AZ EN RU

Kitab müzakirəsi keçirilmişdir

İmran Qasımov adına Naxçıvan Şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Yazıçı, jurnalist, tarixi-sənədli romanlar müəllifi Güllü Məmmədovanın "Oğurlanmış Zəngəzur" əsərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Kitabxananın direktoru Minayə Nəbisoy yazıçının həyat və yaradıcılığından bəhs etmiş "Oğurlanmış Zəngəzur" əsərinin tarixi əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, əsərin girişində 103 il bundan öncə Zəngəzurun  zorla alınaraq Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin fikirləri təqdim olunmuşdur.

Tədbirdə YAP Naxçıvan Təşkilatının baş məsləhətçisi Musa Həsənli çıxış edərək bildirmişdir ki, roman 8 fəsildən ibarətdir və hər fəsil üzrə başqa xalqların tanınmış tarixçi alimi, ictimai-siyasi xadimləri və yazarlarının erməni xisləti haqqında qeyd etdikləri fikirlər epiqraf kimi yer alır, tarixi həqiqətlər əsərdə əsaslandırılaraq təsvir edilir. Musa Həsənli əsərdə də qeyd olunmuş real sənədlərin dili ilə qədim Azərbaycan torpağı Zəngəzurun tarixi haqqında məlumat vermişdir.

Yazıçının qardaşı şair Maarif Təmkin əsərin əsas ideyasından danışmışdır.

Onlayn görüntü ilə tədbirə qoşulan Güllü Məmmədova "Romandakı tarixi faktlar müəllifin qeydlərində" mövzusunda çıxış etmiş, əsərinin müzakirəsini təşkil etdiklərinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirmişdir.

Sonda tədbir iştirakçıları əsər haqqında öz fikirlərini bildirmişlər.    

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.09.2023 15:06