AZ EN RU

Kəngərli rayonu məzunlarının 77 faizi tələbə adını qazanıb

    2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 107-si tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı sayəsində bu bölgəmizdə də məktəblərin infrastrukturu və təchizatı yaxşılaşıb. Bu da şagirdlərin keyfiyyətli təhsil almalarına və yüksək nailiyyətlər qazanmalarına geniş imkanlar yaradıb.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, təhsil müəssisələrində yaradılan şərait nəticəsində 2021-2022-ci tədris ilinin də yekunları uğurlu olub, imtahanlarda iştirak edən məzunlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 6 məzun Prezident təqaüdünə layiq görülüb. 
   Qeyd edilib ki, Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində 12 tam orta, 3 məktəbdənkənar və 1 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 254 sinifdə 3805 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 460 müəllim məşğul olur. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Kəngərli rayonunun ümumtəhsil məktəblərinə təyin olunan gənc kadrlardan 66-sı müəllim kimi fəaliyyətə başlayıb, 11-i isə müxtəlif vəzifələrə təyin olunub.
    Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə də Kəngərli rayonu məzunlarının 86 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 77 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 11-i 500-700 arası nəticə göstərib. 2 məzun “Qızıl” nişana, 4 məzun fərqlənmə attestatına layiq görülüb, 17 şagird isə 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrdə qələbə qazanıb. 
    Rayonda fəaliyyət göstərən məktəblərdən 5-i qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə edib. Yurdçu kənd tam orta məktəbinin məzunu Turac Mehdiyeva isə Prezident təqaüdünə layiq görülüb. 
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə təşəkkür edib.
    Sonra Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək təhsil müəssisələrində yaradılan şəraitin təhsilin yüksəlməsinə və uğurlu nəticələrin qazanılmasına birbaşa təsir etdiyini vurğulayıb, bu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Kəngərli rayon Qıvraq qəsəbə, Qarabağlar kənd  1 nömrəli, Şahtaxtı, Qabıllı, Yurdçu kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.10.2022 00:57