AZ EN RU

Kiberdələduzlardan necə qorunaq?

Bu il muxtar respublikada 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb

    Bu gün sosial şəbəkələrdə tez-tez “kibercinayətkarlıq” termininə rast gəlirik. Bəs kibercinayətkarlıq dedikdə nə başa düşürük? Hüquq-mühafizə orqanları tərəfindən sözügedən cinayət hadisəsinin baş verməməsi, yaxud da qarşısının alınması üçün necə mübarizə aparılır? Əvvəlcə bu terminin nə olduğuna nəzər yetirək.

    Kibercinayət mobil cihazlar başda olmaqla informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən transmilli cinayət əməlidir. 
    Xüsusilə kibercinayətkarların sayı son illərdə daha da artıb. 2020-2021-ci illərdə koronavirus pandemiyası ilə bağlı dünyada və Azərbaycanda bir sıra qapanmalar və məhdudiyyətlər tətbiq olunmağa başlayanda ticarət və digər ictimai iaşə obyektləri də müvəqqəti bağlandı. Bu kimi məhdudiyyətlər zamanı vətəndaşlar internet üzərindən nağdsız əməliyyatların aparılmasına üstünlük verdi. Belə olan halda isə cinayətkarlar internet üzərindən vətəndaşların vəsaitlərini onlayn yolla talamağa başladılar. Bu da, öz növbəsində, kibercinayətkarlıq hallarının artmasına gətirib çıxardı. 
    Bu sahədə araşdırma apararkən aydın oldu ki, 2023-cü il ərzində kibertalamaların sayında əvvəlki illərlə müqayisədə daha çox artım müşahidə edilib. Elə götürək ötən günlərdə muxtar respublikamızın, eləcə də ölkəmizin bir sıra informasiya portallarında yayılan rəsmi xəbəri. Bildiyimiz kimi, ötən günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər aşkar olunaraq saxlanılıb. İlkin dindirmə zamanı məlum olub ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsait mənimsəyiblər. Vətəndaşlara qarşı törədilmiş bu cür dələduzluq hallarının qarşısını almaq üçün muxtar respublikamızda hansı mübarizə tədbirlərinin həyata keçirildiyi haqqında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki Qasım Həsənov məlumat verərək bildirdi ki, muxtar respublikada il ərzində, ümumilikdə, nazirliyin Cinayət Axtarış İdarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb. Kibercinayətkarların qurbanı olmamaq üçün, ilk növbədə, insanlar ayıq-sayıq olmalıdır. Praktika göstərir ki, insanların kibercinayətkarların qurbanına çevrilməsi özlərinin məsuliyyətsizliyi nəticəsində baş verir. Belə ki, hər şəxs öz kart məlumatlarını və digər şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamalıdır. Əlavə olaraq yüksək qazanc vəd edən elanlara və iş təkliflərinə inanmamalıdırlar. Bank adı ilə vətəndaşlara zəng edən kibercinayətkarlara heç vaxt öz bank və kart məlumatlarını, eləcə də kartın 3DS kodunu təqdim etməməyi də tövsiyə edirik. 
    Qasım Həsənov diqqətə çatdırdı ki, bunun qarşısını almaq üçün muxtar respublikada bir çox maarifləndirici tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlıqla bağlı mütəmadi olaraq sosial şəbəkələrdə xəbərdaredici videomateriallar, anonslar və digər bu kimi postlar paylaşılır. Əlavə olaraq DİN-in əməkdaşları tərəfindən məktəblərdə, digər təhsil müəssisələrində, eləcə də əhalinin sıx toplaşdığı ictimai yerlərdə bu sahədə profilaktiki söhbətlər aparılır. Həmçinin 2023-cü il ərzində Naxçıvan Teleradiosu ilə birlikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bir neçə maarifləndirici proqram hazırlayıb. Onu da qeyd etməliyik ki, vətəndaşlar bu kimi dələduzluq halları ilə qarşılaşdıqda mütləq qaydada Daxili İşlər Nazirliyinə, o cümlədən yaşadıqları ərazinin polis orqanlarına yaxınlaşmalı, həmçinin Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etməli, eləcə də nazirliyin sosial şəbəkə hesablarına bu barədə ətraflı məlumat verməlidirlər.
    Sonda onu da qeyd edək ki, müvafiq qurumlar tərəfindən kibercinayətkarlıqla bağlı profilaktiki tədbirlər həyata keçirilsə də, baş verən hadisələr onu göstərir ki, bu kimi dələduzluq halları hələ də mövcuddur. Media nümayəndələri və aidiyyəti qurumlar tərəfindən belə dələduzluq halları ilə bağlı maarifləndirici və profilaktiki tədbirlər həyata keçirilir. Vətəndaşlar isə bu kimi dələduzluq hallarına qarşı həssas davranmalı, əldə etdiyi məlumatları dəqiqləşdirib yalnız rəsmi səhifələrə etibar etməlidir.

Bülbül Quliyeva

Nəşr edilib : 20.12.2023 18:06