AZ EN RU

Kitab təqdimatı keçirilib

    AMEA Naxçıvan Bölməsində “Kəmalə: taleyi və sənəti” kitabının təqdimatı keçirilib.
    Tədbiri açan bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev diqqətə çatdırıb ki, İnstitutun ədəbiyyatşünaslıq şöbəsi tərəfindən nəşrə hazırlanan “Kəmalə: taleyi və sənəti” kitabı isə şairənin ədəbi irsinin təbliğinə və öyrənilməsinə növbəti töhfədir.
    Təqdimat mərasimində “Şairə Kəmalənin bədii irsinin öyrənilməsində yeni səhifə” mövzusunda məruzə edən professor Əbülfəz Quliyev qeyd edib ki, “Taleyi və sənəti” seriyasından kitablar AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə nəşrə başlanılmışdır. Təqdimatı keçirilən yeni kitab da bu seriyanın sayca 16-dır.
    Məruzəçi şairə Kəmalənin həyatı, əmək fəaliyyəti və çoxşaxəli bədii yaradıcılığı haqqında əhatəli məlumat verib. Vurğulanıb ki, “Taleyi və sənəti” seriyasının əvvəlki nəşrlərində olduğu kimi, yeni kitabda da dəyərli tədqiqat mövzularından ibarət məqalələr yer almışdır. Yeni nəşr Naxçıvan yaradıcılıq məktəbinin tanınmış nümayəndəsi Kəmalənin həyatı, yaradıcılığı, tərcüməçilik, publisistik, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat qaynağıdır.
    Kitab filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun tərtibçiliyi, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin rəyi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun elmi məsləhətçiliyi və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairənin oğlu Ələkbər Qasımovun elmi redaktorluğu əsasında ərsəyə gəlmiş, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda çap edilmişdir.
   İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov təqdimat mərasimindəki məruzəsində rəhbərlik etdiyi şöbənin 2022-ci il üzrə fəaliyyətinə nəzər salıb. Bildirib ki, yeni nəşrə daxil edilmiş elmi məqalələrdə şairənin nəğməyə çevrilmiş incə ruhlu poeziyası, dünya ədəbiyyatından dilimizə tərcümə etdiyi əsərlər araşdırılmışdır.
    Kitabın sonunda müəllifin zəngin və səmərəli həyatından fotolar oxuculara təqdim olunmuş, yaradıcılığına həsr olunmuş şeirlərdən nümunələr verilmişdir.
    AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, Ələkbər Qasımov tədbirdə çıxış ediblər. Çıxışlarda Kəmalə Ağayevanın teatr fəaliyyəti, habelə şairənin Əlyazmalar Fondunda qorunan şəxsi arxivi barədə danışıb. Şairənin oğlu İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Ələkbər Qasımov Kəmalənin yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlıq edib.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 27.01.2023 20:32