AZ EN RU

Kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova: “Sərgidə cənab Prezidentin Naxçıvan məhsullarına xüsusi diqqəti, önəmi naxçıvanlılar, təsərrüfatçılar, sahibkarlar üçün böyük stimuldur, dəstəkdir”

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri keçirilib. Ümumilikdə, sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edib, 9 ölkə isə milli stendlərlə təmsil olunub. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak ediblər. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, xətti ilə 60-a yaxın sahibkar, ailə təsərrüfatçıları da istehsal etdikləri məhsulları həmin sərgilərdə nümayiş etdiriblər. Mayın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi sərgidə uğurla iştirak edən Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin əməkdaşları, sahibkarlar, ailə təsərrüfatçıları ilə görüşüb, görüşdə təəssüratlar bölüşülüb, fikir və təkliflər dinlənilib, aqrar sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələrə dair  tövsiyyələr, tapşırıqlar diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova “Şərq qapısı” qəzetinə geniş müsahibəsində Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərinin Naxçıvan, naxçıvanlı sahibkarlar, təsərrüfatçılar üçün önəmindən danışıb:- Muxtar Respublikada aqrar sahənin inkişafı əsas hədəflərdən biridir. Bu məsələ məşğulluq imkanlarını artırmaqla yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, o cümlədən bölgənin iqtisadiyyatının gücəndirilməsinə təsir edəcəkdir. Bu məqsədlə biz inkişaf xarakterli bütün imkanlardan istifadə etməyə əsas veririk.  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, fermerlər, ailə təsərrüfatçıları olaraq  ilk dəfə idi ki, birgə Bakı şəhərində keçirilən beynəlxalq bir tədbirdə iştirak edirdik.  Bu tədbir sırf kənd təsərrüfatı ilə bağlı idi, həm də eyni zamanda qida sənayesi sərgisi həyata keçirilirdi. Kənd Təsərrüfatı sərgisi beynəlxalq olaraq Azərbaycanda 16-cı, Qida Sənayesi sərgisi isə artıq 28-ci idi. Sərgilərdə 60 nəfər heyətlə, çoxlu sayda bir-birindən dəyərli, müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları ilə biz muxtar respublikanı təmsil etdik. Həm hazır məhsullar, həm də eyni zamanda təbii bitkilər paviliyonumuzda yer almışdı. Düşünün ki, tək Sədərək rayonundan bir ailə təsərrüfatçısı 37 növdən çox məhsulu sərgiyə çıxarmışdı. Dağ bitkiləri bütün sərgi iştirakçılarının diqqətini çəkirdi. Bundan başqa buradan sazan balığı da aparmışdıq. Həm də diri halda. Öncədən bildirmişdilər ki, diri halda balığı Naxçıvandan Bakı şəhərinə çatdırmaq mümkün olmayacaq. Bunu xüsusilə hava nəqliyyatından istifadə zamanı oksigen çatımazlığının yaranacağı ilə əlaqələndirirdilər. Lakin, biz metodologiyanı ətraflı təhlil etdik, balıqları buradan canlı şəkildə apararaq sərgidə nümayiş edə bildik. Balıqla yanaşı arıçılıq məhsulları, konservləşdirilmiş məhsullar, turşular, şirələr, mineral içkilər, quru meyvələr, tərəvəzlər, o cümlədən tez yetişən əriklər, gilas, gilanar, çiyələk, kartof, alma, qablaşdırılmış dərman bitkiləri, süd və ət məhsulları pavilyonda yer almışdı. Naxçıvana xas təbii, şəfalı sulardan  “Çınqıllı”, “Sirab”, “Badamlı” xüsusi yer tuturdu. Naxçıvana məxsus Naxçıvan göyçəsi, duzu, tryufeli, qovurması da sərgiyə gələn bütün xarici və yerli şirkətlərin böyük marağına səbəb oldu. Hələ sərgiyə hazırlıq günü, pavilyonun hazırlanması zamanı  hər tərəfdən insanların bizim pavilyona xüsusi marağı hiss olunurdu. Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, bizim pavilyon digərlərindən dizaynına görə də tamam fərqlənirdi. Bilirsiniz ki, bu il Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunur. Pavilyonumuzun mərkəzində xüsusi bir hissəni bu məqsədlə ayırmışdıq. O hissədə Ulu Öndərin çox gözəl, gülümsəyən rəsmi var idi.  Rəsmin özü belə insanları pavilyona cəlb edən amillər sırasında idi.  Ulu Öndərin rəsmi Naxçıvanın əsas dağlarından olan  Haçadağın (İlandağ) cizgisi ilə əhatələnmişdi. Hansı ki, o cizgilər “Orqanik Naxçıvan”ın loqosundan tərtib edilmişdi. Həmçinin həmin hissədə-monitorda Naxçıvanın məhsulları, istehsal prosesləri, təsərrüfatda yetişdiricilik barədə davamlı olaraq video-çarx göstərilirdi. Həm pavilyonun dizaynının gözəlliyi, həm aqrar sahənin tərənnümü, həm də orqanik məhsullar bütün ziyarətçiləri özünə çəkirdi.

Xəyalə Dadaşova sərgidə ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakının təsərrüfat adamlarına, sahibkarlara böyük ruh yüksəkliyi gətirdiyini vurğulayaraq dedi ki, çörək bolluq, bərəktlik rəmzidir! Məhz Mehriban xanım Əliyeva da pavilyonda ilk olaraq Naxçıvan çörəyinə diqqət yetirdi. Cənab Prezident balıqlara xüsusi diqqət yetirərək “Araz çayındandır?” sualını verdi. Ümumiyyətlə ölkə başçısı pavilyonumuzda sərgilənən bütün məhsullara, mineral sulara, içkilərə, dağ bitkilərinə, qovurmaya önəm verdi. Ordubad limonunun məhşur olduğunu söylədi. Ordubad limonunu buradan dərmədən, ağac üzərində aparmışdıq. Fürsətdən istifadə edərək cənab Prezidentə ağacdan dərərək təzə-tər limon hədiyyə etdik. Çox sağ olsun ki, bizim hədiyyəmizi qəbul etdi və  bütün naxçıvanlılara salamlarını göndərdi. Bu bizim üçün çox böyük uğur və qürurverici idi. Sərgidə cənab Prezidentin Naxçıvan məhsullarına xüsusi diqqəti, önəmi naxçıvanlılar, təsərrüfatçılar, sahibkarlar üçün böyük stimuldur, dəstəkdir. Fermerlərimiz, ailə təsərrüfatçılarımız bu hadisədən çox təsirlənmişdilər, ruh yüksəkliyi hər kəsin simasından görünürdü. Bununla da biz Naxçıvanın məhsullarını Bakı şəhərində yüksək səviyyədə təqdim edib, cəmiyyətə göstərə bildik.  Ən əsası o idi ki, biz heç bir qatqı istifadə edilmədən, ekoloji təmiz mühitdə istehsal edilən orqanik Naxçıvan məhsulları ilə ölkə başçımızın qarşısına çıxdıq. Ölkə başçısının göstərdiyi diqqət və qayğı nəticəsində inanıram ki, qeyd edilən məsələlər Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafına öz səmərəsini verəcəkdir.

Kənd təsərrüfatı nazirinin müavini qeyd etdi ki, sərgidə Naxçıvan məhsullarının orqanik olması səbəbindən alıcılıq qabiliyyəti yüksək idi, yerli və xarici şirkətlər, o cümlədən ziyarətçilər tərəfindən çoxlu sifarişlər edilirdi.  Artıq sərginin ikinci günündə məhsullarda kifayət qədər azalma müşahidə olunurdu. Buna baxmayaraq, fermerlər, ailə təsərrüfatı sahibləri çalışırdılar ki, apardıqları məhsulları təmənnasız olaraq ziyarətçilərə hədiyyə etsinlər. Sərgilərdə kənd təsərrüfatına dair müxtəlif aspektli panellər də keçirilirdi. Panellər innovasiyayönümlü idi. Panellərdən biri də orqanik kənd təsərrüfatı məhsullarına aid edilmişdi ki, həmin paneldə mənim də iştirakım nəzərdə tutulmuşdu. Bu iştirak “Orqanik Naxçıvan” məhsullarının tanıtımına yönəlmişdi. Həmin paneldə mənimlə yanaşı İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi  də iştirak edirdi. Manuela Traldi Naxçıvanda orqanik məhsulların yetişdiriciliyinin gündəmdə saxlanılmasına, önəm verilməsinə çox şad olduğunu bildirdi və qeyd etdi ki, belə görünür Azərbaycanda bu dəqiqə ən böyük orqanik məhsul yetişdiriciliyi Naxçıvandadır. Və bundan irəli gələrək belə bir təklif irəli sürdü ki, hər il orqanik kənd təsərrüfatı məhsulları üzrə beynəlxalq konfrans Naxçıvanda keçirilsin. Düşünürəm ki, biz bu təklifin dəyərləndirilməsi istiqamətində müvafiq işlər görəcəyik və ola bilsin ki, növbəti illərdən belə bir konfrans Naxçıvanda təşkil olunsun.

Xəyalə Dadaşova Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin sərgidə iştirak edən sahibkarlar, ailə təsərrüfatçıları ilə görüşünə, görüşdə müzakirə oluan məsələlərə də toxunaraq dedi ki, bu görüş hər bir sahibkarın, ailə təsərrüfatçısının ürəyincə oldu. Ailə təsərrüfatçıları  özləri Naxçıvan Muxtar Respublikasında ilk dəfə belə səmimi atmosferdə, şəraitdə keçirilən görüşdə iştirak etdiklərinə və  təşəkkür aldıqlarına görə sevindiklərini bildirirdilər. Onlar qeyd edirdilər ki, ilk dəfədir ki, onlara sərbəstlik verilməklə fikirləri, təklifləri dinlənilir və təşəkkür edilir. Xəyalə Dadaşova, eyni zamanda Səlahiyyətli Nümayəndə tərəfindən fermerlərə, ailə təsərrüfatçılarına xüsusən orqanik məhsul yetişdirilməsinə önəm verilməsi, Naxçıvanda ənənəvi olan bitkilərin, təbiiliyin qorunub saxlanılması, kəmiyyətin deyil, keyfiyyətin gündəmə gətirilməsi, məhz bunun nəticəsində həm daxili bazarın tənzimlənməsi, o cümlədən ixrac potensialının artırılması, ixrac coğrafiyasının genişləndirilməsinə dair  tövsiyyələrin verildiyini bildirdi. Bununla yanaşı gələcəkdə də bu kimi məsələlərə diqqət yetirilməsi, təkcə Azərbaycan daxilində deyil, eləcə də digər ölkələrdə tədbirlərə qoşulmağın vacibliyini və hətda fermerlər arasında rus və ingilis dillərinin inkişaf etdirilməsi üçün müvafiq dəstəyin göstərilməsi üçün tapşırıqlar verildiyini dedi: “Tapşırıldı ki, gələcəkdə bizim fermerlərin digər ölkələrə çıxışı təmin olunsun. Təbii ki, bu inkişaf nə qədər çox olacaqsa, Naxçıvan Muxtar Respublikasında aqrar inkişaf da o qədər artacaqdır. Və bu tapşırıqlar təkcə məhsul yetişdiriciliyi ilə kifayətlənmədi, bu prosesə təkan verəcək məsələri, torpaqların qorunmasını, suvarma suyuna diqqət yetirilməsini, qənaətlə istifadə, intensiv üsullara keçid, mütərəqqi metodlara üstünlük verilməsini də əhatə etdi. Həmçinin orqanik məhsul yetişdiriciliyində qablaşdırma, etiketləmə məsələlərinə də diqqət yetirilməsi, eyni zamanda fitosanitar, epizotik təhlükəsizliyin qorunması, Naxçıvana idxal olunan toxum, ting, materialarda, eləcə də heyvan mənşəli məhsullarda xəstəliklərin, digər zərərli orqanizmlərin daxil olmamasının zəruriliyi, vacibliyi sahibkarlara tövsiyyə olundu. İnanıram ki, bu görüş bizim fermerlər üçün çox böyük bir stimul olacaq. Görüş zamanı onların simasından da bu müsbət dəyişikliyi, xoş əhval-ruhiyyəni hiss etmək çətin deyildi. Hər kəs həm sərgidə iştirakı, həm də Səlahiyyətli Nümayəndə tərəfindən qəbulu çox rəğbətlə qarşıladı. Düşünürəm ki, gələcəkdə də belə sərgilərdə yüksək səviyyədə iştirak edəcəyik və Naxçıvanda aqrar sahənin inkişafını müasir formada cəmiyyətə təqdim etmiş olacağıq.”

Nail ƏSGƏROV

Nəşr edilib : 24.05.2023 22:14