AZ EN RU

Kitab uğurlu gələcəyə aparan yoldur

Kitab insan həyatının ayrılmaz parçası, gələcəyə aparan yoludur. Dünyaya ilk göz açdığımız gündən etibarən kitabların bizə bəxş etdiyi dünya ilə böyüyürük. İndi deyəcəksiniz ki,  yazmağı, oxumağı, danışmağı belə bilməyən yeni dünyaya gəlmiş körpə necə kitablarla böyüyə bilər? Bəli, belədir! Çünki, körpə ağladığı zaman ananın laylası ilə, onu oxşadığı zaman oxşaması ilə, dizləri üstündə yırğalayıb uyutduğu  zaman isə danışdığı şirin nağılları ilə böyüdür. Bəs laylalar, oxşamalar, nağıllar məhz kitabların bizə bəxş etdiyi nemət deyilmi? Əlbətdə belədir,  biz axı laylaları, oxşamaları , nağılları təkcə analarımızdan və nənələrimizdən deyil, həm də  kitablardan öyrənmişik, bunu necə unuda bilərik. Axı bizə bu nağılları deyən analarımız da elə bu nağıllarla böyüyüb.  Onlar da kitablardan oxuduqları nağılları, hekayələri, bizə öyrədib. Və  nəhayət onlar sayəsində böyüyüb elm ocağı olan məktəbə gedirik.  Beləliklə, bizim elimə olan ilk addımımız başlayır və bununla biz bizi gələcəyə, uğurla aparan kitablarla tanış oluruq. Kitablar və müəllimlərimiz sayəsində oxumağı, yazmağı, hərifləri və rəqəmləri öyrənirik.  Zaman keçdikcə biz  keçmişimizi öyrənmək üçün  tarix, şair və yazıçılarımızın həyatını, yaradıcılığını, yazdıqları kitabları  öyrənmək üçün ədəbiyyat, yaşadığımız yeri, məkanı, bizi əhatə edən mühiti, landşaftı, yerləşdiyimiz  mövqeyimizi öyrənmək üçün coğrafiya, gəzdiyimiz torpağı, aldığımız havanı isə kimya dərsliyi, yəni kitabı sayəsində öyrənirik və ən önəmlisi sadaladığım bu kitablardan birbaşa , yaxud da dolayısı yolla həyatı öyrənirik.   Bu dərsliklərlə yanaşı biz məktəb və  ümumi kitabxanalardakı  kitablardan elmi, bədii əsərlər oxuyuruq. Bədii kitablar bizim söz ehtiyatımızın, düşüncəmizin, fantaziyamızın  güclənməsinə  kömək edir.

   Onu da qeyd edək ki, hansı peşə ilə məşgul olursan ol, ünsiyyət hər bir sahədə gərəklidir. Buna görə də düzgün və səlis nitq çox vacibdir. Qarşındakı adama nə isə demək və tam əksinə onun sənə dediyini yaxşı anlamaq üçün düzgün danışıq vacib sayılır. Ən birincisi isə düzgün nitq məhz jurnalistika peşəsi üçün vacibdir. Çünki jurnalistlər digər peşə adamlarından  fərqli olaraq gün ərzində müxtəlif insanlarla daha çox qaşılıqlı münasibətdə olur. Jurnalistlər üçün düzgün nitq su və çörək qədər vacib sayılır. Onlar hər an, hər dəqiqə çalışaraq insanlara məlumat və informasiya çatdırırlar. Əgər nitq səlis və düzgün deyilsə informasiyanı anlamaqda çətinlik çəkən  insanlar bunu yaxşı başa düşməyəcək və həmin jurnalistə, onun hazırladığı materiallara maraq olmayacaq.

 Bunun baş verməməsi üçün gərək jurnalist  gərək tez-tez mütaliə edə, daha çox kitab oxuya ki, nitqi səlis və anlaşıqlı olmaqla, həm də   söz bazası zənginləşsin. Oxuduğumuz bu kitablar aydın nitqlə yanaşı, qeyd etdiyimiz kimi, gözəl düşüncə bacarığı da bəxş edir. Bu oxuduğumuz bədii , elmi əsərlər bizim  dünya görüşümüzü artırır.  Gələcəyə ümidlə baxmağı, həyatda hər zaman qarşına çıxacaq olan pisi yaxşıdan, səhvi düzdən, doğrunu yalandan  ayırmağı, lazım gələndə xoşagəlməzliklərlə  mübarizə aparmağı öyrədir.    Ən əsası bu kitabların verdiyi biliklərin nəticəsində əldə etdiyimiz təcrübə sayəsində ayaqlarımız üzərində möhkəm və yenilməz şəkildə  dururuq.
 

Səkinə Bağırova

Naxçıvan Dövlət Universiteti Jurnalistika  ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 25.04.2022 17:08