AZ EN RU

Kikboksinq turnirinin qalibləri müəyyənləşib

    İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyası tərəfindən birgə təşkil olunan yarışın əsas məqsədi I Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərən şəhidimizin əziz xatirəsini yad etmək, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirmək, kikboksinq idman növündə kütləviliyə nail olmaqdır. 
    7 komandadan 83 idmançının qatıldığı turnirdə qaliblər 17-18, 15-16 və 14-15 yaş kateqoriyalarda, müxtəlif çəki dərəcələri üzrə müəyyənləşib. Nəticələrə əsasən Nurəddin Əliyev, Fərid Orucov, Səid Abbaslı, Uğur Əliyev, Ravil Alməmmədov, Hüseyn Zamanlı (hamısı “Turan” Döyüş Klubu), Fariz Bağırlı (“Araz” Döyüş Klubu) yeniyetmələr arasında birinci olublar. Fərid Məhərrəmov, Məhəmmədəli Qasımov (hər ikisi “Turan” Döyüş Klubu),  Zeynəlabidin Musayev, Sinan Kazımov (hər ikisi “Şərur”),  Sərvan Mirzəyev (“Levent Bulut” Döyüş Klubu), Şəmsəddin Əliyev (Naxçıvan) gənclər arasında, Röya Abdullayeva isə qızlar arasında qalib olub.
    İlk üçlükdəki idmançılar diplom və medallarla təltif ediliblər. 
    Qeyd edək ki, budəfəki turnir ilk dəfə olaraq kikboksun “full contact” növündə keçirilib.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2022 18:58