AZ EN RU

Kitabsız kitabçılar, kütlə psixologiyasının qurbanları, əsrimizin Novruzəliləri!!!

    Bəzən əlimiz ürəyimizin ayaq izinə toxunaraq bizi sentimental aləmə, kitab aləminə aparır. Nə üçün sentimental dedik? Çünki dövrümüzdə “kitab adamlar” kitab oxuma vərdişləri sentimentallaşaraq utopik məna yükü daşımaqdadır. Lakin mütaliə mədəniyyətinin incəliklərinə vardıqda, habelə kitab oxuma vərdişini, bütövlükdə, dərk etdikdə, görürük ki, kitab təmas istəyir, kitab diqqət istəyir, kitab hər səhifəsində can verib can almaq istəyir, oxumaq isə bizə yalnız olmadığımızı hiss etdirir. Eyni düşüncədə, eyni ruhda insanlarla təmasımızı təmin edərək bilmədiklərimizi öyrədir. Görəsən, bizi də kitab kimi cildə büküb sonuncu mənzilə yola salacaqlar? Bu an səsi gəlir Füzulinin, Nəsiminin, xalqımızın şüuruna maarifçilik toxumu əkən Zərdabinin, Sidqinin. Haray salır Arazın o tayında Səməd Behrəngi, Sibirin soyuğunda “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Cavid, Təbrizin dumanında Günəş olan Ordubadi. “Demək ölən yox olmur”, sözləri yaşayırsa, milli şüur yaşayır deməkdir. 

    Bizdən əvvəl və sonra var olan, dil-dodaqla dərilən sözün ləzzətidir kitab. Allahın kəndirinin bir ucu bu kitablarda gizlidir. Biz də möhkəm sarıldıqca bu kəndirə, qalxarıq Uca Yaradanın layiq bildiyi yerə. Oxumasaq, nə bilərik “Ölçülüb biçilərsə, incə fikir, incə söz, Nə qədər gözəlləşər, olar ürəyincə söz”, – deyən Şeyx Nizami “Sirlər xəzinəsi”ndə Allahın ədəbi ilə ədəblənməyimizi, biliklə, hünərlə ölümsüz olmağı bizə tövsiyə etdiyini. Oxumasaq, nə bilərik “Könlüm quşu qanad çalmaz, sənsiz bir an Azərbaycan”, – deyən Şəhriyar bizə Vətən eşqi məktəbində can verməyi arzuladığını. Oxumasaq, nə bilərik “Ah mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim”, – deyən istibdad şairi Müşfiqin, ömrünün 29-cu qışında Dilbərinin gözündən gilə-gilə düşdüyünü. Oxumasaq, nə bilərik “Qərb cəbhəsində təbəddülat yoxdur” əsərində Remarkın “Mən hələ də bizim üçün ölümə səbəb olan xərçəng, vərəm, qrip, dizenteriyadan da ölümcül olan müharibənin qanlı səngərlərində çabalamaqdayam” dediyini. Oxumasaq, nə bilərik orta məktəbi bitirə bilməyən ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun cəmi 2 səhifəlik məktubunda valideynin övladını tərəddüdsüz etibar etdiyi yeganə şəxsin müəllim olduğunu. Oxumasaq, nə bilərik Mustafa Kamal Atatürkün “Ağ zanbaqlar ölkəsi”ndə kitabını hərbi məktəblərdə stolüstü kitab olaraq oxunmasına göstəriş verməsini. Oxumasaq, nə bilərik Zeydin bir küncdə inzivaya çəkilərək Leylinin Məcnununa xısın-xısın ağladığını, Cek London “Həyat eşqi”ni yaşamaq uğrunda mübarizədə gördüyünə inanmayıb, idrakla hesablaşmadığını bəlkə də, bəşəriyyətin cövhəri sayılan insanın ömür yolunda özünə heç olmazsa, bir dəfə verəcəyi, verməyə məcbur olduğu sualdır bu. Həqiqətən, oxumasaq, nə bilərik? Bu sualın ətrafında fikir mübadiləsi edə-edə bir neçə kitab dükanına yol alırıq. Şəhərimizdə bədii ədəbiyyatların satışını təşkil edən kitab mağazalarında, elə kitab rəflərinin qarşısında davam etmək istəyirik söhbətimizə. Bu əsrarəngiz şəhərin sakit parkları, avtomobillərin səssizcə hərəkəti necə də həvəs verir insana, çəkilib bir kənarda, təbiətin qoynunda mütaliə etməyə səsləyir sanki bizi. Əllərindəki mobil telefonların qaranlıq aləminə qapılıb, başlarını yuxarı qaldırmayan, müasir dövrün “başıaşağı gəncləri”, axı nə üçün maraqsız, faydasız sosial şəbəkələrin “cazibəsi” bu qədər ovsunlayıb sizi, daha doğrusu, əksəriyyətinizi? Bir bax, diqqətlə bax, budur, oyun klublarından çıxan 5-10 nəfər gəncin “bəlkə, bir əl pes ataq” dediyinin şahidi olduğumuz halda, ondan bir neçə qədəm aralıda yerləşən kitab mağazasının isə qulaqbatıran fəryadının səssizliyi duyulur. Necə də qəribədir bu mənzərə. İnsan bəzən həyatda bir çox fürsətləri əldən buraxır. Kitabsız, mütaliəsiz keçirdiyi hər gün kimi.
    – Bəs sonra necə olur nəticəsi, Fariz müəllim? 
    – Məcid, “Mətta effekti” deyilən bir termin var. Orada Matta 13:12 Bibliya ayəsinə istinad edilərək deyilir: “Kimdə varsa, ona daha çox verilərək bolluğa qovuşdurulacaq. Amma kimdə yoxdursa, sahib olduqları da əlindən alınacaq”. Bu yanaşma maddi olduğu kimi, həm də mənəvidir. Gənc yaşlarından başlayaraq müntəzəm kitab oxuyan insanlar effektiv ünsiyyət qurma bacarığına malik olur, təxminən, gün ərzində 30 dəqiqə mütaliə etmək qavrama qabiliyyətini artırır, başqaları ilə ünsiyyət qurmağa imkan verir, normal yuxu rejiminə kömək edir, stresi azaldır, qan təzyiqi və ürəyin fəaliyyətini yaxşılaşdırır, depressiya əlamətləri ilə mübarizə aparır, yaşlandıqca koqnitiv geriləmənin qarşısını alır və daha mənalı, daha uzun ömür sürməyə töhfə verir. 
    – Doğrudur, bu mövzuda sizinlə razılaşıram, əziz həmkarım. Hətta Çingiz Aytmatovun “Kassandra damğası” əsərində deyilir ki, uşaqlar dünyaya gəlməkdən, yaşamaqdan, həyatdan qorxur. Çünki yaşamın əsrarəngiz rəngləri olan kitabın sirlərini əldən verdikdən sonra itirdiklərindən gileylənir, fərqində olmadan bu anını hədər verir, unudur. “İnsan – keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır” söyləyirdi Çarlz Bukovski. Deyəsən, bu hikmətli fikrin üzərindən ötüb keçən zaman yalnız cansız əşyaları dəyişməyə qadir olub, insanların böyük əksəriyyəti isə elə öz xislətindədir... 
    Uzun və maraqlı keçən söhbətimizə ilk daxil olduğumuz kitab mağazasında davam edirik. Mağazaya daxil olduğumuzda dünya təcrübəsindən fərqli olaraq növbənöv ətir çeşidlərinin, büjiteriyaların yer aldığı guşə “salamlayır” bizi. Sözün açığı, paytaxt Bakıda öz oxucularına xidmət göstərən “Əli və Nino”, “Libraff” və digər böyük kitab mağazalarında mənzərə bu cür deyil. Yəni kitab mağazalarından yalnız və yalnız kitab əldə etmək olar, qeyrisi mümkün deyil. Lakin daxil olduğumuz bu ünvanda görünən odur ki, məqsəd yalnız kitab satışını həyata keçirmək deyil. Burada saat, ətir, eynək, hətta bəzək əşyaları belə əldə etmək mümkündür. Çox təəssüf ki, real mənzərə eynilə belədir. Yenə də şükür edirik ki, burada enerji içkiləri, tütün məmulatları və ərzaq malları satılmır, yoxsa insanlar kitab mağazalarında uzun növbədə durmalı olardılar!
    Mağazanın müxtəlif hissələrində bir böyük və iki kiçik kitab rəfi yerləşir. Böyük rəflərdə yer tutan, bəlkə də, minə yaxın kitabın hər biri ya türk ədəbiyyatı nümunəsidir, ya da xarici ölkələr ədəbiyyatından türk dilinə tərcümə edilmiş kitablar. Ən başdakı kiçik kitab rəfində isə Azərbaycan ədəbiyyatı nümunələri oxucularını gözləyir. Bu guşədə isə kitabların sayı iki yüzü keçə, ya keçməyə.
    Diqqətlə müşahidə edirik milli ədəbiyyatımızın bənzərsiz nümunələrini. Hələ min illər əvvəl Allahın insanlığa ərməğan etdiyi ən böyük nemətin – sözün qiymətini bilib ona böyük dəyər qazandıran dahilərimizin pıçıltısını, “Vəfa mənzilidir ən yaxşı mənzil” deyərək gənclərə nəsihət verən Xaqaninin təvazökarlığını, “Qılınc və Qələm”in qüdrətini, Cahandar ağanın “kişi” andına sədaqətini. 
    Xalqımızın tarixini, milli mənliyini yaddaşlara köçürən doğma ədəbiyyatımız, əbədi həyatımız, sən necə də doğmasan, əzizsən hər birimizə. Elə bu zaman sirli-sehrli dünyadan Narginin səssiz pıçıltıları eşidilir. Yox, yox, bu pıçıltı deyil. Bu, hüznlü və qürurlu Narginin hayqırtısıdır. İmdad hayqırtısı. Bu, türkə məzar olan Narginin göz yaşlarıdır, həm kədəri, həm qədəri birləşdirən məkanın qara taleyi, qaranlıq üzüdür. “Nargin – saralmış kədər” kitabı tariximizə tutulan həqiqət işığıdır. Bu sıralarda yer tutan Mirzə Kazım bəyin seçilmiş əsərlərindən ibarət ədəbi toplu da var. Müsəlman Şərqində ilk “Demidov” mükafatına layiq görülən ziyalı sözlərinin təravəti və tarixin reallıqları hopub bu əsərlərə. Onları oxuyub mütaliə edənlər bilər Mirzə Kazım bəyin və onunla bərabər xalqımızın maarifi, işıqlı sabahı yolunda çəkilən zəhməti və fədakarlıqları. Kitabsevərlər bütün vücudu ilə duyar bu ədəbi topluların nədən danışdığını, nə söylədiyini. Bəs qəlbi sinədəftər olub sözünü çatdıra bilməyən həmişəyaşarlar necə? Əsərləri kitabsevərlər tərəfindən axtarılan, amma tapılmayan əbədiyaşarlar necə? Axtarır gözümüz onları! Haradasan, Qara dənizdən Azərbaycanına boylanıb baxan, haqq sədası məğribdən ta məşriqə çatan Əhməd Cavadımız, qəribliyin hüznü və boğulmayan səsi olan Vətən həsrətli Almas İldırımımız, ey Təbrizi Təbrizlə qol-qanad görmək arzusuyla alışıb yanan Ulu Türkümüz. Gözümüz sizi axtarır kitabların sirli-sehrli dünyasında. Gözümüz axtarır öz sevdiyini əlçatmaz ucalıqda görən, ona “Çiçək olsan, dərib dəstə bağlardım, dərdiyimçün həsrətimdən ağlardım” söyləyən Mirvarid Dilbazinin söz çələngini, gözlərinin nuru ilə ərsəyə gətirdiyi qızıl qönçələrə öz acı taleyini toxuyan Ənvər Məmmədxanlının Sürəyyasını, vəfası, fədakarlığı ilə əbədi həyata qovuşan “Qaraca qızın” nakam həyatını, sevgilərini bir-birlərindən gizlədib daş körpü ilə tarixə yazan “Körpüsalanlar”ın Səriyyəsini. Haradasan ey kiçik hekayələrin böyük ustadı, hər hekayəsi özündə böyük mənaları əks etdirən Mirzə Cəlil yaradıcılığı? Məgər bu qədər əsərlər içərisində yer tapılmadımı sənin həqiqətlərinə? O həqiqətlər ki hər biri qəlbimizdəki fərqli düşüncələrə, duyğulara işıq tutur. Dədəmiz Qorqudun söylədiyi gəlimli-gedimli, bir ucu ölümlü dünyanın ədalətsizliyi, sərt üzü, nadanlığı, yaxşılığı, yamanlığı sənin yaradıcılığında sətir-sətir həkk olunur. İnkar etməkmi olar bu gün də öz reallığını qoruyub saxlayan acı həqiqətləri? Usta Zeynalın Vətən sevgisini, Məhəmmədhəsən əminin saflığını, saqqallı uşağın çöhrələrdə gülüş yaradan avamlığını, Novruzəlinin sədaqətini? Zeynəb xanım kimi zəhər şüşəsini qarşımıza qoyub ölümü yaşamaqdan üstün tutanlar, Qurbanəli bəy kimi maddi dünyanın yaxşı, amma utancverən üzü ilə qarşılaşıb, xar olanlar bizim keçmişimizin acı həqiqətləri deyilmi?! Bax bunlardan ibrət almaq üçün gözümüz hey axtarır səni, ustad. Bəs nəticə necə oldu səni axtardığımız kitab dükanlarında? “Bizdə Mirzə Cəlil yoxdur, Cəlil Məmmədquluzadə var” deyənlər də oldu, “ikisi də yoxdur” deyənlər də. Tapa bilmədik sizi bu rəngarəng dünyadakı kitablar arasında. Kimdən soraqlaşdıqsa, axtardıqsa, yoxdur...yoxdur...yoxdur cavabını eşitdik.
    Ünvandan ayrılıb söhbətimizə davam edə-edə növbəti kitab mağazasının yolunu tuturuq. İlk daxil olduğumuz mağazada istərdik ki, haqqında danışdığımız, adlarını çəkdiyimiz mənəviyyat dünyamıza işıqsaçan ədəbiyyatlarımızla bərabər, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Seyyid Əzim Şirvaninin, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Almas İldırımın, Abbas Səhhətin, Abdulla Şaiqin, Məhəmmədhüseyn Şəhriyarın, Məmməd Arazın və digər böyük şair və yazıçılarımızın seçilmiş əsərləri də olsun. Ancaq çox, təəssüf ki, bu gün muxtar respublikamızın kitab mağazalarında ya sifarişlə yazılan, ya şəxsi “həyat tarixçəsi”ndən danışan, ya da dedektiv janrında bayağı əsərlər yazan, tək məqsədi isə bununla gəlir əldə etmək olan “yazıçı” kitabları rəflərin bəzəyinə çevrilib. Bəlkə də, maraq dairəsi dedektiv janrında əsərlər olan bir gəncə Azərbaycan ədəbiyyatının ilk dedektiv əsəri hansıdır sualını versək, Cəmşid Əmirovun “Qara Volqa” əsərini tanımayacaq. Əminik ki, böyük bir qismi müasir dövrümüzün bir neçə başdansovdu yazarının adını çəkəcək. Çünki müşahidələr onu göstərir ki, bu cür kitabsevərlərin əksəriyyəti kütlə psixologiyası dediyimiz situasiya ilə hərəkət edir. Nəticədə, kriminal ədəbiyyat oxumağa maraq göstərib, milli ədəbiyyatımızın sirlərindən uzaq düşürlər. Hətta söhbət zamanı elə məqamlardan bəhs edib, elə mətləblərə toxunurlar ki, “Poçt qutusu”nun Novruzəlisi onların yanında avam yox, dahi olur. Bəs əvəzində nə oxuyurlar? Məqsədi, məramı pul olan bayağı roman sahiblərinin “ultrabənövşəyi macəraları”nı. Yeri gəlmişkən, qeyd edək ki, “Qara Volqa” əsəri Cəmşid Əmirov tərəfindən keçmiş sovet idarəçiliyinin tüğyan etdiyi bir dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin arxiv sənədləri əsasında yazılmış və cəmiyyətdə böyük rezonans yaratmışdır. Hə, nə deyirsiniz, əziz kitabsevərlər, belə əsərləri oxumağa dəyməzmi?
    – Fariz müəllim, yəqin ki, sizin də diqqətinizi çəkib: kitab mağazalarında niyə türk dilində ədəbiyyatlar üstünlük təşkil edir. Maraq, yoxsa təsadüf?
    –Müzakirə edilməyə dəyər bir mövzuya toxundun, Məcid. Bu gün Azərbaycan dilinə tərcümə olunan xarici ədəbiyyatlar bir çox hallarda üçüncü dildən tərcümə olunur. Bu gün oxucuların xarici ədəbiyyatlara, əksərən türk dilli ədəbiyyatlara üz tutmasının səbəbləri çoxdur. Düzgün tərcümə, mükəmməl dizaynlı nəşrlər və ən əsası da büdcəyə qənaət baxımından türkcə nəşrlərə daha üstünlük verilir. Yaradıcılıq duyumunda istedadın olması, sözlərin seçilməsi, məsuliyyət, çəkilən zəhmət və oxucunu hiss etmək nə qədər böyük rola malikdirsə, tərcümənin yüksək keyfiyyətdə edilməsi də bir o qədər vacib məqamdır. Burada nəşriyyatların üzərinə böyük məsuliyyət düşür. Təəssüflər olsun ki, son dönəmdə Azərbaycan dilində olan kitablarda ciddi redaktə səhvləri və uyğunsuz cümlələrə rast gəlinir. Və yaxud mənəvi tərbiyə baxımından heç bir əhəmiyyəti olmayan bu qəbildən olan kitabların kitab evlərinə sirayəti xoşagələn hal deyil. Adını kitab qoyub yararsız mətnlə oxucunu aldatmaq, bütün ziyalıların, qələm sahiblərinin vicdanını sızlatmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, daha çox qazanc əldə etmək üçün səhifəsi 50 qəpiyə kitab tərcümə etdirib, qeyri-ixtisaslı adamlara redaktə etdirib, korrektəni çap maşınına nəzarət edən adamın öhdəsinə buraxan nəşriyyatlar, əslində, öz imzalarına hörmətsizlik edirlər. Halbuki bu istiqamətdə dövlətimizin qəbul etdiyi müəyyən qaydalar var. Xüsusən də nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanununun V maddəsində nəşriyyat işinin sərbəstliyindən, sui-istifadənin yolverilməzliyindən bəhs edir. Bununla yanaşı, vicdanlı, dürüst, öz işinin peşəkarı olan nəşriyyat evlərinə rast gəldikdə ürəyimiz dağa dönür. Hətta bəzi nəşriyyatların uğursuz çap prosesi nəticəsində kitabların tez sıradan çıxdığını, vərəqlərinin qopub dağıldığının şahidi olmuşuq. Belə məqamlarda, ədəbiyyat seçimində oxuculara düzgün istiqamət vermək, onları maraq dairəsindən bir qədər kənara çıxıb milli ədəbiyyatımızın bənzərsiz nümunələrini, dünya klassiklərini oxumağa sövq etmək ən əsas məsələlərdəndir. Bunun üçün də kitabçılar satdıqları kitablardan məlumatlı olmalı, tövsiyə etməyi bacarmalıdır. Oxucu hər hansısa kitab barədə sual ünvanladıqda kitabçı dolğun cavab verməli, bədii ədəbiyyata qarşı maraq oyatmağı bacarmalıdır. 
    Gəlin ilk əmri oxumaqla başlayan kitablara təzim etməklə ucalmağı bacaraq. Nizaminin sirlərində öyüd, Nəsiminin hüruflarında söz olaq. Aşıq Ələsgərə qoşulub xalq ədəbiyyatında dastan, Ordubadinin qılıncında qələm, dumanında Təbriz, Şəhriyarın Araz həsrətli gözlərində qayıq olaq, Cavidin “İblis”indəki Mələk, Müşfiqin xəyalındakı Xəzər olaq. Hər birimiz bir kitabçı, hər birimiz kitab olaq. Biz oxuyaq onlar desin: “bizi oxu, bizi oxu”.

Fariz  ƏHMƏDOV
 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 08.09.2023 20:02