AZ EN RU

Kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova: “Muxtar respublikada ilk dəfə taxıl istehsalçıları dövlət hesabına toxumlarla təmin olunacaq”

    Bu günlərdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şərur bazasında taxıl istehsalçıları ilə görüşüb, təsərrüfatçıları narahat edən məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb. 

    Kənd təsərrüfatı nazirinin müavini muxtar respublikada payızlıq taxıl əkinlərinin gedişatı, eləcə də dövlət tərəfindən təsərrüfatçılara göstərilən dəstək, verilən subsidiya, gübrə təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı “Şərq qapısı” qəzetinə müsahibə verib: – Ötən ilin payızlıq, cari ilin yazlıq əkinləri üzrə, ümumilikdə, 21 min 247 hektar sahə taxıl əkinləri həyata keçirilib. Taxıl əkinləri üzrə 19 min 797 hektar sahədə biçin aparılıb, 1450 hektarda biçin aparmaq mümkün olmayıb. Biçin aparılmamasının səbəbləri isə istehsalçıların düzgün olmayan toxumlardan istifadə etməsi, aqrotexniki qulluq qaydalarına düzgün riayət olunmaması, eyni zamanda quraqlığın təsiridir. Bu ildən etibarən bütün istehsalçılarla taxıl əkinləri üzrə vaxtında şumun qaldırılması, əkinin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarının göstərilməsi haqqında mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilib və bu istiqamətdə işlər davam edir. Eyni zamanda istehsalçıların tələbatlarının ödənilməsi üçün dövlət dəstəyi hesabına həm nağd formada subsidiyaların, eləcə də gübrələrin verilməsi təmin olunub. Cari ildə isə dövlət dəstəyi hesabına toxumluq buğdaların gətirilməsi də reallaşdırılıb. Məlumdur ki, keçən il də bizim istehsalçıların çoxu sertifikatı olmayan dərmanlanmamış toxumlardan istifadə edib. Təbii ki, bu kimi toxumlarda immunitet aşağı olur, zərərli orqanizmə, iqlimə qarşı davamsızdır və nəticə etibarilə məhsuldarlıq aşağı düşür. Keçənilki əkinlər üzrə, ümumilikdə, 49 min tondan çox taxıl əldə edilib və orta məhsuldarlıq 24,9 sentner olub. Hazırda gətirilən toxumlar sertifikatlıdır, dövlət reyestrinə alınıb və Azərbaycanın digər bölgələrində, eləcə də muxtar respublikanın müvafiq rayonlarında sınaqdan keçirilib. Təcrübədə istifadə olunur və yaxşı nəticələr əldə edilir. 
    Kənd təsərrüfatı nazirinin müavini bildirib ki, hazırda gətirilən buğda sortu “Alekseiç”dir. Keçən il muxtar respublikanın müxtəlif bölgələrində əkini həyata keçirilib və xüsusilə Şərurda yaxşı nəticələr verib. Bu mövsümdə də həmin toxumun istifadəsi nəzərdə tutulur və buğda ilə yanaşı, arpa toxumu təminatı da yaradılıb. Muxtar respublikada ilk dəfə taxıl istehsalçıları dövlət dəstəyi hesabına həmin toxumlardan istifadə edib, əkinlərini həyata keçirəcəklər: – Təbii ki, biz muxtar respublikada bu il biçin aparılarkən istehsalçılara tövsiyə etmişdik ki, biçindən sonra dərhal şum qaldırma işləri aparılsın, aqrotexniki qulluq qaydaları göstərilsin. Lakin buna baxmayaraq, müəyyən gecikmə halları vardır. Belə ki, istehsalçılar qlobal isti hava şəraitini nəzərə alaraq əkin işlərini bir az gec həyata keçirmək istəyirlər. Tövsiyəmiz odur ki, yubatmasınlar. Düzdür, şum qaldırma həyata keçirilir, əkin işləri aparılır, ancaq bu işlərin davamlı şəkildə, qısa zamanda yekunlaşdırılması daha yaxşı nəticələr verə bilər. Ona görə də məsləhət görürük ki, vaxtında şum qaldırma prosesini bitirib əkini həyata keçirsinlər və xüsusilə də əkinlərdə sertifikatlı toxum sortlarından istifadə etsinlər. Eyni zamanda təsərrüfatçılara dəstək olaraq gübrə təminatının da yaradılmasına çalışırıq. Əvvəlki illərdə hər zaman karbamid gübrəsindən istifadə olunub. Hazırda isə çalışırıq ki, gübrə çeşidlərinin artırılmasına nail olaq. Və bununla bağlı artıq müəyyən tədbirlərin görülməsinə başlanılıb. Bütün bu işləri görməkdə əsas məqsədimiz keyfiyyətli əkinlərin həyata keçirilməsinə nail olmaqdır. 
    Xəyalə Dadaşova digər sahələr üzrə təsərrüfatçıları maraqlandıran məqamlara da toxunaraq qeyd etdi ki, istehsalçılara dövlət dəstəyinin göstərilməsi kənd təsərrüfatının inkişafına təkan verən amillərdən biridir. Və dövlət dəstəyi hesabına hazırda muxtar respublikada həm süni mayalanma yolu ilə alınan buzovlara, o cümlədən 2018-ci ildən fəaliyyət göstərən arıçılıq təsərrüfatlarına hər arı ailəsinə görə subsidiyaların verilməsi istiqamətində işlər həyata keçirilir. Aqrar Subsidiya Şurası tərəfindən sənədləri qaydasında olan, komissiya tərəfindən işi yekunlaşdırılan həm arıçı təsərrüfatçılarına, həm də süni mayalanma yolu ilə alınan buzovların sahiblərinə subsidiyaların verilməsi haqqında qərar artıq qəbul olunub. Bəzi rayonlarda həmin buzovların, eyni zamanda arıçılıq təsərrüfatlarının sənədləri tam hazırlanıb təqdim olunmayıb və onların da sənədləri hazır olanda subsidiyaları təmin ediləcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 12.10.2023 19:06