AZ EN RU

Kəngərli rayon tam orta məktəb məzunlarının nəticələri qürurvericidir

    Zaman sübuta yetirib ki, dünyanın ən inkişaf etmiş xalqları elmin və təhsilin etibarlılığına arxalanıb. Bu gün sürətlə inkişaf edən elm və texnologiyalar dünyasında istənilən maddi sərvət bir andaca yox ola, yalnız yiyələndiyimiz bilik və bacarıqlarımız bizi xilas edə bilər. Uzun illərdir, ölkəmizdə insan kapitalına, insan zəkasına, innovativ ideyalara və gənclərimizin uğurlu fəaliyyətinə  söykənərək gələcək yönümlü addımlar atılır. Bu prosesin təməli isə məhz orta məktəbdən başlayır. İlkin biliklərin formalaşdığı sözügedən təhsil ocaqları hər fərdi yetişdirərək  cəmiyyətin bir üzvünə çevirir. Bu baxımdan muxtar respublikamızda da yaradıcı və bacarıqlı şagirdləri hazırlayıb cəmiyyətə bəxş edən orta təhsil müəssisələrinin uğurları xüsusi qeyd olunmalıdır.  
    Muxtar respublikamızda hər il 500-700 bal intervalında nəticə göstərən şagirdlərin sayının artdığı Kəngərli rayon məktəblərinin cari il üçün olan qəbul göstəriciləri qürurvericidir. Qəbul imtahanında müvəffəqiyyət əldə edən şagirdlərdən bir neçəsi barədə söhbət açmaq istəyirik:

    Onlardan biri Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin məzunu Məryəm Quliyevadır. Dördüncü ixtisas qrupu üzrə 606 bal toplayan Məryəm deyir ki, beyin cərrahı olmaq onun uşaqlıq arzusudur. Böyük sevinc hissi içərisində olan müsahibimiz bu hissləri bizimlə də bölüşdü: “Xəyalım artıq reallaşır. Əlbəttə, bu gün mən, ailəm və müəllimlərim böyük sevinc hissi içərisindəyik, amma qeyd edim ki, buna nail olmaq üçün çox çalışmışam. Öz üzərimdə çox işləmişəm, ən yaxşısına nail olmağa can atmışam. Xüsusilə 11-ci sinifdə dərslərimə daha diqqətli yanaşmağa başladım. Tələbəliyə gedən yol həm fiziki, həm də psixoloji cəhətdən yorucu bir dövrdür. Məktəb illərində müxtəlif olimpiadalarda, yarışlarda da iştirak etmişəm. Həmişə mənim yanımda olub, məni dəstəkləyən valideynlərimə, arzuma çatmaqda əziyyəti keçən bütün müəllimlərimə təşəkkür edirəm. Ali təhsilimi isə Azərbaycan Tibb Universitetində Müalicə İşi ixtisası üzrə almaq istəyirəm. 

    Hüseyn Babayev Təzəkənd tam orta məktəbinin məzunudur. Hüseyn birinci ixtisas qrupu üzrə 565 bal toplayıb məktəbi “Gümüş” nişanla bitirib. Onun arzusu Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Hüseyn deyir: “İlk növbədə, istəyirəm ki, əldə etdiyim uğurlara görə biz şagirdlərə diqqət və qayğı göstərən müəllimlərimə minnətdarlıq edim. Müxtəlif yarışlarda, olimpiadalarda iştirak etmişəm. Bütün bunlar mənim fənləri daha yaxşı mənimsəməyimə, daha çox çalışmağıma səbəb oldu. Əlbəttə ki, bu baxımdan valideynlərimin dəstəyi də əvəzsizdir. Əzmlə çalışmağın gətirdiyi xoşbəxtliyi yaşayıram. Arzum budur ki, qəbul olacağım ali təhsil müəssisəsində fəallığımı artırım və böyük uğur əldə edim. 

    Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin məzunu Günel İsmayılova qəbul imtahanında III ixtisas qrupu üzrə 560 bal toplayıb. O deyir ki, məktəb illərində müxtəlif olimpiadalar, inşa müsabiqələri və intellektual oyunlarda iştirak edərək təltif olunub. “Ən böyük arzum ədalətli, vicdanlı və xalqına xidmət edən hüquqşünas olmaqdır”, –  deyən Günel Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil almaq arzusundadır. Bu yolda ona dəstək olan ailəsinə, məktəb rəhbərliyinə və müəllimlərinə öz təşəkkürlərini bildirir. 

    Qıvraq qəsəbə tam orta məktəbin məzunu Səma Mustafayeva III ixtisas qrupu üzrə 564 bal toplayaraq arzuladığı ixtisas üzrə təhsil almaq hüququ əldə edib. Səma deyir ki, abituriyent olmaq çalışqanlıq tələb edir. Buna görə də gərək bütün diqqətini oxumaq üzərində cəmləşdirəsən. Xoşbəxtəm ki, əziyyətim hədər getmədi. Ailəmin və müəllimlərimin mənimlə fəxr etməsi, uğuruma sevinmələri mənim üçün ən böyük motivasiyadır. Arzum budur ki, Naxçıvan Dövlət Universitetində Dövlət və ictimai münasibətlər ixtisası üzrə təhsil alım. 
    Əminik ki, ölkəmizin gələcəyi naminə inamla, yorulmadan çalışan bu gənclər ali təhsil alacaqları müəssisələrdə də bu motivasiya ilə irəliləyəcəklər. İndi onların başlıca məsuliyyəti ölkəmizdə gənclərə yaradılan şəraitdən səmərəli istifadə edib Vətənə, dövlətə layiqli vətəndaş, bacarıqlı kadr kimi yetişməkdir. 

Aysel YUSİFZADƏ

Nəşr edilib : 29.08.2023 20:02