AZ EN RU

Kənd turizminin inkişafı məqsədilə maarifləndirici tədbir keçirilib

    Ordubad  rayonunun Biləv kəndində kənd turizminin inkişafı məqsədilə Ordubad rayon Biləv kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyəti başçısının Biləv kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Hüseynov bildirmişdir ki, çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kənd­lərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanların qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd yaşıl turizminin geniş inkişaf imkanlarından xəbər verir.
    Daha sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev çıxış edərək bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Anaqut, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələri kənd yaşıl turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdir. 
    Məruzəçi kənd sakinlərinin diqqətinə çatdırmışdır ki, kəndlərdə kirayə verilən evlərin siyahısı və fotoları Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytında “Hostelər və kirayə verilən evlər” bölməsində yerləşdirilir. Həmçinin bu bölmədə kirayə verilən obyektin tipi, yerləşdiyi rayon və kənd, sahibkarın əlaqə nömrələri, obyekt haqqında ətraflı məlumat və digər qeydlər yer alır. Bütün bu məlumatların yerləşdirilməsi nəticəsində internet üzərində  axtarış edən qonaqlar tərəfindən, kənd evlərinin sahibləri ilə birbaşa əlaqə yaratması imkanı yaranır. 
    Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin İnkişafı və Təbliği sektorunun baş məsləhətçisi Elşən Mehralıyev çıxış edərək bildirmişdir ki, son illər bütün dünyada olduğu kimi, muxtar respublikda da kənd turizmi geniş vüsət alıb. 
    Məruzəçi qeyd etmişdir ki, dövlət tərəfindən kənd turizminin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, son dövrlər muxtar respublikada müxtəlif istirahət mərkəzləri istifadəyə verilir. Ötən ilin may ayında açılış mərasimi keçirilən Ordubad rayonunun Anaqut kəndində “Xan Çinar” istirahət mərkəzi və Culfa rayonunun Ləkətağ kənd sakininin kənddə Əlincə çayının keçdiyi ərazidə – çay sahilində yaratdığı kiçik bir istirahət kompleksində yerli və əcnəbi turistlərə müxtəlif xidmətlər göstərilir. 
    Sonda sakinləri maraqlandıran suallar cavablandırılmış və bukletlər təqdim olunmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 07.06.2023 22:08