AZ EN RU

Kəngərli rayonunun yaradılmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib

Martın 18-də Kəngərli rayonunun yaradılmasının 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Daha sonra Mədəniyyət Sarayının foyesində əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikasının 2004-cü il 19 mart tarixli Qanununa əsasən yaradılmış Kəngərli rayonu bu gün Muxtar Respublikanın inkişaf etmiş rayonları sırasındadır. 20 il tarix üçün qısa dövr olsa da, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində gənc Kəngərli rayonu böyük bir inkişaf yolu keçmişdir. 

Daha sonra AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Məmmədov və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Abbas Qasımovun Kəngərli rayonu haqqında çıxışları dinlənilib.

Tədbir Mədəniyyət Şöbəsinin hazırladığı konsert proqramı ilə davam edib.

Nəşr edilib : 18.03.2024 22:46