AZ EN RU

Kiberdələduzlardan necə qorunaq?

Son günlər Azərbaycanda kiber oğurluq hallarının sayı artıb. Xüsusilə bank kartlarından dələduzluq yolu ilə pulların çəkilməsi xeyli sayda müştərini çıxılmaz vəziyyətə salıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə mayın 13-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 1652 manat, 100 manat, 388 manat, 300 manat, 180 manat, 3500 manat, 300 manat, 820 manat, 400 manat, 1860 manat, 295 manat, 245 manat, 875 manat, 50 manat, 700 manat, 7377 manat, 736 manat oğurlanıb. 
Nazirliyin apardığı araşdırmalardan məlum olub ki, cinayət faktları, əsasən, kart məlumatlarının naməlum şəxslərə verilməsi, saxta linklərə daxil olmaq, onlayn qazanc-uduş halları ilə bağlı olub. Belə ki, vətəndaşlar "Instagram", "Telegram", "Facebook", "TikTok"da: səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev alqı- satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb. Beləliklə, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub.
Ekspertlər həyəcan təbili çalır ki, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olmaq, onları heç bir əlaqə yaratmadan bloklamaq lazımdır. Unutmaq olmaz ki, vətəndaşlarla danışan və ya yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Buna görə də şəxsi imkanlarımızı sosial şəbəkələrdə nümayiş etdirməkdən çəkinməli, dostlarımız vasitəsilə bizi kimsə axtarırsa ehtiyatlı olmalı, həmin şəxslə ünsiyyət yaratmaqdan uzaq olmalıyıq. Unutmamalıyıq ki, cinayətkar qruplar öz qurbanlarını seçməmişdən əvvəl sosial şəbəklərdəki profil və səhifə paylaşımlarımızı, rəylərimizi, fəaliyyətimizi və maraq çərçivəmizi diqqətlə nəzərdən keçirirlər. 


Səbuhi HƏSƏNOV

Nəşr edilib : 14.05.2024 19:08