AZ EN RU

Kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın ayrılmaz tərkib hissəsi kimi kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər bu sahədə uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Aqrar sektorda fəaliyyət göstərən sahibkarların geniş maliyyə dəstəyi, təsərrüfat sahiblərinin texnoloji avadanlıqlarla təmin olunması, torpaqların münbitliyinin artırılması ilə əlaqədar kompleks tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmişdir. Bu tədbirlər muxtar respublikada ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, eləcə də emal sənayesinin inkişafına və ixrac potensialının formalaşmasına gətirib çıxarmışdır. Qazanılan nailiyyətlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir... Yəni bütün bunlar inkişafın təzahürüdür”.

    Dövlət proqramının icrası cari ilin birinci yarısında da diqqətdə saxlanılmış, kənd təsərrüfatı məhsulları istehsalı üzrə 63 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 1 milyon 96 min 800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Birinci yarım ildə 31 heyvandarlıq, 2 quşçuluq, 4 arıçılıq təsərrüfatının yaradılması, 13 heyvandarlıq, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 11 heyvandarlıq, 1 quşçuluq, 4 arıçılıq təsərrüfatının yaradılması, 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksinin və 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Bütövlükdə, kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması istiqamətində 70 layihə üzrə işlər başa çatdırılmış, 41 layihə üzrə işlər davam etdirilmişdir. Yanvar-iyun aylarında muxtar respublikada 152 milyon 756 min 100 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəyə nisbətən 3,7 faiz çoxdur. 

    Dövlət proqramında yerli xammala əsaslanan yun tədarükü və iplik istehsalı müəssisəsinin yaradılması, eləcə də müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması və qarğıdalı yağı istehsalına başlanılması ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılmış, yun iplik istehsalı sahəsinin qurulması üçün layihə hazırlanmışdır. Müvafiq şirkətlə bağlanmış müqavilə əsasında bu istehsal sahəsində istifadə olunacaq avadanlıqların həmin şirkət tərəfindən hazırlanması birinci yarım ildə başa çatdırılmışdır. Hazırda müəssisənin yerləşəcəyi ərazidə tikinti-quraşdırma işləri davam etdirilməkdədir. Bununla yanaşı, cari ilin ilk yarısında Şərur Sənaye Məhəlləsində bitki yağı istehsalı, eyni zamanda süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qurudulması sahələrinin yaradılması da davam etdirilmişdir. Görülən işlər sənaye məhəlləsinin muxtar respublikada sənaye ilə yanaşı, bir çox iqtisadi sahələrin, o cümlədən kənd təsərrüfatının davamlı inkişafına təkan verəcəyini deməyə əsas verir. 
    Bu sahədə xüsusi diqqət yetirilən məsələlərdən biri məhsul istehsalının genişləndirilməsi ilə tələbatın yerli imkanlar hesabına ödənilməsidirsə, digər məsələ də istehsal olunan məhsulların satış və ixrac imkanlarının artırılmasıdır. Təsərrüfat sahiblərinin öz məhsullarını keyfiyyətli şəkildə alıcıya təqdim etməsi və həmin məhsulların satışından gəlir götürməsi onların öz fəaliyyətlərini genişləndirmələri üçün stimullaşdırıcı xarakter daşıyır. Dövlət pro­qramında müəyyənləşdirilən tapşırıqlardan biri də xidmət sahələri ilə ailə təsərrüfatları arasında əlaqələrin gücləndirilməsidir. Bu istiqamətdə cari ilin ilk yarısında İqtisadiyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən 370 ticarət obyektində ailə təsərrüfatlarının təqdim etdiyi məhsullardan ibarət bölmələrin yerləşdirilməsi və istehlakçılara təklif edilməsi ilə bağlı maarifləndirmə işi aparılmışdır. Bundan əlavə, birinci yarım ildə Bakı şəhərinə və xarici ölkələrə            1 tona yaxın soğan, 180 tondan çox kartof və 490 tondan çox qarğıdalı məhsulunun göndərilməsi təmin edilmişdir.
    Kənd təsərrüfatı məhsullarının satış qabiliyyətini xarakterizə edən ən mühüm amillərdən biri də onların keyfiyyətidir. Proqramın icrasına uyğun olaraq cari ilin ilk yarısında emal olunmuş kənd təsərrüfatı məhsullarının keyfiyyəti nəzarətdə saxlanılmışdır. Bu dövrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada emal olunmuş kənd təsərrüfatı məhsullarının 115 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri aparılmış, nəticələrin texniki normativ-hüquqi aktların və standartların tələblərinə uyğunluğu müəyyən olunmuşdur. 
    Dövlət proqramında nəzərdə tutulan tapşırığın icrası məqsədilə əkin üçün əlverişli torpaqların xəritələşdirilməsi istiqamətində də tədbirlər davam etdirilmişdir. Belə ki, birinci yarım ildə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Babək və Sədərək rayonlarının sərhədləri daxilində əkin dövriyyəsindən kənarda qalmış torpaqların xəritələri hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyi və müvafiq yerli icra hakimiyyəti orqanlarına təqdim olunmuşdur. Görülən işlər kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
    Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ailə təsərrüfatlarının rolu mühüm əhəmiyyət kəsb etdiyindən bu təsərrüfatların fəaliyyətinin stimullaşdırılması xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir”. Göstərilən dövlət maliyyə dəstəyi ilə yanaşı, həyata keçirilən maarifləndirmə işləri aqrar yönümlü mövcud ailə təsərrüfatlarının öz fəaliyyətini genişləndirməsinə, özünüməşğulluq proqramının reallaşdırılması isə yeni təsərrüfatların yaranmasına səbəb olur. Cari ilin birinci yarısında Dövlət proqramının icrasına uyğun olaraq təsərrüfat sahiblərinin maarifləndirilməsi məqsədilə 29 seminar-müşavirə keçirilmiş, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı 7 adda 70 nüsxə buklet hazır­lanaraq paylanmışdır. Həmçinin bu dövrdə özünüməşğulluq proqramına cəlb olunan və kənd təsərrüfatı yönümlü fəaliyyət göstərən ailələrə, ümumilikdə, 176 baş iribuynuzlu, 860 baş xırdabuynuzlu heyvan, 120 yeşik arı ailəsi, 19 miniyerşumlayan, 6 otbiçən, 1 südsağan aqreqat, 4 inkubator və quş tükü təmizləyən aparat və 2 su motoru verilmişdir. 
    Dövlət proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlər muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafını təmin etməkdədir.

“Şərq qapısı”

Nəşr edilib : 31.08.2022 18:00