AZ EN RU

Kəngərli rayonunda 125 hektar sahədə şum qaldırılıb

    Muxtar respublikamızda əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlıdır. Buna görə də aqrar sahənin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır, torpaq mülkiyyətçiləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Bu sahədə həyata keçirilən mühüm tədbirlərin nəticəsidir ki, son illərdə muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal həcmi artır, daxili bazarın yerli məhsullarla təminatı diqqət mərkəzində saxlanılır. 
    Kəngərli rayonu da kənd təsərrüfatı məhsullarının yetişdirildiyi aqrar bölgələrdən biridir. Son illərdə burada suvarma suyuna olan ehtiyacın ödənilməsi məqsədilə yeni sistemlərin qurulması, nasos stansiyalarının işləkliyinin təmin olunması rayonda əkin sahələrinin artması ilə yanaşı, məhsul bolluğuna da şərait yaradıb. Artıq bölgədə yaz-tarla işlərinə başlanılıb, torpaq mülkiyyətçiləri böyük həvəslə sahələrə çıxıblar. 
    Kəngərli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu günədək 125 hektar sahədə şum qaldırılıb. Yeni əkilmiş 82 hektar sahənin isə 47 hektarını arpa, 33 hektarını yonca, 2 hektarını isə istixana üsulu ilə əkilmiş bostan məhsulları təşkil edir. 
    Yaz əkinlərinin mütəşəkkil şəkildə keçirilməsi bu il də rayonda bol məhsulun olacağından xəbər verir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.03.2022 20:34