AZ EN RU

Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi təşkil edilmiş, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilmişdir. Ötən 18 il ərzində “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 3540 ədəd texnika, 1953 baş damazlıq heyvan güzəşt tətbiq edilməklə muxtar respublikada fəaliyyət göstərən istehsalçılara lizinqə verilmiş və ya satılmışdır. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

Kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsinin vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara şamil edilsin.

3. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) sərəncamındakı əmlakın müstəqil qiymətləndirici cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

4. Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2023-cü ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsinin (bundan sonra – Mərkəz) müvafiq hesabına köçürülsün.

5. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi kənd təsərrüfatı istehsal vasitələrinə güzəşt tətbiqi ilə bağlı bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.

6. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 2-ci - 4-cü hissələrinin icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görsün və görülən işlər, habelə Mərkəzin və Cəmiyyətin fəaliyyətinin nəticələri barədə bir il ərzində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

7.1. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

7.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

ANAR İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini:

Naxçıvan şəhəri, 17 noyabr 2023-cü il

Nəşr edilib : 20.11.2023 16:29