AZ EN RU

Kitab müzakirəsi keçirilmişdir

Naxçıvan Şəhər İmran Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Oxunması zəruri olan kitablar"ın Siyahısına daxil edilmiş Seyid Əzim Şirvaninin " Seçilmiş əsərləri"  kitabının müzakirəsi keçirilmişdir.  Giriş sözündə Naxçıvan Şəhər İmran Qasımov adına  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Minayə Nəbisoy qeyd etmişdir ki, XIX əsrin intibah şairi,  qəzəl ustadı kimi məşhurlaşan, 53 il qısa ömür sürsə də, özündən sonra zəngin irs qoyan, Azərbaycan ədəbiyyatının görkəmli ədəbi simalarından biri sayılan Seyid Əzim Şirvaninin məktəb, elm, maarif, mədəniyyət və təhsillə bağlı söylədiyi fikirlərin çoxu bu gün də aktuallığını saxlamaqdadır. Şairin maarifçilik ovqatında yazdığı əxlaqi-didaktik şeirləri gənc nəslin qəhrəmanlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasına həmişə faydalı təsir göstərmişdir.

  Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, tənqidçi  ədəbiyyatşünas  -alim Əbülfəz Əzimli Seyid Əzim Şirvaninin poetika aləmindən bəhs edərək bildirmişdir ki, klassik Şərq poeziyasının görkəmli nümayəndəsi kimi tanınan Seyid Əzim lirikasını Şərq şeir ənənələri əsasında yaratmış və bu baxımdan yaradıcılığının böyük bir hissəsi sufi dünyağörüşünü əks etdirmişdir.

  Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalov "Şirvani yaradıcılığında mövhumatçılığın təsviri" adlı mövzuda çıxış edərək vurğulamışdır ki, dərin və geniş biliyə malik olan  Seyid Əzim yaradıcılığı boyu əqlin və idrakın qüvvəsinə inanmış, cəhalətə qarşı tənqidi münasibətini hikmətli, nəsihatəmiz hekayələri  ilə cahanda özünə ölməz əbədi abidə ucaltmışdır.

Sonda suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.05.2022 19:36