AZ EN RU

Kəngərli rayonunda torpaq kartoqramlarının təqdimatı olub

    Akademik Həsən Əliyev adına “Araz’’ Elm İstehsalat Birliyinin, Naxçıvan Muxtar Respublikası Daşınmaz  Əmlak  və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən  Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Yurdçu kəndində torpaq mülkiyyətçilərinin iştirakı ilə “Bitkilərin qida maddələrinə olan tələbatının ödənilməsi məhsuldarlığı artırır” mövzusunda seminar müşavirə keçirilib.
    Müşavirəni Kəngərli Rayon İcra Hakimiyyətinin  əməkdaşı  Ağa Seyidov açaraq rayonda kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlardan danışıb.
    Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə müavini Rahət Hacıyev açıb, tədbirin əhəmiyyətindən danışıb.
    Birliyin əməkdaşları Mahmud Mahmudov, Nadir Quliyev  Kəngərli rayonunun Qabıllı, Yurdçu, Yeni Kərki və Çalxanqala kəndlərindən analiz olunmaq üçün götürülən torpaq nümunələrindən hazırlanmış torpaq kartoqramları və onlardan istifadə edilməsi haqqında məlumat verib
    Daşınmaz  Əmlak  və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşı Oktay Məmmədov “Torpaqlardan səmərəli istifadə və torpaq mülkiyyətçilərinin  mülkiyyət  hüquqları” mövzusunda çıxış edib. 
    Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb və hazırlanmış torpaq kartoqramları yerli icra nümayəndəliklərinə təhvil verilib.

Naxçıvan  Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.12.2022 19:08