AZ EN RU

Kiçik çillənin soyuğu, təndirə qatar toyuğu

Xalq təqvimi

    Xalqımız qış dövrünü xalq təqviminə uyğun olaraq “çillə” adı ilə üç yerə bölmüşdür. Çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun girməsi dərdin, çətinliyin gəldiyinə işarədir. Böyük çillə – 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə – 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (Boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur. El arasında bu üç çillə – üç bacı, daha çox Böyük və Kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırırlar. El-oba arasında bu iki bacı arasında deyilmiş bir söyləmə vardır.
    Rəvayət. Böyük çillə ömrünü başa vurub geri qayıdanda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: – Nə etdin? Böyük çillə cavab verir ki, tayaları yarıladım, qovurma küpəsinin başını yendirdim, qalaqları sökdürdüm. Kiçik çillə cavab verir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağı yazdır”.
    Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün Böyük çillədən, dörd gün isə Kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, Böyük çillənin son, Kiçik çillənin isə ilk dörd günü qışın ən sərt günləridir. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə Böyük çillə qurtarıb, yerini Kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “çillə kəsdi” oyunu və ya şənliyi keçirilirdi. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər.  Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.
    Tədqiqatçı-alim Bəhlul Abdullayev yazır ki, adamlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını “Kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük:

        Kiçik çillə, vay çillə,
        Qarlı, dumanlı çillə,
        Gəbə, kilim toxuduq,
        Cəhrəmizdə var çillə. 

    Deyilənə görə, Kiçik çillə daxil olduğu kimi, çıxanda da havada bir dəyişiklik yaradır. Lakin ömrünü başa vurarkən Kiçik çillə haqqında deyərlər ki, “ömrünə bir şey qalmayıb, heç nə edə bilməz” və ya  “ömrün azdır, qabağı yazdır”.
    Kiçik çillənin adı ilə bağlı xalqımız bir söz də qoşubdur:

        Kiçik çillə
        Boyu bir belə 
        Hikkəsi iri belə...
        Gəlişi oldu hayınan 
        Gedişi oldu vayınan.

    Ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, Novruz bayramından əlli gün qabaq, Böyük çillənin axırı odla əlaqəli olaraq Səddə bayramı keçirilirdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da görürük.
    Etnoqrafik çöl materiallarına görə, xalq təqviminə uyğun olaraq Böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilmişdir. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. El təqvimində qışın bərk şaxtalı günlərinə, Böyük çillənin sonu və Kiçik çillənin əvvəllərinə həm də “Qışın qulun (atın balası) salması” dövrü deyilir. 
    Araşdırmalardan məlum olmuşdur ki, Ordubadda Böyük çillə ilə Kiçik çillənin arasındakı “təhvil-təslim” dövründə  və ya Böyük çillə və ya Ulu çillə qurtarıb yerini Kiçik çilləyə verən günü “Çoban bayramı” və ya “Saya gəzmə”  adlı mərasim təşkil edərdilər. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxartmaq idi. Eyni zamanda bu tariх maldarlar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi. 
    Onu da qeyd edək ki, Kiçik çillənin onuncu günü, yəni fevral ayının 9-da Naxçıvanda xalq arasında “Xıdır Nəbi” adlanan mərasim qeyd olunur ki, bu bayram da qış tədarüklərinin tükəndiyi vaxt Xızır Peyğəmbərin yardıma çağırılması ilə bağlı mərasimdir.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru, dosent 

Nəşr edilib : 31.01.2022 20:01