AZ EN RU

Kitaba hörmət xalqın mədəni inkişafını nümayiş etdirən amillərdəndir

23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür

    YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir. 
    Kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir. Əfsanələr, əsatirlər, rəvayətlər, qəhrəmanlıq dastanları, əmək mahnıları əvvəllər şifahi formada yayılmış, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatmışdır. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir. Kitabın insan həyatına daxil olması, kitabların çoxalması həm də müəlliflik hüququnun yaranması zərurətini meydana gətirmişdir. Orta əsrlərdə Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasını yaratmışlar.

    “Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniyyəti, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz – intellektual potensialımız da var. Dahi insanlarımız Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”, – deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirmiş, kitab nəşri və müəlliflik hüququ sahəsində böyük işlər həyata keçirilmişdir.

    Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyatlar yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmış, yaradıcı insanlara hərtərəfli qayğı göstərilmişdir. Müstəqillik illərində isə ulu öndər Heydər Əliyev tərəfindən kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər görülmüşdür. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmış, Azərbaycan Respublikası “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa başlamışdır. 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də ölkə Prezidentinin 2017-ci il 6 sentyabr tarixli “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agent­liyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı müəllif hüquqları sahəsində sistemli tədbirlərin həyata keçirilməsinə yeni imkanlar açmışdır. 
    Bu gün Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Görülən işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. YUNESKO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.
    Xalqımıza böyük yaradıcı şəxsiyyətlər bəxş edən qədim Naxçıvan diyarında kitab nəşri və müəllif hüquqlarının qorunması sahəsindəki tədbirlər uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə görülən işlərin əhatə dairəsi genişlənir. “Kitabxanaya və kitablara olan diqqət hər bir ölkə­nin inkişaf və tərəqqisində başlıca şərtdir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə son illər muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə şərait yaratmışdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan şəhərində Kitab Evi fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublika Kitabxanasının binası əsaslı şəkildə yenidən qurularaq elektron kitabxana sistemi istifadəyə verilmişdir. Hazırda Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası üçün yeni bina tikilir, Şərur Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binasında isə əsaslı yenidənqurma işləri davam etdirilir.
    Qədim diyarımızda təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunun göstəricisidir. Muxtar respublikanın paytaxtında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmiş, müvafiq kateqoriyadan olan insanların mütaliəsi üçün lazımi şərait yaradılmışdır.
    Bu gün muxtar respublikada kitabxanaların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Ötən il muxtar respublikanın mədəniyyət ocaqlarına 2 minə yaxın kitab və çap məhsulu daxil olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kənd­lərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Bu da insanların kitaba olan marağının artmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğı və himayəsi sayəsində nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan xanlığı”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvan tikmələri”, ‘‘Uşaqlar və Günəş”, “Naxçıvan mətbəxi”, ‘‘Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan muzeyləri”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı –  2018”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, “Pedaqoji fikir tarixindən”, “Naxçıvanın xüsusi mühafizə olunan təbiət əraziləri”, “Yallılar dünəndən bu günə” və başqa kitablar tariximizin və milli dəyərlərimizin, eləcə də görkəmli şəxsiyyətlərimizin həyat və yaradıcılığının öyrənilməsində əvəzsiz rola malik dəyərli elmi mənbələrdir. 
    Muxtar respublikada müasir nəşriyyat və mətbəələrin fəaliyyət göstərməsi bu sahənin inkişafında mühüm rol oynayır. Naxçıvanda yaşayan yaradıcı şəxslər bu gün kitab nəşri sahəsində heç bir çətinliklə üzləşmirlər. Bütün bunlar isə müəllif hüquqlarına və kitab işinə göstərilən qayğının bariz nümunəsidir.
    Uşaq və gənclərdə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəzsiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Bu Sərəncam muxtar respublikamızda yüksək intellektual səviyyəyə malik nəslin formalaşdırılmasında, eləcə də mütaliə vərdişinin aşılanmasında mühüm əhəmiyyətə malikdir. Siyahıda yer alan kitablar yeniyetmə və gənclərin hərtərəfli inkişafına, gənc nəsildə vətənpərvərlik tərbiyəsinin, tarixə, milli kökə bağlılığının və siyasi dünyagörüşünün möhkəmləndirilməsinə, ailədə və ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.

    İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində kitab və mütaliənin rolu mühüm əhəmiyyət kəsb edir. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir. Ona görə də kitablar bəşəriyyətin mənəvi qidası kimi bütün zamanlarda gərəkli olacaq, tərəqqi və intibaha xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 22.04.2022 23:50