AZ EN RU

Kitab təqdimatı olub

    AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin özbək şairi Məhəmməd Salihin cağatay türkcəsindən ana dilimizə tərcümə etdiyi “Şeybaninamə” poemasının təqdimatı keçirilib.
    Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əvvəlcə özbək şairi Məhəmməd Salih və onun “Şeybaninamə” məsnəvisi haqqında fikirlərini bölüşüb, Məhəmməd Şeybani xanın tarixdəki yerindən danışıb.
    Bölmə sədri belə şəxsiyyətlərə həsr olunmuş əsərlərin tarixi keçmişin öyrənilməsinə təsirindən, eləcə də həmin əsərlərin ana dilimizə tərcüməsinin əhəmiyyətindən söz açıb, professor Əbülfəz Quliyevin tərcüməçilik fəaliyyətindən, bu günədək nəşr olunan əsərlərindən bəhs edib.
   İsmayıl Hacıyev yeni nəşri Azərbaycan-özbək ədəbi əlaqələrinin möhkəmləndirilməsinə növbəti töhfə kimi qiymətləndirib.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tədbirdə “Azərbaycan-özbək ədəbi əlaqələri və AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərcüməsində “Şeybaninamə” məsnəvisi” mövzusunda məruzə edib.
    Alim Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi, həmin əlaqələrin sonrakı inkişafı və orta əsr özbək ədəbiyyatının seçilən nümayəndələri haqqında məlumat verib. Məruzəçi problemin ədəbiyyatşünaslıqdakı yerindən bəhs edərək bir sıra tədqiqatçıların mövzu ilə bağlı araşdırmalarını diqqətə çatdırıb.
    Ramiz Qasımov professor Əbülfəz Quliyevin tərcüməsində anadilli oxuculara təqdim olunan əsəri əhatəli təhlil edib. 
    Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Şeybaninamə”də tarix: faktlar və toponimlər” adlı məruzə edib.
    Əvvəlcə poemada əksini tapan tarixi hadisələri diqqətə çatdıran alim Avropa səyyahlarının XII-XVI əsrlərə aid əsərlərində Azərbaycan dilinin işlədilmə arealı, türk xalqları arasındakı ədəbi-mədəni əlaqələr barədə, “Şeybaninamə”də qeyd olunan adlardan bir çoxunun etimologiyası haqqında müfəssəl məlumat verib. Məruzəçi türk tayfalarının qədim tarixindən, bu bilgilərin daha geniş oxucu kütləsinə çatdırılmasında AMEA-nın müxbir üzvü  Əbülfəz Quliyevin xidmətlərindən söz açıb.
    Sonda çıxış edən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev əsərlə ilk tanışlığı, onun tərcümə variantları ilə bağlı fikirlərini dinləyicilərlə bölüşüb, təqdimat mərasiminin təşkilinə və fəaliyyətinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür edib. 

AMEA Naxçıvan Bölməsinin
 mətbuat xidməti

Nəşr edilib : 08.06.2023 19:03