AZ EN RU

Kəngərli – 20 ilə sığmış əsrə bərabər inkişaf...

Çox deyil, 20 il bundan öncəsinə qayıtsaq, bugünkü Kəngərli rayonunun yerləşdiyi ərazilərin başdan-başa boş yerlərdən ibarət olduğunu görərdik. Bu günün cənnətməkan Kəngərlisini görənlər geriyə dönüb o illərə qayıtsalar, həqiqətən, gözlərinə inana bilməzlər. Bəs 20 ildə nail olunan bu möcüzəviliyin altında nə yatır? Cavab çox bəsitdir: dövlət-xalq birliyi, mərkəzində insan amilinin dayandığı sosial siyasət. Bax bu birlik və siyasət möcüzə yaratmaq imkanına və qüdrətinə malikdir, necə ki, elə də oldu...

Rayonun adını aldığı böyük Kəngərlilər...

2004-cü ilin mart ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Kəngərli rayonu 11 yaşayış məntəqəsini (1 qəsəbə və 10 kəndi) əhatə etməklə təsis olunmuşdur. Bu yeni yaradılmış rayona “Kəngərli” adının verilməsi isə heç təsadüfi deyildi. Hərb tariximizdə xüsusi yer tutmuş Heydərqulu xanın, Kəlbalı xanın, Ehsan xanın, o cümlədən böyük rəssam Bəhruz Kəngərlinin də mənsub olduğu məşhur türk tayfası Kəngərlilər məhz ən qədim zamanlardan bu əraziləri özlərinə ata-baba yurdu seçmişlər. Qeyd edək ki, rayon yaradılmazdan öncə də bu ərazilər “Kəngərli” adı ilə xalq arasında bilinmiş və tanınmışdır.

Tarixi mənbələrdə göstərilir ki, Kəngərlilər qədim türk tayfası olmuş, ən qədim zamanlardan bəri Naxçıvan torpağında məskən salmışlar. Bu cəngavər türk tayfasının adı “kəngər” sözündən götürülmüşdür. “Kəngər” etnoniminin mənası haqqında isə bir çox versiyalar mövcuddur. Belə ki, professor Teymur Əhmədov kəngər/kanqar və qanlı/kanqlı etnonimlərini eyni adların müxtəlif dil və ya dialekt paralelləri sayır. O yazır: “... bunu ekstralinqvistik faktlarla yanaşı, adın linqvistik təhlili də təsdiq edir. Hər iki etnonimin əsasını kanq/kəng sözü təşkil edir. Əsas fərq onlardan birinin etnonim düzəldən – adam, ər, kişi mənalı ar/ər vahidi, ikincisinin isə, təxminən, eyni funksiyanı yerinə yetirən -lı-li şəkilçisi ilə yaranmalarındadır”. Beləliklə, deyə bilirik ki, bu gün 682 kvadratkilometrlik bir ərazini əhatə edən Kəngərli rayonu öz adını bir zamanlar böyük bir coğrafiyaya yayılmış məşhur türk tayfası kəngərlərdən götürmüşdür. 20 il əvvəl yaradılmış bu yeni rayona Kəngərli adının verilməsi bir tərəfdən ölkəmizdə tarixi keçmişimizə, milli mənsubiyyətimizə verilən yüksək qiymət idisə, digər tərəfdən də bu böyük türk tayfasının adının yaşadılması ilə bağlı olmuşdur.

Tarixi və mədəniyyət abidələrinin məskəni…

2004-cü ilin martında təsis edilmiş Kəngərli rayonu bənzərsiz tarixi-mədəni abidələrə ev sahibliyi etməkdədir. Rayonun Qarabağlar, Şahtaxtı, Yurdçu və sair kimi yaşayış məntəqələri ən qədim zamanlardan bəri insanların yaşayış məntəqələri olmuş, bu da bu kimi yerlərdə mövcud olan tarixi və o cümlədən mədəniyyət abidələrinin çoxluğu ilə özünü göstərmişdir.

Rayonda mövcud olan abidələrdən bəhs edərkən əvvəlcə dünya miqyaslı Qarabağlar Türbə Kompleksindən danışmaq yerinə düşərdi. 700 illik bir qürur tarixini özündə ehtiva edən bu möhtəşəm abidə XIII əsrin yadigarı kimi xalqımızın böyük mədəniyyətindən xəbər verir. Əcəmi Naxçıvani məktəbinin davamçısı, görkəmli memar Əhməd Naxçıvani tərəfindən inşa olunmuş kompleks türbə, qoşa minarə və onları birləşdirən baştağ, eləcə də xanəgah hissəsindən ibarətdir. Qarabağlar Türbə Kompleksi əsrlərin təlatümlərinə sinə gərərək bu günə kimi “yaşaya” bilmişdir. Bu unikal abidə kompleksinin gələcək nəsillərə ötürülməsi üçün dövlət tərəfindən ötən illər ərzində bir sıra işlər görülmüş, burada əsaslı təmir-bərpa işləri aparılmışdır.

Kəngərli rayonunun tarixi və mədəni abidələrindən bəhs edərkən burada böyük maddi-mədəniyyət abidələrinə ev sahibliyi edən rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahtaxtı kəndindəki Şahtaxtinskilər muzeyi və XIX əsrə aid Şahtaxtı Şərq hamamının adlarını xüsusilə vurğulamaq lazım gəlir. Onu da qeyd edək ki, Şahtaxtı kəndində yerləşən Şərq hamamında da təmir-bərpa işləri aparılmış, 2020-ci ilin may ayında açılışı olmuşdur. İndi Şahtaxtı Şərq hamamı da Qarabağlar Türbə Kompleksi kimi ikinci həyatını yaşayır demək mümkündür.

Müasir quruculuğun ünvanı...

Kəngərli rayonunun təsis edilməsindən 20 il kimi az bir müddət ötməsinə baxmayaraq, dövlətimizin xüsusi diqqət və qayğısı ilə burada əsrə bərabər quruculuq tədbirləri həyata keçirilmişdir. Kəngərli rayonunun 11 yaşayış məntəqəsinin hər biri müasir quruculuq tədbirlərindən pay almış, müasir qəsəbə və kənd mərkəzləri qurulmuş, əhalinin rahatlığı üçün bütün imkanlar yaradılmışdır. Rayon daxili, eləcə də bu ərazidən keçən avtomobil yolları da müasir tələblər səviyyəsində qurulmaqla sakinlərin ixtiyarına verilmişdir.  

Rayonda quruculuq tədbirlərindən bəhs edərkən təhsil sahəsindəki quruculuq işlərinə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, rayonda fəaliyyət göstərən 12 ümumtəhsil məktəbinin hər biri əsaslı şəkildə yenidən qurulmuşdur. Bu gün rayon ümumtəhsil mətkəblərində təhsil alan şagirdlər ən müasir avadanlıqlarla təchiz olunmuş məktəblərdə elm-bilik öyrənir, sağlam gələcəklərinin təməllərini atırlar. Bundan başqa, rayon Təhsil Şöbəsi, Şahmat məktəbi və uşaq bağçası üçün də yeni binalar inşa olunmuş, beləliklə, təhsil sahəsindəki quruculuq işləri başa çatdırılmışdır.

Kəngərli rayonunda səhiyyə sahəsində də quruculuq tədbirləri ötən illər boyunca diqqətdə saxlanılmış, rayon Mərkəzi Xəstəxanası, yaşayış məntəqələrində isə ambulatoriya və feldşer-mama məntəqələrinin tikintisi həyata keçirilmişdir. Beləliklə, insanların sağlamlığına göstərilən qayğı dövlət səviyyəsində bir daha sübuta yetmiş, yüksək tibbi xidmət əhalinin ayağına gətirilmişdir.

Muxtar respublikamızın ən gənc rayonu kimi Kəngərlidə quruculuq tədbirləri bunlarla bitməmiş, rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün də addımlar atılmışdır. Rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı, Mədəniyyət Sarayı, zəngin kitabları özündə ehtiva edən Mərkəzi Kitabxana Sistemi, yaşayış məntəqələrindəki kitabxanalar, eləcə də idman obyektləri bu yerləri özlərinə yurd-yuva seçmiş insanlara göstərilən qayğılar sırasındadır.

Beləliklə, Kəngərli rayonunda aparılan quruculuq tədbirləri geniş miqyaslılığı ilə diqqət çəkir deyə bilirik. Ümumiyyətlə, rayon ərazisində yerləşən bütün dövlət idarə, müəssisə və təşkilatlarının böyük əksəriyyəti müasir binalarda yerləşməklə rayon sakinlərinə bilavasitə xidmət göstərən sahələrdə müasir xidmət şəraiti yaradılmışdır. Rayonun müasir quruculuğundan bəhs edərkən 2021-ci ilin 8 noyabrında – Zəfər günündə açılışı olan Bayraq Meydanına xüsusi paraqraf açmaq lazım gəlir. 2,5 hektar ərazini əhatə edən Bayraq Meydanında qurulmuş bayraq dirəyinin hündürlüyü postamentlə birlikdə 40, meydanda dalğalanan bayrağın uzunluğu 16, eni isə 8 metrdir. Milli ornamentlərin – buta, xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilən Bayraq Meydanında müasir işıqlandırma sistemləri quraşdırılmış, gülkarlıqlar salınmışdır. Həmçinin meydanın ətrafında da geniş abadlıq işləri görülmüş, suvarma sistemi qurulmuş, avtomobil dayanacağı yaradılmışdır. Bütün bunlarla rayonumuz daha gözəl bir məkana yiyələnmişdir.

Yeni iş yerləri, aqrar sahə üçün münbit zəmin…

Kəngərli rayonunun yaradılmasından ötən illər ərzində buranı özlərinə yurd-yuva etmiş insanların yaşayışı üçün də mühüm addımlar atılmış, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi diqqətdə saxlanılmışdır. Bu gün rayonda irili-xırdalı onlarla sahibkarlıq müəssisəsi fəaliyyət göstərir, aqrar region kimi tanınan Kəngərlidə kənd təsərrüfatının bütün sahələrində inkişaf müşahidə olunur. Torpağın yenidən kəndliyə qaytarılması, su sarıdan problemlərin aradan qaldırılması – müasir meliorasiya və irriqasiya layihələrinin uğurla həyata keçirilməsi, habelə fermer və sahibkarlara dövlət dəstəyi Kəngərlidə məşğulluq baxımından uğurlu nailiyyətlərin ortaya çıxmasına səbəb olmuşdur.

Kəngərli rayonunda ötən illər ərazində aparılan məşğulluq tədbirləri nəticəsində artıq burada bir sıra istehsal müəssisələrin də meydana çıxmasına imkan yaratmışdır. Və bu da özlüyündə imkan verir ki, burada istehsal olunan məhsullar muxtar respublikamızın digər bölgələrində satışa çıxarılsın, ölkəmizin digər bölgələrinə göndərilsin, hətta ixrac potensialı da yaratsın.

Beləliklə, onu demək mümkündür ki, bu gün qədirbilən insanların məskən saldığı Kəngərli rayonu dövlət quruculuq siyasətindən böyük pay almışdır. Bəli, Kəngərli rayonu inkişaf edir, əhalinin yaşayış səviyyəsi yüksəlir, insanların sosial-rifah halı hər ötən gün daha da yaxşılaşır. Bütün bunların kökündə də dövlət-xalq birliyi dayanır. Qısacası, onu deyə bilərik ki, bu günün müasir Kəngərlisi Ulu Öndər Heydər Əliyev siyasətinin və bu siyasətin müdrik lider cənab İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilməsinin təntənəsi və təcəssümüdür.

Əsədulla ƏSƏDOV

Kəngərli  rayon Dövlət Arxivinin müdiri

Nəşr edilib : 19.03.2024 12:00