AZ EN RU

“Kitabi-Dədə Qorqud” boylarında Qərbi Azərbaycan

    Ermənilərin yaşadığı indiki Ermənistan ən qədim dövrlərdən ulu oğuz-türk yurdunun bir bölgəsidir. Azərbaycanın bu bölgəsində də soydaşlarımız qədim mədəniyyət, zəngin ozan-aşıq sənəti, o sıradan qəhrəmanlıq və məhəbbət dastanları yaratmışlar. Bunlar da Qərbi Azərbaycanın oğuz-türk torpaqları olduğunu göstərən tarixi-coğrafi, ədəbi-mədəni qaynaqlardan biridir. Xalqımızın qəhrəmanlıq eposu “Kitabi-Dədə Qorqud” isə daha mötəbər bir mənbədir.
    “Kitabi-Dədə Qorqud” boylarında əks olunmuş bir çox hadisələr Qərbi Azərbaycanın Göyçə, Qarabağ, Dərələyəz, İrəvan çuxuru, Zəngəzur və bunlara yaxın olan ərazilərdə baş vermişdir. Qara dənizdən Qafqaz dağları və Xəzər dənizinə,  Dəmir qapı Dərbənddən Trabzona, cənubda Suriya sərhədlərinə, şərqdə Mil-Muğan ərazisinə qədər böyük bir coğrafiya həm də dastanın coğrafi məkanıdır. “Kitabi-Dədə Qorqud”un əsas araşdırıcılarından biri  akademik V. Bartold vaxtilə Qorqudun adı ilə bağlı bu epik silsilənin Qafqaz mühiti və Azərbaycan türkləri ilə bağlı olduğu fikrini söyləmişdir. Dastanın “Qanlı qoca oğlu Qanturalı boyu”nda oğuzların Ağqoyunlu Boyundan olan Qanturalı Trabzonlu qızı Selcan xatunla ailə qurur. Ağqoyunluların sonralar mərkəzi Diyarbəkir olan müstəqil Oğuz dövlətini idarə edən Bayandurlar sülaləsi idi. Qərbi Azərbaycanda onlarla kənd və yer-yurd adları bu sülalə ilə və “Kitabi-Dədə Qorqud” boylarındakı adlarla bağlıdır. Bunlar açıq-aydın şəkildə Qərbi Azərbaycanın oğuz-türk yurdu olduğunu sübut edir. Boylardan  da göründüyü kimi, oğuzların Azərbaycanda qışlaq yerləri Mil-Muğan düzü, yaylaq yerləri isə daha çox Qarabağ, Zəngəzur və Göyçə ətrafı ərazilər idi. Bu yaylaqlardan biri də eposda adıçəkilən Şirokuz, indiki Şirak yaylasıdır. 
    Professor Süleyman Məmmədov yazır: “Tədqiqatlardan məlumdur ki, hələ V əsrdə Muğanda sakin olmuş hunlar ərəblərin “balasaqun” adlandırdığı Ağ-hun (Böyük hun) şəhərini salmışlar. Beləliklə, “Kitab-Dədə Qorqud” oğuzları ilə XI əsr oğuzlarının yaxınlığını göstərən belə mövcud dəlillər, onların eyni coğrafi koordinatda fəaliyyət göstərdiyi barədə fikir söyləməyə imkan verir. Çünki “Kitabi-Dədə Qorqud” boylarında XI əsrə qədərki Şimali və Qərbi Azərbaycan mühitinin inikası vardır”. 
    Qərbi Azərbaycanda “Kitabi-Dədə Qorqud” boylarında Oğuz yurdu kimi adıçəkilən yerlərdən biri Göyçə mahalıdır. 1747-1828-ci illərdə İrəvan xanlığında mahal olmuş Göyçə cənubda Ağlağan təpəsi, Çənlibel dağları, Səlimgədiyi, şimalda Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. 

    Dastandakı Oğuz eli Oğuz dövləti deməkdir. Ölkədəki siyasi idarəçilik Bayandur xana məxsusdur. Oğuzlardakı iki hakimiyyət qanununa görə, ölkəni, əsasən, xaqanın müavini Qazan xan idarə etmişdir. Oğuz eli İç Oğuzla Dış Oğuzun birliyindən ibarətdir. İç Oğuz siyasi mərkəz olmaqla Kürlə Araz çaylarının arasını və ətrafını tutan  Aran, Mil-Muğan, Qarabağ torpaqlarını, Dış Oğuz Azərbaycanın qalan tarixi bölgələrini, o sıradan Dərbənd, Göyçə, Vedibasar, Dərələyəz, Diyarbəkir, Bayburd, Naxçıvan və sair əhatə etmişdir.

     Görkəmli qorqudşünas alim M. Təhmasib yazırdı: “Kitabi-Dədə Qorqud” boylarında oğuzların Orta Asiya dövrləri ilə dumanlı bir şəkildə səsləşmələr olsa da, dastan tam, bitkin, bədii əsər olaraq Azərbaycanda yaranmışdır. Təbii ki, bu qəhrəmanlıq eposu Qafqaz və Ön Asiyada yaşayan türklərin qədim etnik mədəniyyəti və tarixinin öyrənilməsində əvəzsiz bir mənbədir. Ona görə bu ədəbi abidəyə tez-tez müraciət olunmuş, dəyərli fikirlər söylənilmişdir. Tarixçi-alim Y.Mahmudov “Kitabi-Dədə Qorqud” boyları ilə bağlı yazır ki,  oğuzçuluğun real tarixi bundan ibarətdir ki, Azərbaycan əski dövrlərdən ümumtürk məkanının tərkib hissəsi olub, böyük Türk dünyasının şimalını cənubu ilə, şərqini qərbi ilə birləşdirən körpü rolunu oynayıb. 
    “Kitabi-Dədə Qorqud” dastanınn əsas coğrafi arealı Qafqaz və Ön Asiya ərazisidir. Sovet rejiminin 1960-cı illərdə yumşaldığı dövrdən başlayaraq professor M. Təhmasib eposla bağlı bir çox məsələlərin düzgün elmi şərhini vermişdir. Bu şərhlərdən birində o “Şimali Qafqaz dastançıları miladdan əvvəlki XIII-VII əsrlərdə oğuzları yaxşı tanıyırmışlar” qənaətinə gəlməklə Qafqazda oğuzçuluğun çox qədim tarixi olduğunu söyləmişdir. Görkəmli alim bununla Qafqazın qədim oğuz-türk yurdu olduğunu bir daha göstərmişdir. Bu faktların davamı və təsdiqi olaraq böyük dilçi alim Ə.Dəmirçizadə yazırdı ki, bizim eradan  sonrakı əsrlərdə Orta Asiyadan gələn Oğuz tayfaları Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamış yerli oğuzların nəsilləri ilə rastlaşmış və onlarla  qaynayıb-qarışmışlar. Professor Ə.Dəmirçizadə də  bu fikrilə Qafqazın, o sıradan Azərbaycanın eramızdan əvvəlki minilliklərdən oğuz-türk yurdu olduğunu təsdiq etmişdir.  
    Qədim türklərin aramsız oturaq məkanı olan gözəl iqlimi, səfalı yaylaqları və qışlaqları olan Qafqaz regionunda ümumtürk  mədəniyyəti daha erkən formalaşmış, Azərbaycan türklərinin bir xalq kimi təşəkkülü də bu regionda baş vermişdir. Nəticədə, Zaqafqaziyada, o sıradan Azərbaycanda (şimallı-cənublu) və Şərqi Anadoluda böyük türk toplumlarının işlətdiyi ümumtürk danışıq dili formalaşmış, “Kitabi-Dədə Qorqud” boylarının vahid dastan kimi təşəkkülü başa çatmışdır. 

    Elmi ədəbiyyatlarda oğuzların qədim Azərbaycanın İrəvan çuxuru, Göyçə, Dərələyəz, orta Araz hövzəsi, Naxçıvan, Zəngəzur bölgələrilə sıx tarixi-coğrafi bağlılığı haqqında az danışılmayıb. Xüsusən qorqudşünaslardan Ş. Cəmşidov, M. Təhmasib, S. Əliyarov, sonralar coğrafiyaşünas S. Babayev və bu sətirlərin müəllifi əsərlərində bu barədə fikirlər söyləyiblər.

    Eposda  Şərur, Dərəşam, Dərəşam suyu, Əlincə qalası, Qara dərə, Köksü gözəl, Qazangöl, Qazangöl dağı və başqa tarixi-coğrafi obyektlərin olduğu göstərilir. Köksü gözəl  Zəngəzur silsiləsindəki Salvartı dağında və Qırxlar dağı yaxınlığında səfalı bir yaylaqdır. Zəngəzur dağ silsiləsinin  bu səfalı guşələri də “Kitabi-Dədə Qorqud” boylarında əksini tapmışdır.
    Türkiyədəki Ağrı dağı eposda “Arqubeli”, orta Araz ovası “Sürməli eli” şəklində xatırlanır.  XIX yüzillikdə Sürməli mahalı adlanan bu bölgə İrəvan xanlığının cənub qurtaracağında Araz çayının sağ sahili boyunca uzanırdı. Həmin vaxt bu mahal şimal və şimal-şərq və şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ  silsiləsi və Maku xanlığı ilə, qərbdən isə Dərəkənd-Parçeniş mahalı ilə həmsərhəd idi. Sürməli mahalının ərazisi İğdır vilayətinin ərazisinə uyğun gəlir. 
    Oğuzlar Göyçə gölü və Qərbi Arpaçay arasındakı dağları “Alagöz” yaylaqları adlandırırdılar.  Ərdəbil şəhəri yaxınlığındakı Savalan dağının adını da oğuzlar vermişdir. 
    Qərbi Azərbaycanın Göyçə, Şirak yaylaları, Sürməli,  Zəngəzur, Dərəşam, Əlincə qalası əraziləri  eposun “Uşun Qoca oğlu Səgrək boyu”ndakı hadisələrin əsas məkanıdır. Adıçəkilən boya görə, Uşun Qocanın “Əkrək” adlı oğlu Qazan xanın iznilə 300 nəfərlik dəstə ilə Şirokuz kənarından Göyçə dənizədək yürüşə çıxdı. Əkrək Əlincə qalasına və onun yanındakı qoruğa düşdükdən sonra Qara təkurun altı yüz nəfərlik dəstəsi hücüm edib onları qırdı və Əkrəyi Əlincə qalasında dustaq etdi. Əkrəyin qardaşı Səkrək izin alıb qardaşını əsirlikdən qurtarmaq üçün yola çıxdı.    
    Beləliklə, “Uşun Qoca oğlu Səgrək boyu”na görə, Səgrək  Göyçə dəniz  ətrafından çıxaraq Şirak yaylası, Ağrı və Ala dağların ətəklərindən keçərək  Dərəşam məntəqəsində Araz çayını keçib Əlincə qalasına çatır və  qardaşı Əgrəyi dustaqlıqdan azad edir. Adıçəkilən boyda tarixlə səsləşən məqamlar çoxdur. Bunlardan birincisi  Səgrəyin səfərə  başladığı Göyçədən Əlincə qalasına  qədər adları çəkilən yerlər, göl, çay, dağ və yaşayış məntəqələri Oğuz elinə aiddir. Onuncu boydakı Uşun Qoca da tarixi şəxsiyyətdir. O, Uşun tayfasındandır. Uşun miladdan öncəki yüzillikdə yaşamış “Uşun”, yaxud “Usun” adlı türk etnosunun adıdır. Digər tərəfdən, boyda Əlincə qalasında  oğuz türklərinin “kafir” adlandırdığı  “qaradonlular” kimlərdir?
    Qeyd edək ki, Dədə Qorqud Məhəmməd Peyğəmbərlə görüşdükdən sonra oğuzlar İslam dinini qəbul etmişlər. Əlincə qalası ilə bağlı boyda əks olunmuş hadisə Məhəmməd Peyğəmbərdən sonrakı dövrlə  səsləşir. Tarixi məlumata görə,  Ağqoyunlu dövlətinin banisi Qara Yülük Osman bəyin nəsil şəcərəsinin 14-çü babası Şəktur xan ərəb xəlifəsi Məmunun müasiri və Əlincə qalasını öz tabeliyinə almışdır. Bundan başqa, Əlincə qalası xəlifə Harun ər-Rəşidin müasiri olmuş Oğuzun nəsil şəcərəsinə daxil olan Qıpçaq xanın da tabeliyində olmuşdur. Bu məlumatlar göstərir ki, Harun ər-Rəşidin müasiri olmuş Qıpçaq xan Əlincə qalasını aldıqdan sonra bu bölgə xristian qıpçaqların əlində idi. Beləliklə, Əlincə qalası Qıpçaq xanın tabeliyində, təxminən, Harun ər-Rəşidin hakimiyyətdə olduğu 786-809-cu illər arasında, xəlifə Məmunun müasiri Şəktur xanın öhdəsində isə 833-cü ildən sonra olmuşdur. Deməli, Əgrəyin Əlincə qalasında dustaq olduğu və qardaşı Səgrək tərəfindən azad edildiyi, təxminən, VII əsrin sonlarına, yaxud VIII əsrin 30-cu illərindən sonraya təsadüf edir. Boyda “kafir” adlandırılanlar o vaxt  İslamı hələ qəbul etməmiş qıpçaq türkləridir. Aydın olur ki, Səgrək Əlincə qalasına gələrkən qala İslamı qəbul etməmiş xristian qıpcaqların tabeliyində idi.  

    Beləliklə, “Kitabi-Dədə Qorqud” boyları ilə bağlı hadisə, əhvalat və məlumatların araşdırılması göstərir ki, Qərbi Azərbaycan bölgəsi eposun əbəbi-mədəni, tarixi-coğrafi mühitində əsas yer tutur. Bu onu da göstərir ki, indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycan torpaqları Azərbaycanın əzəli, tarixi ərazisi, Qafqazda fəaliyyət göstərmiş qədim oğuz-türk yurdunun tərkib hissəsidir.

Yusif SƏFƏROV
Naxçıvan Müəllimlər İnstitutunun professoru, 
 filologiya elmləri doktoru

Nəşr edilib : 16.11.2023 20:23