AZ EN RU

Kitab insanlar və mədəniyyətlər arasındakı mənəvi körpüdür

    23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür. Bu barədə qərar 1995-ci il noyabrın 15-də  Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Günün niyə məhz 23 aprel seçilməsi isə  təsadüfi deyil. 23 aprel dünya ədəbiyyatının üç böyük nəhəngi – Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso dela Veqanın vəfat etdiyi gündür. Kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada 1996-cı ildən, ölkəmizdə isə 1997-ci ildən qeyd edilir. Hər il təqvimin bu günü  dünya şəhərlərindən biri Ümumdünya Kitab Paytaxtı seçilir.

    Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində yazılır: “Hər kəsin əqli mülkiyyət hüququ vardır və müəlliflik hüququ qanunla qorunur”.
    Kitab bəşər mədəniyyətinin inkişafında mühüm rol oynayan ən böyük kəşflərdən biridir. Əfsanələr, əsatirlər, rəvayətlər, qəhrəmanlıq dastanları, əmək mahnıları əvvəllər şifahi formada yayılmış, sonralar isə daş, dəri və ağac üzərinə yazılaraq bu günə qədər gəlib çatmışdır. Əlifba və yazının yaranması, kağızın kəşfi, əlyazmalar, çapçılığın ixtira edilməsi, kitabxanaların yaranması kitabın inkişaf mərhələsində ən mühüm səhifələrdir. Kitabın insan həyatına daxil olması, kitabların çoxaldılması həm də müəlliflik hüququnun yaranması zərurətini meydana gətirmişdir. Orta əsrlərdə Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasını yaratmışlar.
    “Azərbaycan xalqının milli sərvəti onun intellektual potensialıdır, mədəniyyəti, ədəbiyyatıdır. Biz müstəqil dövlətimizi boş yerdə qurmağa başlamamışıq. Bizim iqtisadi potensialımız kimi başqa bir sərvətimiz – intellektual potensialımız da var. Dahi insanlarımız Azərbaycanın böyük intellektual potensialını, mülkiyyətini yaradıblar”, – deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirmiş, kitab nəşri və müəlliflik hüququ sahəsində böyük işlər həyata keçirilmişdir.
    Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərimizin rəhbərliyi ilə Azərbaycanda mətbəə və nəşriyyatlar yenidən qurulmuş, kitab nəşri ilə əlaqədar nəşriyyatların maddi-texniki bazası yaxşılaşmış, yaradıcı insanlara hərtərəfli qayğı göstərilmişdir. Müstəqillik illərində isə Ulu Öndər Heydər Əliyev tərəfindən kitab nəşri və müəlliflik hüququ sahəsində ardıcıl tədbirlər görülmüşdür. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında”, 2000-ci ildə “Nəşriyyat işi haqqında”, 2003-cü ildə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmış, Azərbaycan Respublikası “Ədəbi-bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası və “Müəllif hüquqları haqqında” Ümumdünya Konvensiyasına qoşularaq geniş beynəlxalq əməkdaşlığa başlamışdır. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları, eləcə də ölkə Prezidentinin 2017-ci il 6 sentyabr tarixli “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agent­liyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı müəllif hüquqları sahəsində sistemli tədbirlərin həyata keçirilməsinə yeni imkanlar açmışdır. 
    Prezident cənab İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. 2021-ci ilin aprel ayında dövlətimizin başçısı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında Fərman imzalamışdır.
    Bu gün Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, xalçaları, muğamları, xalq yaradıcılığı, ədəbiyyatı, memarlığı, milli mətbəxi və geyimləri, mədəni irsi haqqında nəşr olunan kitablar, elektron daşıyıcılar zəngin elmi və mədəni potensialımızın dünyada tanıdılması, xalqımızın müəlliflik hüququnun beynəlxalq aləmdə qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdir. Görülən işlərin bəhrəsi olaraq xalqımızın zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. UNESCO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.
    Ölkəmizin digər bölgələrində olduğu kimi, xalqımıza böyük yaradıcı şəxsiyyətlər bəxş edən qədim Naxçıvanda da kitab nəşri və müəllif hüquqlarının qorunması diqqətdə saxlanılmışdır. Muxtar respublikada fəaliyyət göstərən kitabxanaların yenidən qurulması, müasir binalara köçürülməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, elektron kitabxanaların istifadəyə verilməsi, kənd mərkəzlərində və ümumtəhsil məktəblərində zəngin kitabxana fondlarının yaradılması, nəşriyyatların müasir çap avadanlıqları və yeni bina ilə təmin olunması geniş mütaliə imkanları yaratmaqla yanaşı, həm də kitab nəşrinin sürətləndirilməsinə, müəlliflərin azad və maneəsiz fəaliyyətinə şərait yaratmışdır. 
    Qədim diyarımızda təhsil və elm müəssisələrində də kitabxanaların yenidən qurulması davamlı olaraq həyata keçirilir. Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanaların istifadəyə verilməsi bunun göstəricisidir. Muxtar respublikanın paytaxtında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmiş, müvafiq kateqoriyadan olan insanların mütaliəsi üçün lazımi şərait yaradılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın kitabxanalarına yüz minlərlə elmi və bədii ədəbiyyat paylanmışdır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün istər Naxçıvan şəhərində, istərsə də ucqar dağ kəndlərində kitabxana işi müasir tələblər səviyyəsində qurulmuşdur. Müstəqillik illərində tariximizin və milli dəyərlərimizin, eləcə də görkəmli şəxsiyyətlərimizin həyat və yaradıcılığının öyrənilməsində əvəzsiz rola malik, dəyərli elmi mənbələrə çevrilən qiymətli əsərlər işıq üzü görmüşdür.
    İnsanın kamil şəxsiyyət kimi formalaşmasında, mənəvi aləminin zənginləşməsində, vətəndaşlıq tərbiyəsində, bədii təxəyyülünün, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, hətta bir çox hallarda həyat yolunun müəyyənləşməsində kitab və mütaliənin rolu danılmazdır. Kitablar həm də dilimizi sevdirməyin ən gözəl vasitəsidir. Ona görə də kitablar bəşəriyyətin mənəvi qidası kimi bütün zamanlarda gərəkli olacaq, tərəqqi və intibaha xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.04.2023 23:50