AZ EN RU

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi kənd təsərrüfatı naziri Məcnun Məmmədov və DİA-nın rektoru Urxan Ələkbərov imzalayıblar.

Memorandumun məqsədi Nazirlik və Akademiyanın elmi-praktiki potensialından istifadə edərək insan resurslarının formalaşdırılması, onların dövlət idarəçiliyi üzrə bilik-bacarıqlarının və təcrübələrinin artırılması, idarəetmə üzrə vərdişlərinin inkişaf etdirilməsidir.

Tədbirdə çıxış edən Məcnun Məmmədov bildirib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır. Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Bu baxımdan nazir M.Məmmədov yüksəkixtisaslı mütəxəssislər hazırlayan, ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilən Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlığın əhəmiyyətinə toxunub. O, Kənd Təsərrüfatı Nazirliyində çalışan əməkdaşların rəhbər vəzifələrə hazırlanması məqsədilə Akademiyada təhsilə xüsusi önəm verildiyini vurğulayıb.

Rektor Urxan Ələkbərov ali təhsil müəssisəsinin maddi-texniki bazası, dövlət idarəçiliyi sahəsi üçün mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində aparılan elmi-tədqiqatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib. “Bu sahədə kadr bazasının formalaşdırılması və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Əməkdaşlıqla bağlı əldə olunmuş razılıq akademiyada təhsil alanların və Nazirlik əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək. Əməkdaşlıq Memorandumunda Akademiyanın professor-müəllim heyəti tərəfindən Nazirliyin rəhbər şəxsləri və mütəxəssisləri üçün idarəçilik təlimlərinin keçirilməsi, Akademiyanın bakalavr və magistr təhsili səviyyələrində təhsil alanların təcrübə proqramlarına cəlb edilməsi, istehsal və istehlakla əlaqədar müasir dövrdə idarəçiliklə bağlı rastlaşılan aktual problemlər üzrə araşdırma və təhlillərin aparılması, idarəetmə sahəsində birgə innovasiya yönümlü layihələrin təşviqi, təhlili və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, sənədə əsasən Nazirliyin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən Akademiyada təhsil alanlar üçün dövlət idarəçiliyi, insan potensialının idarəedilməsi, idarəetmə prosesində rəqəmsal həllərdən istifadə və digər sahələr üzrə ustad dərsləri təşkil olunacaq”,- deyə o əlavə edib.

Tərəflər Akademiya ilə Nazirlik arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə innovativ və elmi-praktiki konfransların, seminarların təşkil edilməsi, təhsilalanları Nazirliyin fəaliyyəti, onun strukturu və məsul olduğu mövzular haqqında məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi barədə razılığa gəliblər.

Tədbirin sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 29.05.2024 15:36