AZ EN RU

Kəngərli sözünün etimologiyası

Axtarışlar, tapıntılar

    Azərbaycan Respublikasının  ayrılmaz bir parçası olan doğma Naxçıvanımızın sosial-iqtisadi inkişafını, onun qədim tarixini əks etdirən əsərlərin yazılması həmişə olduğu kimi, indi də dövlət qayğısı ilə əhatə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə görüşündə muxtar respublikanın rayonlarının tarixinin yazılmasının mühüm vəzifə kimi tədqiqatçılarımızın qarşısında durduğunu bildirmişdir. 

Şahtaxtının qədim tikintiləri

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ərazisi qədim dövrlərdən müxtəlif mədəniyyətlərin beşiyi olmuşdur. Türk mənşəli tayfalar ta qədimdən bu ərazilərdə məskunlaşmış və ölkəmizin tarixində öz izlərini qoymuşdur. Belə tayfalardan biri də Kəngərli tayfasıdır. Kəngərli tayfalarının tarixi və ölkəmizin ərazisində məskunlaşması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüş və onların başlıca olaraq bizim eranın əvvəllərindən başlayaraq Naxçıvanda məskunlaşması qeyd edilmişdir. Lakin araşdırmalar göstərir ki, bu tayfanın tarixi daha qədim dövrlərə bağlanır. Qeyd edək ki, tədqiqatçılar onların Orta Asiya mənşəli bir xalq olduğunu qəbul etmişlər. Müəyyən edilmişdir ki, “kəngərli” etnonimi Orta Asiyada mövcud olan Kanq dövlətinin adı ilə bağlı olmuşdur. Onlar özlərini “kanqar” adlandırmışlar ki, bu da dəyişilərək “kəngər” şəklinə düşmüşdür. Qədim türk dillərində -ar, -ər sözü igid, döyüşçü, atıcı, ailənin və qəbilənin keşikçisi mənasındadır. Ümumiyyətlə, -ar, -ər söz artımı, yaxud şəkilçisi ilə düzələn tayfa adları türk qəbilələri üçün xarakterikdir. Avar, bolqar, avşar, padar, xəzər, kəngər və başqalarını buna nümunə göstərə bilərik. “Kanq” sözü isə türk dillərində kan-xan sözləri ilə bağlı olub ucalıq, yüksəklik mənasını ifadə edir. Məlum olduğu kimi, bir çox türk dövlətlərində dövlət başçılarına Xan titulu verilmişdir. Maraqlıdır ki, mənbələr kəngərlilərin Kanq əyalətində məskunlaşan basine tayfalarının bir qolu olduğunu qeyd edir. “Basine” sözü türk dillərində “sərkərdə” anlamında da işlədilmiş və onlardan Avropa xalqlarına, daha doğrusu, yunanlara da keçmişdir. Məlum olduğu kimi, yunanlarda hökmdarlar basilevs titulu daşımışdır. 

    Bəs Kəngərli tayfası ilə bağlı olan Kanq dövlətinin və bu tayfaların tarixi nə vaxtdan başlayır? Tədqiqatçılar Kanq dövlətinin indiki Qazaxıstanın qərbini və Özbəkistanı, o cümlədən Daşkənd, Buxara və Xarəzmi əhatə etdiyini qeyd etmişlər. Kanq dövləti ilə bağlı məlumatlara qədim Çin mənbələrində rast gəlinmişdir. Çin dilinin fonetik xüsusiyyətlərinə uyğun olaraq Kanq dövlətinin adı “Kanqyuy”, “Kanszyuy” şəklində xatırlanmışdır. Çin mənbələrinin verdiyi məlumata görə, atlı xalq olan kanqyuylar əkinçilik, üzümçülük və maldarlıqla məşğul olmuşdur. Bu baxımdan çox maraqlıdır ki, Mesopotamiyada formalaşan qədim Şumer dövləti yazılı mənbələrdə “Kiengira” adlanmışdır. Eradan  əvvəl III minilliyin sonuna aid kitabədə belə deyilir: “Enlil Qutiumu, dağların zəhərli ilanını, ilahilərin düşmənini, Kİ.EN.Qİ.RA-nın (Şumerin) dövlətçiliyini dağlara aparanı, Kİ.EN.Qİ.RA.-nı düşmənçiliklə dolduranı... yox etməyi Utuheqala ...tapşırdı”. Məlum olduğu kimi, şumerlərin türkdilli olduğu bir qrup tədqiqatçı tərəfindən irəli sürülsə də, elmi faktlar siyasi səbəblər üzündən yetərsiz hesab edilmişdir. Lakin Şumerdə türkdilli tayfaların yaşaması heç bir şübhə doğurmur. Bunu şumer dilinin leksik tərkibi də təsdiq edir.  Kitabənin mətnindən göründüyü kimi, Şumerin Kiengira adlanması heç bir şübhə doğurmur və kəngərli tayfalarının qədim mədəniyyətlərin beşiyi olan Mesopotamiyanın ilk sakinlərindən olduğunu təsdiq edir. Tədqiqatçılar qədim Mesopotamiya ilə Orta Asiya və Cənubi Qafqaz arasında qədim dövrlərdən iqtisadi-mədəni əlaqələrin olduğunu təsdiqləyir.

    Bəzi tarixçilər Kanq dövlətinin Orta Asiyada eradan əvvəl III əsrdə yarandığını qeyd etmişlər. Tarixçi L.A.Borovkova Kanq dövlətinin Sır-Dəryanın orta axarlarında eradan əvvəl I minilliyin ikinci yarısında formalaşdığını qeyd etmişdir. Maraqlıdır ki, IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını Kanqar çayı da adlandırmışdır. Bəzi tədqiqatçılar isə Kanq dövlətinin adının eradan əvvəl V əsrin sonunda mövcud olan Kanq qalasının adı ilə bağlı olduğunu söyləmişlər. Qeyd edək ki, bu qalanın adı eradan əvvəl VII əsrə aid edilən Avestada Kanha, eradan əvvəl IV əsrə aid edilən Mahabaratada Kanqi, eramızın VI-I əsrlərinə aid fars mənbələrində Kanqdez şəklində xatırlanmışdır. VIII əsrin əvvəllərinə aid qədim türk yazılı mənbələrində qalanın adı Kanqyu-Tarban və Kanqyuy-Tarband formasında işlədilmişdir. Onu da qeyd edək ki, eradan əvvəl VIII əsrə aid Assur yazılarında Midiya ərazisində xatırlanan Kinqiqiatu, Kinqaraku, Kinqibara və digər toponimlər kanq sözü və kəngərlilərlə bağlıdır. 

Şahtaxtı boyalı küpəsi

Adil Bağırov “Kitabi-Dədə Qorqud” dastanında “kəngərli” sözünün qanlı kimi xatırlandığını qeyd etmişdir. Məlum olduğu kimi, dastanda “Qanlı Qoca oğlu Qanturalı” boyu vardır. Bu boy Kanqlı Qoca oğlu Qanturalının adı ilə bağlıdır. Dastanda, həmçinin Pasin və Basen yer adlarından bəhs edilmişdir. Gürcü mənbələrində türkdilli bolqarların yaşadığı bölgə Basiani adlandırılmışdır. Kəngərlilərin adı Orxon yazılarında Gül Tiginin şərəfinə yonulmuş abidədə 712–713-cü illər döyüşləri ilə bağlı olaraq Kəngərəs şəklində çəkilmişdir. Tədqiqatçı-alim Adil Bağırovun fikrinə görə, Kəngərli tayfası Naxçıvan Muxtar Respublikasının müxtəlif kəndlərində yaşamışlar. İ. Şopen kəngərlilərin 33 qol və tirəsini qeydə almışdı: Yurçi, Qızıllı, Sarbanlar, Xalxallı, Pirhəsənli, Salahi, Ağabəyli, Həmayi, Qarabəylər, Cağatay, Qaraxan, Hacılar, Cəmşidli, Billici, Qızılqışlaq, Tutlar, Qaradolaq, Şabanlı, Kəlfir, Arabsaklı, Qaracalı, Qraahasarlı, Pənahlı, Əlxanlı, Sofulu, Beqdili, Əliəkbərli, Didavarlı, Bolqarlı, Qürdmahmudlu, Əliyanlı, Ziyadlı və Bərgüşadlı.
    Araşdırmalar kəngərli və peçeneqlərin eyni kökdən olduğu, daha sonra  isə onların hun tayfa birliyinə daxil olduğunu və mənbələrdə müxtəlif şəkildə xatırlandığını göstərir. Mənbələrdə basine, pasine, paçana, beçene, peçeneq kimi xatırlanan bu tayfalar sak-skif tayfalarının bir qolu olmuşdur. I əsr müəllifi Strabon Xəzər dənizindən şərqdə yaşayan tayfa ittifaqını Pasian kimi xatırlamışdır. M.İ.Artamanovun fikrinə görə isə Cənub-Şərqi Avropada yaşayan peçeneqlərin əsl adı Kəngər idi. Kəngərli, yaxud Kəngər yer adlarına Azərbaycanın müxtəlif rayonlarında, İran, Türkiyə, indiki Ermənistan və Gürcüstan ərazisində də rast gəlinmişdir. Ehtimal ki, Türkiyədə, Ərzurum yaxınlığındakı Pasinlərin adı da bu tayfalarla bağlıdır. Məlum olduğu kimi, İran körfəzi tarixdə müxtəlif adlarla tanınmışdır ki, bu adlardan biri də Kəngər körfəsi olmuşdur. Bu faktlar hələ eradan əvvəl I minillikdə kəngərlilərin Yaxın Şərqdə böyük bir coğrafiyada məskunlaşdığını təsdiq edir. Təsadüfi deyil ki, Mahmud Qaşqarlının “Divani-lüğətit-türk” əsərində peçeneqlərin-kəngərlilərin Ruma (Bizansa) yaxın bir ərazidə məskunlaşan türk tayfası olduğu yazılmışdır.

Yurdçu sərdabəsi

Faktları ümumiləşdirərək deyə bilərik ki, eradan əvvəl I minillikdə Orta Asiyadan başlayaraq Yaxın Şərqədək geniş bir coğrafiyada mövcud olan Kəngərli tayfaları Qafqaza və Ön Asiyaya yürüş edən müxtəlif tayfaların, o cümlədən kimmerlərin, skiflərin, hunların, xəzərlərin, səlcuqların tərkibində Azərbaycanda, o cümlədən Naxçıvanda geniş şəkildə məskunlaşmışlar. Naxçıvanda məskunlaşan kəngərlilər müxtəlif dövrlərdə, xüsusilə Səfəvilər dövründə və xanlıqlar zamanında bölgənin sosial-iqtisadi və siyasi həyatında fəal iştirak etmiş, Naxçıvanın xarici işğalçılardan müdafiə edilməsində və müstəqilliyinin qorunmasında böyük rol oynamışlar. Kəngərli eli Azərbaycanın, o cümlədən Naxçıvanın taleyüklü məsələlərində mühüm rol oynayan görkəmli siyasi xadimlərin, təhsil, elm və mədəniyyət xadimlərinin Vətənidir.
    Ümid edirik ki, gələcək araşdırmalarımız zamanı Kəngərli elinin tarixi ilə bağlı daha da dəyərli faktlar aşkar olunacaqdır.

Vəli BAXŞƏLİYEV
  AMEA-nın müxbir üzvü

Nəşr edilib : 11.02.2022 18:33