AZ EN RU

Kitab oxumağı necə sevdirək?

“Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”, – deyiblər. Bu gün kitab oxumaq bir qrup insan üçün maraqlı məşğuliyyət olsa da, kitab oxuyanların sayı əvvəlki illərlə müqayisədə azalıb. Məsələyə qlobal müstəvidə yanaşdıqda məlum olur ki, dünyada da kitaba olan tələbat azalıb. Bunun bir səbəbi yeni texnologiyaların böyük sürətlə həyatımıza daxil olması, düşüncələrimizə nüfuz etməsidirsə, digər səbəbi isə insanın mənəvi-psixoloji xüsusiyyətləri ilə əlaqəlidir. 
Hamımız bilirik ki, kitab oxumaq insanın biliyinin, dünyagörüşünün artırılmasına, nitq qabiliyyətinin inkişafına müsbət təsir göstərir. Nəzərə alsaq ki, texnologiyalar gün keçdikcə biri digərini əvəz edir, yəni qalıcı deyil, lakin kitab nə qədər ki bəşər mövcuddur, gələcək nəsillərə miras olaraq qalacaq. Burada bir sual yaranır ki, hansı kitablar? O kitablar ki yalnız müsbət keyfiyyətlər aşılayır, kamilləşməyə kömək edir, insan həyatına işıq olur. Məişət məsələlərinin, problemlərin qabarıq qələmə alındığı, ailə dəyələrinə, milli-mənəvi dəyərlərimizə zidd kitablar bir müddətdən sonra, sözsüz ki, unudulacaq, oxunmayacaq. 
Müasir dövrümüzdə kitabın az oxunmasının digər səbəbləri kimi çox vaxt kitabsevərlər ona lazım olan kitabları kitabxanalardan tapa bilməməsini, satış mağazalarında kitabların qiymətinin baha olmasını, elektron kitabxanaların, internetin onlar üçün daha əlçatan olmasını göstərirlər. Əsas səbəb kimi isə indiki gənclərin vaxtlarının çox hissəsini telefona, sosial şəbəkələrə ayırması ilə də bağlayırlar.
Bəs kitab oxumağa marağı artırmaq üçün nə etməli? Düşünürəm ki, kitab oxumaq mədəniyyəti əvvəlcə ailədə formalaşdırılmalıdır. Uşaqlara evdə, ailədə kitaba sevgi yaratmalı, həvəsləndirməliyik. Kitab sərgilərinin, kitab oxumağı təşviqlə bağlı maarifləndirici tədbirlərin, kitab diskussiyalarının təşkili, yazıçılarla görüşlər də bu işdə mühüm rol oynaya bilər. Elə 8-11 may tarixlərdə Naxçıvan şəhərində “Saat Meydanı”nda keçiriləcək “BOOKFEST” Naxçıvan Kitab Sərgisi kimi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə keçiriləcək kitab sərgisinin, xüsusilə gənclərin kitab oxumağa həvəsinin artırılmasında böyük rol oynayacağına inanırıq. 
Deyirlər ki, kitab oxumamaq yaxşı deyil, amma oxumadığına görə narahat olmamaq ondan da pisdir. Hər kəs ürəyinə yaxın bildiyi kitabları alıb oxusa, bir-birinə kitab hədiyyə etsə, həm oxumağa həvəs yaranar, həm də kitab oxuyanların sayı artar. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 07.05.2024 09:54