AZ EN RU

Kənd təsərrüfatında maarifləndirmə tədbirləri davam etdirilir

   Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində noyabr ayında da kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müşavirələr, tarla seminarları və maarifləndirmə tədbirləri həyata keçirilmişdir. 

    Ay ərzində nazirliyə meyvə ağaclarının zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə əlaqədar 4, taxılçılıqda aqrotexniki tələblərə uyğun əkinlərin aparılması ilə bağlı 9 torpaq mülkiyyətçisi müraciət etmiş və onlara mütəxəssislər tərəfindən lazımi tövsiyələr verilmişdir. Payız əkinlərinin optimal müddətdə başa çatdırılması, əkin zamanı baş verə biləcək nasazlıqların qısa zamanda aradan qaldırılması üçün rayonlarda payız əkinlərində iştirak edəcək texnikaların texniki vəziyyəti daim nəzarətdə saxlanılaraq texnika sahibləri ilə fərdi söhbətlər aparılmışdır. Qarğıdalı biçinindən sonra biçində iştirak edən kombaynlara texniki qulluğun göstərilməsi və onların bitki qalıqlarından təmizlənərək saxlanca qoyulması qaydaları haqqında mexanizatorlara ətraflı məlumatlar verilmişdir. 
    “Araz” Elm-İstehsalat Birliyinin təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin Aqrokimya və torpaqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə təcrübə işləri aparılmışdır. Birliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin mütəxəssisləri tərəfindən Babək rayonunun Yuxarı Buzqov və Aşağı Buzqov kəndlərinin, Naxçıvan şəhərinin Əliabad qəsəbəsinin bələdiyyə ərazilərinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən götürülmüş nümunələrdən azot, fosfor və kalium ilə təmin olunma dərəcələrini müəyyənləşdirmək üçün istifadə olunmuşdur. Analizlərin nəticələrinə əsasən əkiləcək bitkilərin qida maddələrinə tələbatından və məhsuldarlığından asılı olaraq hər bir bitki üçün üzvi və mineral gübrələrin normaları hesablanmışdır. Həmçinin hesabat ayında birliyin mütəxəssisləri tərəfindən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları ilə birlikdə Şahbuz rayonunun Kolanı kəndində “Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilmiş, müşavirədə Biçənək, Kolanı, Yuxarı Qışlaq və Aşağı Qışlaq kəndlərinin kartoqramları kənd icra nümayəndələrinə və bələdiyyə sədrlərinə təhvil verilmişdir. 2022-2023-cü təsərrüfat ili üçün təcrübə sahəsində hər biri 2 kvadratmetr olan ləklərdə 73 sort və hibrid, sahəsi 45 kvadratmetr olan ləklərdə 7 artırma üçün sort və hibrid, sınaq üçün 44 sort əkinləri aparılmışdır. Yaşıllıq zolaqlarının bərpası üçün yardımçı təcrübə təsərrüfatından “N” hərbi hissəyə 400 meyvə tingi verilmişdir.
   Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin mütəxəssisləri ötən ay muxtar respublika ərazisində istixana işləri ilə məşğul olan sahibkarlarla görüşlər keçirmiş, onlara istixana şəraitində tələb olunan keyfiyyətli toxum və şitillərin alınıb əkilməsinə, xəstəlik və zərərvericilərin qarşısının vaxtında alınmasına dair tövsiyələr vermişlər. İdarəyə 48 ailə təsərrüfatı sahibi tərəfindən müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılmış və onlara lazımi mübarizə tədbirinin vaxtında aparılması üçün məsləhətlər verilmişdir. Heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalandırma tədbirlərinin davam etdirilməsi, heyvandarlıqda və arıxanalarda 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı fərdi qaydada maarifləndirici görüşlər keçirilmişdir. 

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2022 20:21