AZ EN RU

Kitab müzakirəsi keçirilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun könüllülərinin iştirakı ilə “Oxunması zəruri olan kitabların Siyahısında” yer alan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilmişdir. 
    Oxunması zəruri olan kitablar haqqında ümumi məlumat verən mərkəzin elmi katibi Nihad Tarverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətini, bu tarixi dövlət sənədinin icrası istiqamətində görülən işləri diqqətə çatdırmışdır. 
    Vurğulanmışdır ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi səhifələri ilə zəngin olmaqla bərabər həm də xalqımızın zəngin mədəniyyətə malik olduğunu sübut edir. “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir. Bir sözlə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan dastanın poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrdən məharətlə istifadə olunmuşdur. “Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
    Qeyd olunmuşdur ki, milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Kitabi-Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, Qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti 2015-ci il 20 fevral tarixdə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. 
       Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun gənc könüllülərindən Zeynəb İlyasova, Dilbər Qasımlı, Bağdagül Cəfərli, Çinarə Abdullayeva, Sevinc Baxşəliyeva, Samir Həsənov “Kitabi-Dədə Qorqud” dastanı haqqında fikirlərini diqqətə çatdırmışlar.
       Sonda mərkəzdə yaradılan kitab sərgilərinə baxış olmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 24.08.2022 18:58