AZ EN RU

Keramika nümunələrindən ibarət sərgi

    Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində keçirilən sərgidə Təsviri incəsənət müəllimliyi və rəngkarlıq ixtisası üzrə təhsil alan tələbələrin hazırladığı əl işləri nümayiş olunub. 
   Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev tələbələrin iştirakı ilə təşkil olunan belə sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, müasir dövrdə keramika sahəsinə diqqət xeyli artıb və tələbələrin bu sahəyə maraq göstərmələri sevindirici haldır. İstedadlı gənclərin dövlət qayğısı ilə əhatə olunduğunu, onların yaradıcılıqlarının inkişafına şərait yaradıldığını qeyd edən rektor gənc istedadlara bu istiqamətdə uğurlar arzulayıb. 
    İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov diqqətə çatdırıb ki, təşkil olunan sərgilər gənclərin bacarıqlarının üzə çıxarılmasında əhəmiyyətli rol oynamaqdadır. Gələcəkdə universitetdə keramika sənətinin daha da inkişafı üçün növbəti addımlar atılacaq.
    Təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyev keramika sənətinin qədim tarixə söykəndiyini vurğulayıb. Bu cür sərgilərin keçirilməsinin tələbələrin gələcək fəaliyyətlərində xüsusi önəm kəsb etdiyini diqqətə çəkən Hüseynqulu Əliyev onlara uğurlar arzulayıb.
    Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva bildirib ki, tələbələrin cəlb olunduğu yaradıcı fəaliyyətdə hazırlanan əl işləri bu sənətin inkişafına böyük töhfə olmaqla yanaşı, həmçinin çox gözəl hədiyyə nümunələridir.
    Sonra iştirakçıların böyük marağına səbəb olan sərgiyə baxış keçirilib. 40-a yaxın keramika nümunəsinin nümayiş olunduğu sərgidə qədim boyakarlıq üslubu olan miniatürlər, Naxçıvan ərazisində yerləşən dünya əhəmiyyətli tarixi abidələr, Naxçıvan Dövlət Universitetinin 55 illiyi münasibətilə hazırlanan universitet binalarının, eləcə də qədim toy adət-ənənələrimizin əks olunduğu keramika nümunələri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun rəsm əsərləri və başqa eksponatlar diqqəti cəlb edib. Sonda əl işləri nümayiş edilən tələbələrə diplomlar təqdim olunub. 

Tərlan İBRAHİMOVA 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 01.11.2022 18:21