AZ EN RU

Kimya müəllimliyindən zərgərlik sənətinə

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin  Kimya müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Nuray Əzimovanın əl işləri sərgisi keçirilib.

Sərgidə iştirak edən rektor, dosent Elbrus İsayev son dövrlər universitetin xalq yaradıclığının tədqiqi və təbliği istiqamətində gördüyü işlərdən və əldə olunan nailiyyətlərdən söhbət açıb. Rektor belə sərgilərin təşkilinin fərdi sahibkarlığın inkişafına töhfə verdiyini vurğulayıb. Rəngarəngliyi və fərqliliyi ilə seçilən əl işlərini izləyən rektor tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və maddi təminatları baxımından onların yaradıcı işlərə maraq göstərməsini yüksək qiymətləndirib.

Fakültədə davamlı əl işləri sərgisinin nümayişinin əhəmiyyətini vurğulayan fakültə dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov bu əsərlərin həm ənənəvi, həm də onlayn yolla satışının təşkil olunduğunu diqqətə çatdırıb.

Müəllif Nuray Əzimova ailəsinə maddi kömək məqsədilə başladığı yaradıcı işində universitet, o cümlədən fakültə rəhbərliyinin mənəvi dəstəyini xüsusi vurğulayıb. Qadınlar üçün qolbaq, boyunbağı, sırğa və digər zinət əşyalarına, kişilər üçün isə təsbeh kimi aksesuarların hazırlanmasına üstünlük verdiyini deyən müəllif bunun üçün müxtəlifölçülü təbii daşlardan istifadə olunduğunu bildirib.

Sonra sərgiyə baxış olub, əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Naxçıvan Dövlət Universitetinin

Televiziya, mətbuat və

 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 19.10.2022 19:03