AZ EN RU

Kəskin respirator virus infeksiyalarından necə qorunaq?

    Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərovla mövsümi xəstəliklərlə bağlı əhalini daha çox maraqlandıran, soyuqdəymə və qrip xəstəlikləri kimi tanınan kəskin respirator virus infeksiyaları haqqında həmsöhbət olduq.  Məmmədəli həkim bildirdi ki, sözügedən infeksiyalar viruslar tərəfindən törədilən, tənəffüs yollarını zədələyən xəstəliklərdir. Əhali arasında bu xəstəliyi “soyuqdəymə” adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar – paraqrip, adenovirus, rinoviruslardır. Xəstəliyə bütün yaşdan olan əhali arasında, xüsusilə körpələrdə daha çox rast gəlinir və 3 yaşdan başlayaraq aşağı enməyə meyil göstərir. Bu xəstəliyə ilin yaz-payız, habelə qış fəsillərində daha çox təsadüf edilir, şəhər yerlərində kənd yerlərinə nisbətən çox rast gəlinir. Hər il dünyada 2 milyona yaxın uşaq bu xəstəliyin ağırlaşmalarından ölür ki, bunun da 75 faizi pnevmoniyaların (ağciyərin iltihabı, sətəlcəm) payına düşür.

    İnfeksiyanın yayılma səbəblərindən danışan həkim bildirdi ki, xəstəlik mənbəyi xəstə insanlardır. İnfeksiyanın yayılması hava damcı yolu ilədir. Xəstə adam asqırdıqda və ya öskürdükdə selik damcılar vasitəsilə bu viruslar ətrafa yayılır və sağlam adamın yuxarı tənəffüs yollarına düşüb onu xəstələndirə bilər. Virus, həmçinin məişət əşyaları (qab, dəsmal, qapı dəstəyi) vasitəsilə də yayıla bilər. Ancaq onu qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Otaq temperaturunda bir neçə saat ərzində və günəş şüalarının təsirindən tez məhv olur. 
    Xəstəliyin əsas əlamətləri zökəm, quru öskürək və tənəffüsün çətinləşməsi, ümumi zəiflik, əzələlərdə və oynaqlarda ağrılar, burun və udlaq nahiyəsində qıcıqlanma, quruluq, baş ağrıları, hərarətin yüksəlməsi kimi hallarla müşahidə olunur. Hərarət 37,2 dərəcədən 39, hətta 40 dərəcəyədək qalxa bilər. Hərarət orqanizmin müdafiə reaksiyası olub qanda virusu neytrallaşdıran xüsusi maddələrin yaranmasına imkan verir. Ona görə də xəstədə 38,5 dərəcəyə qədər hərarəti aşağı salmaq məsləhət görülmür. Ancaq hərarət 38 dərəcədən yuxarı olduqda onu endirmək üçün təcili tədbirlər görmək lazımdır, əks halda, xüsusilə uşaqlarda qıcolmalar ola bilər.
  İlkin müdaxilə üçün həkimin tövsiyəsi isə bu oldu ki, uşaqlarda hərarəti salmaq üçün fiziki müalicə metodlarından (uşağın artıq paltardan azad edilməsi, bədənin ilıq su ilə silinməsi, ayağa isti vannaların edilməsi) istifadə etmək olar. Dərman preparatlarından isə ən çox parasetamoldan istifadə olunur. 12 yaşa qədər uşaqlara “Aspirin” vermək məsləhət görülmür. Yadda saxlamaq lazımdır ki, kəskin respirator virus infeksiyalar ağırlaşma verməyibsə, antibiotiklərdən istifadə etmək məsləhət görülmür, çünki antibiotiklər virusa təsir etmir.
    Kəskin respirator virus infeksiyalarına yoluxmuş xəstələrin hansı şəraitdə müalicə almaları barədə məsləhət verən Məmmədəli həkim qeyd etdi ki, xəstəliyin müalicəsi onun ağırlıq dərəcəsindən asılıdır. Yüngül, hərarətsiz soyuqdəymənin dərman müalicəsinə ehtiyacı yoxdur və yaxşı qulluq ediləndə dərmansız da sağalır. Xəstə izolyasiya olunmalı, yəni ayrıca otaqda yerləşdirilməlidir. Həmçinin xəstəyə qulluq edənlər maskadan istifadə etməli, isti içkilər, ümumiyyətlə, çox maye qəbul etməli, xəstəni isti saxlamalı, ancaq həddən artıq bükməməli, uşağın burnunu təmizləməli, xüsusilə ana südü ilə qidalandırmazdan və yatmazdan əvvəl. Bu nəfəsalmaya kömək edir, C vitamini ilə zəngin ərzaqlardan istifadə etməli. Çünki C vitamini insanın müqavimətini artırır. Körpə südəmər uşaqlarda bu xəstəlik olduqda isə onları ana südü ilə tez-tez qidalandırmaq lazımdır. Bunlardan başqa xalq arasında istifadə olunan müalicə üsullarından: döş qəfəsinə xardal yaxması qoyulması, ayaqlara isti vanna edilməsi və digər üsullardan istifadə faydalı olar.
    “Bəs xəstəliyin profilaktikası, yəni qarşısını almaq üçün nə etmək lazımdır?” – sualıma isə həkim belə cavab verdi: – Hava şəraitinə uyğun geyinmək lazımdır. Ona görə ki, bədənin soyuması virus infeksiyasına müqaviməti zəiflədir. Vitamin C ilə zəngin qidalardan istifadə edilməlidir. İlin soyuq vaxtlarında hər gün bir diş sarımsaq yemək məsləhət görülür. Yaşadığınız otağın havasını 15 dəqiqə ərzində dəyişin. Hamı, xüsusilə yaşlı şəxslər, yenidoğulmuşlar, ağır xroniki xəstəliyi olan şəxslər infeksiya mənbəyindən tədric olunmalıdır.
    Bəzi hallarda kəskin respirator virus infeksiyaları ağır keçib, ağırlaşmalar verə bilər. Bunlardan otitləri (orta qulağın iltihabı), sinusitləri (alın və burun ciblərinin iltihabı), pnevmoniyaları (sətəlcəm), meningitləri (beyin qışalarının iltihabı) göstərmək olar. Ona görə də yaxşı olar ki, bu infeksiyalara yoluxma halları zamanı xəstələr həkimə müraciət etsinlər. 
    Bəli, sağlamlığımızın qorunması ilkin mərhələdə öz əlimizdədir. Lakin bəzən özümüzdən asılı olmayan səbəblərdən sağlamlığımız təhlükə altında qalarsa, o zaman vaxtında mütəxəssis həkimə müraciət edək. Sağlamlığımızı qoruyaq ki,  ətrafımızdakıların da sağlamlığına təhlükə yaratmayaq!

Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat və
 ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 06.01.2023 19:36