AZ EN RU

Keyfiyyət amili diqqətdə saxlanılır

    Muxtar respublikada istehsal olunan məhsulların keyfiyyətinə nəzarət işi fevral ayında da diqqətdə saxlanılmış, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə 52 halda laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
    “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin nümayəndələri ilə birlikdə fevralın 15-də Culfa rayonunun Milax və fevralın 22-də Ordubad rayonunun Dəstə kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, bal məhsulunun fiziki-kimyəvi göstəricilərinə dair müvafiq standartdan çıxarışlar təqdim olunmuşdur.

    Qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası istiqamətində ötən ay emal olunmuş kənd təsərrüfatı məhsullarının 19, meyvə-tərəvəz məhsullarının isə 14 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin standartlara uyğunluğu müəyyən edilmişdir.
    “2022-ci ilin Naxçıvan Muxtar Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planı”nın icrası istiqamətində fevral ayında İqtisadiyyat Nazirliyi ilə birgə Şərur, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən, ümumilikdə, 20 istehsal müəssisəsi ilə maarifləndirici görüşlər keçirilmiş, ISO beynəlxalq standartların tətbiqi, əmtəə nişanlarının beynəlxalq sistem vasitəsilə qeydiyyatı, beynəlxalq sertifikatlaşdırma ilə bağlı məlumatlar çatdırılmış və beynəlxalq sertifikatlaşdırmanı tətbiq etmək istədikləri halda müvafiq köməkliklərin və əlaqələndirmə üzrə dəstəyin göstəriləcəyi təsərrüfat subyektlərinin diqqətinə çatdırılmışdır. Bununla yanaşı, müəssisələrə standartlaşdırma üzrə dəstək göstərilmiş, istehsal sahələrinə uyğun müvafiq standartlardan çıxarışlar təqdim edilmişdir. Ötən ay sənaye məhsulları üçün 5 adda əmtəə (xidmət) nişanının ölkə üzrə, 1 adda əmtəə (xidmət) nişanının beynəlxalq sistem vasitəsilə qeydiyyata alınması istiqamətində icra proseduru başlanılmış və əmtəə nişanının mühafizəsi üzrə 5 şəhadətnamə iddiaçılara təhvil verilmişdir.
    Muxtar respublika iqtisadiyyatında ailə təsərrüfatı modelinin dəstəklənməsi işi davam etdirilməkdədir. Fevralın 11-də Culfa rayonunun Əbrəqunus kəndində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminar-müşavirə keçirilmiş, 33 ailə təsərrüfatına maarifləndirici bukletlər və “Naxçıvan qovurması” əmtəə nişanlı etiketlər təqdim olunmuşdur. Hesabat ayında 6 ailə təsərrüfatı üçün istehsal etdikləri məhsulların etiketlərində məhsulun adının və digər məlumatların orfoqrafik qaydalara uyğun yazılması, saxlanma şəraitinin və yararlılıq müddətinin qüvvədə olan standartların tələblərinə uyğun göstərilməsini təmin etmək məqsədilə 24 etiket layihəsi hazırlanmışdır. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün ay ərzində İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birgə məhsullardan 10 halda nümunələr seçilərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin standartlara uyğunluğu müəyyən edilmişdir.
    2017-ci il 25 iyul tarixli beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında xarici bazarlara çıxış imkanına malik məhsul istehsalına diqqətin artırılması, qarşıdakı dövrdə bu imkanların bir daha araşdırılması, ixracın coğrafiyasının genişləndirilməsi üçün verilmiş tapşırıqların, “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində muxtar respublikadan kənara məhsulların göndərilməsi və satışı üzrə fəaliyyət çərçivəsində sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının iqtisadi aktivliyi ardıcıl qaydada dəstəklənmişdir. Xidmətin təşəbbüsü ilə yaradılmış müvafiq sahibkarlıq subyektləri qrupu tərəfindən Bakı şəhəri və digər bölgələrimizə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilmişdir.
    “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası üzrə aidiyyəti orqanların əməkdaşları ilə birlikdə fevralın 10-da Babək rayonunun Kültəpə kəndində 20 kənd təsərrüfatı məhsulları istehsalçısının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
    Muxtar respublikada istehsal olunan alkoqollu içkilərin keyfiyyətinin diqqətdə saxlanılması üçün 2 müəssisədə istehsal olunan arağın 1, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartlara uyğunluğu müəyyən edilmişdir. 
    Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə idxal olunan qaz cihazlarına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan cihazların idxalına icazə verilməmişdir.
    Muxtar respublikada keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Naxçıvan Muxtar Respublikası 
Antiinhisar və İstehlak Bazarına 
Nəzarət Dövlət Xidməti 

Nəşr edilib : 09.03.2022 18:07