AZ EN RU

“Kitablardan pıçıltılar”

    Üzümüzə açılan günəşli gündüzlər, üzümüzə qapanan zülmət qaranlıqlar. Hər gecə sivilizasiyanın məhşərə danışdığı ölümsüz kitablar və hər səhər yeni ümidlərlə nəfəsi qoxan şəhər...Mən bu şəhərin aşiqi, mən bu kitabxanaların və kitabların vurğunuyam. 

    Yalqızlığın zamanda gecələdiyi pandemiya dönəmlərinə getdi xəyalım. Onlarla könüllü onlayn kitab müzakirəsinə qoşulur, oxucular böyük ümidlə zamansız və məkansız olaraq “kitablardan pıçıltılar”ı gözləyirdilər. Bizim oxucularla dostluğumuz və sevgimiz elə o zamandan başladı. Könüllülər, sözün əsl mənasında, kitabxanaya səfərbər oldu. Bəzən saatlarca ilişib qalmaqdı səhər saat doqquza, axşam saat on birə və hər gün yuxudan durarkən saralmış səhifələri oxuyub doymamaqdı kitab sevgisi. Sonra... sonra dərsdən əvvəl və sonra kitabxanalarda kitablarla söhbət etmək. Ümidlər daha çox kitab şəklində ortaya çıxır. Fransa sirri səthin ölçülərində axtaran kubist Pikassonu yetişdirəndə, İngiltərə həmin sirri səthləri yaradan atomların daxilində axtaran Ceyms Çedviki yetişdirdi. Onun neytronu kəşf etməsi XX əsrdə ilk dəfə nüvə enerjisindən istifadəyə yol açdı. Artıq möcüzə yaratmaq qüdrəti sənətin, dinin deyil, elmin əlində idi. Bu da əsərlərin deyil, müəlliflərin təkamülə uğramasına işarə edirdi. “Pikassonun uğuru və uğursuzluğu” kitabında Con Bercer Əndəlüslü rəssamın şöhrətini fransız və ingilis həmkarları Jan Fransua Mille və Con Everet Millenin, yaxud Çarli Çaplinin kinodakı şöhrəti ilə müqayisə edərək yazır ki, Pikassodan fərqli olaraq bu sənət adamlarını bütün dünyada əsərləri ilə tanıyırdılar, amma həmin dünyada Pikasso adını əzbər bilənlərin arasında onun hər hansı əsərinin adını xatırlayan yüz nəfərdən biri olar, ya olmazdı. 
    Əgər Viktor Hüqo adlı fransız yazıçısı olmasaydı, bir neçə il əvvəl yanıb kül olan Notr-Dam kilsəsinin halına yananların çoxu nə vaxtsa Parisdə belə bir kilsənin tikildiyindən xəbərsiz olacaqdılar. Ona görə yox ki, məşhur Hüqonun “Paris Notr-Dam kilsəsi” adlı əsəri var, ona görə ki, hələ XIX əsrin əvvəllərində Paris Şəhərsalma İdarəsinin məmurları uçub-dağılmış viranə görünüşü ilə Parisin gözəlliyinə “xələl gətirdiyi” üçün bu kilsəni sökməyə qərar vermişdilər. Xəbəri qəzetdən oxuyan Hüqo bu müqəddəs abidəni qorumaqdan ötrü altı ay ərzində məşhur “Paris Notr-Dam kilsəsi” romanını yazdı və romandakı “məhəbbət üçbucağı” parisliləri elə heyran qoydu ki, romanın nəşrindən sonra kilsənin qədim şöhrəti, “uçub-dağılmış” müqəddəsliyi sanki bir anda yenidən özünə qayıtdı.    
    Xalqın kilsəyə “yenidən doğulan” sevgisini görən məmurlar tarixi binanı sökməyə cəsarət etmədilər, çünki Hüqo Kvazimodonun Esmeraldaya olan sevgisi ilə İsanın “itkin düşmüş” ruhunu yenidən kilsəyə qaytarmışdı. 
    Realist yazıçı Mirzə Fətəli Axundov belə bir ideya irəli sürürdü: “Əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız”. İnsanları birləşdirən məkan və zaman yox, duyğular və hiss etdikləridir. Deməli, eyni duyğuları yaşayanlar, eyni məkanda öz hisslərini bölüşür, özlərini layiq olduğu yerdə tamamlayır. 
    Kitab deyərkən, ilk növbədə, hər birimizin ağlına bədii ədəbiyyat gəlir. İnsanın insan kimi formalaşıb şəxsiyyət kimi yetişməsində və müstəqil fikrə sahib olmasında oxumaqdan artıq nəyin rolu ola bilər ki?! Kitabların həyatımızdakı rolu danılmazdır. Əslində, onların ən böyük dəyəri bizə xəyal qurmağı öyrətməsindədir. Kitab xəyal gücü sərhədsiz olan alternativ dünyadır. Yaxşı kitabın mütaliəsi iz buraxdığı hər bir əşyada paslanır. Şüurumuzda kəlmələrin yeri qalır. Bugünkü düşüncələrə sahiblənməyimizə, həmçinin gələcəkdə həyatımızda verəcəyimiz qərarlara, atacağımız addımlara səbəb oxuduğumuz kitablardır. Kitab həm də insanın içində gizli qalan dəyərləri üzə çıxarmaq, daha da cilalamaq, doğru yolu göstərmək xüsusiyyətinə malikdir.
    Hər bir oxucunun öz kitab dünyası ilə bağlı saysız-hesabsız xatirəsi, arzusu var. Eko və Karyerin “Kitablardan qurtula biləcəyinizi sanmayın” kitabında deyilir: “Kitab eynilə qaşıq, çəkic, təkər və ya qayçı kimidir. Bir dəfə icad etdikdən sonra daha yaxşısını düzəldə bilməzsiniz”. Yaşadığımız zaman kəsiyində informasiya-kommunikasiya texnologiyalarının inkişafı bizə kağız kitabların alternativlərini təqdim edir ki, onların da üstünlüklərini danmaq olmaz. Kitab oxumaq texnologiyanın yeniliklərinə qapalı olmaq yox, əksinə, ona bir az da yaxın olmaqdır. İctimai nəqliyyatda kitab oxumaq imkanından məhrum olduğumuz vaxt telefondan səsli kitab dinləməyin nəyi pisdir ki? Yaxud kitabxana və mağazalarda tapa bilmədiyimiz kitabları internetdən pdf-ni endirib oxumaqla nə qədər irəli düşdüyümüzü necə dana bilərik? Bununla belə insanın təbiətən sevdiyinə toxunmaq, yaxud toxunduğunu daha çox sevmək kimi bir cəhəti də var – vərəq-vərəq çevirdikcə toxunduğumuz, oxuduqca qoxusunu hiss etdiyimiz kitablar bizə daha əzizdir. Oxuyub kiməsə, yaxud kitabxanaya qaytarmalı olmadığımız kitablar isə özündə mütaliə zamanının enerjisini, ruhunun qırıq-tökük xatirələrini daşıyır. Onları müəyyən müddət sonra götürüb vərəqləyəndə sanki eyni hadisələri, hissləri təkrar-təkrar yaşamış oluruq.
    Karlos Mariya Domingez “Kağız ev” povestində yazır ki, Hessenin “Demian” əsəri sayəsində minlərlə gənc hinduizmə tapındı, Heminquey onları idmançılara çevirdi. Düma minlərlə qadının həyatını alt-üst etdi və həmin qadınları kulinariya kitabları xilas etdi. Bəşəriyyətin kitablara münasibəti hər zaman ziddiyyətlərlə dolub-daşıb. Hegel fəlsəfəsi bizə öyrədib ki, təbiətdə hər şey öz ziddi ilə mövcuddur. Həyat boyu belə də davam edəcək. Xeyirlə şərin mübarizəsi kimi. Makedoniyalı İsgəndər Əhəməni imperiyasına hücum edərkən minlərlə kitabın saxlanıldığı, arasında “Avesta”nın da olduğu kitabxananı yandırdı. Yuli Sezarın hücumu nəticəsində İsgəndəriyyə kitabxanası yandı, deyilənlərə görə, kitabxanada 700 min kitab var idi. Nasistlər Almaniyada hakimiyyətə gələrkən “Cinsi münasibətlərin araşdırılma institutu”nun kitabxanasını, arxivini yandırdı. Şri-Lankadakı Caffna xalq kitabxanasında 1981-ci ildə səbəbi bilinməyən yanğın nəticəsində 90 min kitab məhv oldu. 1984-cü ildə kitabxana yeniləndi, təmir olundu, ancaq xalq arasındakı silahlı toqquşmalar zamanı kitabxana döyüşçülərin iqamətgahına çevrildi və bir daha dağıldı, xarabalığa döndü. 2004-cü ildə hökumətin və xeyirxah adamların dəstəyi nəticəsində kitabxana yenidən istifadəyə verildi. Misirin “Bilgi məbədi” Ərəb baharı zamanında atılan Molotov kokteyllərinə görə yandı. Tarixdə bir çox hökmdarların hücumları nəticəsində kitabxanalar yandırılıb, minlərlə kitab məhv edilib. Ancaq sonra kitabxanaları yandıran həmin hökmdarlar haqqında yüzlərlə, minlərlə kitablar yazılıb. Kitab yandıran adamlara kitablar həsr edilib. 
    Amerika yazıçısı Donald Bartelmin də dediyi kimi: “Sənət ona görə çətin deyil ki, çətin olmağa çalışır, ona görə çətindir ki, (incə) sənət olmağa can atır. Son nəfəs qədər incəlir, içi büsbütün həsrət, qüssə və dərdlə dolu nəfəs qədər”.
    Qışda çantamızda, yayda bağrımızın başında daşıdığımız kitablara əyilərək qalxa bilərik layiq olduğumuz yerə. Kitabların içində yaşamaq qəribə hissdir, səni heç zaman tərk etmir. Kitab olan adamlar da var, tək-tük. Hərdən öz-özünə açılır, örtülür, hərdən də başını dik tutub gəzdiyi yerdə içindən yıxılır və durmur.     
    Gəlin ruhumuzun səssizliyini eşidib pıçıltılarımızı dualarımız ilə bu mavi məbəddə Allaha çatdıraraq “kitab adam” olaq. Bizi bizə oxuyan kitablara əyilərək ucalmaq varkən bu yolla məğrurlaşaq. Gəlin bizim olana nəfəs olaq, can olaq. Ramiz Rövşənə hər gün yeni bir “nəfəs”, İlqar Fəhmiyə hər gecə “misra-misra” elegiya, Mir Şahinə “Heç nə haqqında hər şey” olaq. “Ovod”a ümid, “Sevil”ə azadlıq, “Dumanlı Təbriz”ə Günəş olaq. Hər birimiz bir Qutenberq, hər birimiz bir kitab olaq. Biz oxuyaq, onlar desin: bizi oxu...bizi oxu!!!

Fariz ƏHMƏDOV
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru

Nəşr edilib : 01.05.2023 19:40