AZ EN RU

Kəngərli rayonunda emal sənayesi üçün mühüm xammal bazası yaradılır

Cari ildə rayonda 78 hektarda qarğıdalı, 30 hektar sahədə günəbaxan əkilib

    Sənaye müasir iqtisadiyyatın əsasını təşkil edir desək, yəqin ki, yanılmarıq. Çünki elə bir dövrdə yaşayırıq ki, bir çox sahələr üzrə məhsulların hazır vəziyyətə gətirilməsi sənaye istehsalına əsaslanır. Bu sahəyə kənd təsərrüfatı məhsullarını da əlavə edə bilərik. Xüsusilə kənd təsərrüfatı məhsullarının emal sənayesinə cəlb olunması müasir dövrün tələblərindən birinə çevrilib. 

    Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafı üçün mühüm addımlar atılır, hər il onlarla sənayeyönümlü yeni istehsal müəssisələri yaradılır, yerli məhsulların bazar həcmi genişləndirilir. 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan olunması isə sənaye sahələrinin məqsədyönlü və perspektivli formada inkişaf etdirilməsini nəzərdə tutur. Muxtar respublika sənayesinə yeni töhfə olacaq Şərur Sənaye Parkında işlərin sürətlə davam etdirilməsi müxtəlif sənaye sahələrinin inkişafına da böyük təkan verəcək. 

    Sənaye Parkında nəzərdə tutulan mühüm sahələrdən biri də burada yaradılacaq bitki yağı istehsalı sahəsidir. Müasir dövrdə ərzaq təhlükəsizliyinin etibarlı təminatında qida üçün nəzərdə tutulmuş yağların, xüsusilə bitki yağlarının əhəmiyyətini kiməsə sübut etməyə ehtiyac yoxdur. Çünki bitki yağları məişətdə ən çox istifadə olunan yağ növüdür. Xüsusilə qarğıdalı və günəbaxan kimi faydalı bitkilərdən hazırlanmış yağlar bu gün ərzaq sənayesinin ön sıralarında yer tutur. Muxtar respublikamızda da belə bir istehsal müəssisəsinin yaradılması və müəssisənin yerli xammalla təmin edilməsi çox vacibdir. Bu baxımdan son illərdə torpaq mülkiyyətçilərinə qarğıdalı və günəbaxan əkini üçün də lazımi dəstək göstərilir, əldə olunan məhsulun satışına şərait yaradılır. 
    Hazırda muxtar respublikamızda qarğıdalı və günəbaxan əkinlərinin mütəşəkkil təşkil olunduğu bölgələrdən biri Kəngərli rayonudur. Rayonda artıq bir neçə ildir ki, qarğıdalı əkinləri aparılır və ildən-ilə sahələr genişləndirilir. Bunun da əsas səbəblərindən biri budur ki, hasil olunan məhsul əldə qalmır, sahibkar onu fərdi olaraq vətəndaşlara satmaqla və yaxud dövlətə təhvil verməklə qazancını nağd şəkildə əldə edir. Bu sahədən yaxşı gəlir götürənlərin sayı ildən-ilə artır, paralel olaraq əkin sahələrinin həcmi də artır. Torpaq mülkiyyətçiləri yaxşı başa düşürlər ki, qiymətli bitki olan qarğıdalı istər hey­vandarlıq yemlərinin hazırlanmasında, istərsə də ərzaq növü kimi istifadə olunmasında çox mühüm rol oynayır. Yeni yağ istehsalı müəssisəsinin istifadəyə hazırlanması isə bu bitkinin mühüm potensial bazasını yaratmağı zəruri edir. Təsadüfi deyil ki, Kəngərli rayonunda bu işlərə daha mütəşəkkil yanaşılıb, ötən dövrdə Böyükdüz kəndi yaxınlığında lazımi meliorativ tədbirlər həyata keçirilərək əkiləcək torpaqların münbitliyi artırılıb, əkin aqrotexniki qaydalar əsasında həyata keçirilib. Burada, əsasən, Türkiyə istehsalı olan məhsuldar növlü qarğıdalı toxumu səpilib. 
    Nəzərə alaq ki, mütəxəssislərə görə, yüksək yağlılıq faizinə malik qarğıdalıdan 146 adda məhsul hazır­lanır. Әkin zamanı yüksək reproduksiyalı hibrid toxumlardan istifadə olunur. Bu baxımdan əkin aparılarkən muxtar respublikamızın torpaq-­iqlim şəraitinə uyğun olan toxumlara üstünlük verilib. Bununla yanaşı, torpağın hazırlanması, münbitləşdirilməsi, əkinin şırım üsulu ilə həyata keçirilməsi və digər aqrotexniki tədbirlər diqqətdə saxlanılıb. Daha çox Qıvraq qəsəbəsi, Böyükdüz, Şahtaxtı, Yurdçu kəndləri daxil olmaqla, ümumilikdə, 78 hektar sahədə qarğıdalı, 30 hektar sahədə günəbaxan əkilib. 
    Günəbaxan əkinində də müəyyən təcrübələrin qazanıldığını deyə bilərik. Məsələn, Böyükdüz kənd sakini, ailə təsərrüfatçısı İlyas Osmanov bu il 10 hektar sahədə günəbaxan əkib. O bu sahə ilə 4 ildir ki, məşğul olur. Ötən il əkdiyi günəbaxan sahələrinin həcmi 5 hektar olub. Bu il isə qeyd etdiyimiz kimi, əkin sahələrini iki dəfə artırıb. Ailə təsərrüfatçısı ötən illərdə əldə etdiyi məhsulu muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinə sataraq yaxşı qazanc əldə edib. Xok kəndindən torpaq mülkiyyətçisi Mübariz Əliyev isə bu il  4 hektar sahədə günəbaxan əkini aparıb. Böyükdüz kəndindən Həbib Məmmədov 4 hektar, Samiq Osmanov 2 hektar sahədə qarğıdalı əkməklə bu işə öz töhfələrini verməyə çalışırlar.
    Göründüyü kimi, bu il Kəngərli rayonunda istər qarğıdalı, istərsə də günəbaxan əkinlərinin sahəsi xeyli artırılıb. Sahələrin genişləndirilməsində məqsəd bir tərəfdən yaxşı qazanc əldə etməkdirsə, digər tərəfdən muxtar respublikada bitki yağı istehsalında xammala yaranacaq tələbata töhfə verməkdir. Ümid edirik ki, Şərur Sənaye Parkının fəaliyyətə başlaması növbəti illərdə adıçəkilən kənd təsərrüfatı məhsullarına tələbatı da artıracaq, bu isə mövcud imkanlardan daha səmərəli və maksimum istifadəyə şərait ­yaradacaqdır. 

 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 24.06.2022 20:25