AZ EN RU

Kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş

    Şahbuz rayonunun Kükü kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Cəlal Paşayev bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Vurğulanmışdır ki, çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kəndlərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanlarının qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd turizminin geniş inkişaf imkanlarından xəbər verir. Əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində komfortlu həyat tərzinə keçid də sürətlənir ki, bu da xüsusən isti yay günlərində öz tətilini səfalı dağ kəndlərində keçirmək istəyənlərin sayını artırır.
    Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında tədbir iştirakçılarına məlumat vermiş, bildirmişdir ki, qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Gömür və başqa yaşayış məntəqələri kənd turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdir. Şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər,  adətən, kənd turizminə üstünlük verirlər. Turizmin bu növü getdikcə populyarlığını artırmaqdadır. 
    Məruzəçi kənd evində qonaqlama xidmətinin təşkili, bunun üçün tələblər, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın təşkili, ev sahibləri tərəfindən turistlərə göstərilən əlavə xidmətlər və digər mövzular haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.
    Daha sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev çıxış edərək müştəri cəlb edilməsində sosial şəbəkələrə xüsusi diqqət yetirməyin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
    Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmış, kənd turizmi haqqında məlumatları özündə əks etdirən buklet təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının
Turizm Departamentinin mətbuat xidməti

Nəşr edilib : 26.07.2023 18:45