AZ EN RU

Keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalı təşviq olunur

    Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi aprel ayı ərzində də davam etdirilmiş, ümumilikdə, məhsulların 58, o cümlədən qida məhsullarının 54 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
    Bu gün muxtar respublikada dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə ötən ay Kəngərli rayonunun Çalxanqala və Naxçıvan şəhərinin Qaraxanbəyli kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirici görüşlər keçirilmiş, bal məhsulunun fiziki-kimyəvi göstəricilərinə dair müvafiq standartdan çıxarışlar təqdim olunmuşdur. Həmçinin bal məhsulunun 2 halda laboratoriya analizi aparılmış, nəticələrinin standartın tələblərinə uyğunluğu müəyyən edilmişdir.
    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində hesabat ayında kənd təsərrüfatı məhsullarının 19, meyvə-tərəvəz məhsullarının isə 17 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən olunmuşdur. Hesabat dövründə ailə təsərrüfatlarında istehsal edilən kənd təsərrüfatı məhsulları üçün 6 etiket layihəsi standartlara uyğun olaraq hazırlanmış və aidiyyəti üzrə təhvil verilmişdir.
    “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində ötən ay sənaye məhsullarının 36 halda (ərzaq məhsullarının 32, qeyri-ərzaq məhsullarının             4 halda) laboratoriya analizləri aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. 
    “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası ilə bağlı “Naxçıvan qovurması”nın istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi, meyvə və tərəvəzlərin, bostan məhsullarının qurudulması, qablaşdırılması, etiketlənməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birlikdə Babək şəhərində ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, ümumilikdə, 25 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Hesabat ayında 2 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 10 etiket layihəsi hazırlanmış, həmçinin məhsulların üzərinə vurulması üçün 120 hazır etiket ailə təsərrüfatlarına təqdim edilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ötən ay İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 10 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, nəticələrin standartlara uyğunluğu müəyyən edilmiş və sınaq protokollarının surəti aidiyyəti üzrə ailə təsərrüfatlarına çatdırılmışdır.
    “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə Şahbuz rayonunun Külüs kəndində 15 kənd təsərrüfatı məhsulları istehsalçısının iştirakı ilə seminar-müşavirə keçirilmiş, iştirakçılara “Üzvi gübrələr” və “Mineral gübrələr” adlı bukletlər və kənd təsərrüfatı məhsulları üzrə standartlarda müəyyən edilmiş təhlükəsizlik tələblərinə dair çıxarışlar təqdim olunmuşdur.
    2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, həmçinin “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada ailə təsərrüfatı məhsullarının göndərilməsi təmin edilir. 
    “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası üzrə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ilə birgə ötən ay “Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər – AZS 906:2022” mövzusunda seminar keçirilmiş, turizm sahəsində yeni qəbul olunmuş dövlət standartı haqqında məlumat verilmişdir.
    Muxtar respublikada alkoqollu içkilər istehsal edən 2 müəssisədə istehsal olunan arağın 2, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyənləşdirilmişdir.
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə verilən tapşırıqların və “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə muxtar respublikada fəaliyyət göstərən 30 müəssisəyə baxış keçirilmiş, 18 müəssisədə aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır.
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qızdırıcı elektrik və qaz cihazlarına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalına icazə verilməmişdir. 
   Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət 
Xidmətinin mətbuat xidməti 

Nəşr edilib : 20.05.2022 20:56