayırıq. Bu gün hər bir kitabın elektron, audio formatı mövcuddur. Şagirdlər, hətta harasa gedərkən qulaqcıq vasitəsilə həmin kitabların səsli formasını dinləyə bilərlər. Bu üsuldan, demək olar ki, mən iki ildir, istifadə edirəm və nəticəsini də görmüşəm.
    Aktual məsələlərdən biri də şagirdlərin mütaliə prosesinə texnoloji vasitələrin maneəçilik törətməsidir. Düşünürəm ki, bu problemin aradan qaldırılması üçün şagirdlər düzgün və maraqlı kitablar seçməlidirlər. Əgər şagirdə maraqlı kitab seçilib alınmasa, onda onun mütaliəyə həvəsi azalar, hətta bu vərdiş yox ola bilər. Önəmli bir məqama toxunmaq istəyirəm ki, hər kəs kitaba öz dostu kimi yanaşsa, o zaman ona ən maraqsız gələn kitab belə maraqlı olar. Hansı kitabı oxumağımız çox vacibdir?! Hər mövsümdə fərqli paltar geyinirik – qışda qalın, yayda nazik. Kitab alarkən də ruh halımızın, necə deyərlər, “mövsümünə” baxmalıyıq.  
     Kitab insanların ən yaxşı, sadiq, can dostudur. Təkcə böyüklərin yox, uşaqların şirin xəyal dünyasının sirli məkanlarına aparan nağıllar, həyəcanlı hekayələr, bizi aydınlığa qovuşduran, içi məlumat dolu neçə-neçə kitab var.
     Hesab edirəm ki, biz uğur qazanmaq istəyiriksə, təkcə dərs kitablarını oxumaqla kifayətlənməməliyik. Bədii kitablar dəryasına da baş vurmalıyıq. Çünki kitablar ən səbirli müəllimlərimiz kimidir. Onlara hər an əlimiz çata bilir. İstədiyimiz vaxt onun içindəki dünyaya daxil ola bilərik. Uca Rəbbimizin Peyğəmbərimizə ilk əmri “Oxu!” olmuşdur. Hər məlumat oxumaqla öyrənilir. Gəldiyim nəticə budur ki, oxumaq, mütaliə etmək bizim ən vacib vəzifələrimizdən biridir. Çünki mədəni dünya məlumat və texnologiya üzərində qurulub. Həyatda baş çıxarmaq, sağlam şəxsiyyətə sahib olmaq, düşüncə və xəyalları inkişaf etdirmək kitab oxumaqla mümkündür.
     Zənnimcə, ən sıxıntılı anınızda belə əlinizə kitab alsanız, elə bir sehrli nəsə tapmış olarsınız. Obrazların cildinə girər, məkandan məkana gedər, hadisələrin canlı şahidinə çevrilmiş olarsınız.
     Kitabsız qalan bir cəmiyyət keçmişini unudar! Gələcəyini planlaşdıra bilməz! Mədəniyyəti, adət-ənənəsi, dəyərləri yoxa çıxar! Odur ki, kitabsız qalmayın, kitabla qalın!

Əmir İMANOV
 Naxçıvan şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbin X sinif şagirdi

Nəşr edilib : 14.09.2023 20:57