AZ EN RU

Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur. 
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova və Nazirliyin kollektivi bu münasibətlə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. 
Daha sonra nazirlikdə təşkil olunan yığıncaqda Xəyalə Dadaşova  bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Diqqətə çatdırıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət nəticəsində ölkə iqtisadiyyatında kənd təsərrüfatı xüsusi yerə malikdir. Ulu Öndərin gərgin əməyi ilə həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aqrar sahədə də resurslardan səmərəli və məqsədyönlü istifadə təmin olunaraq bu sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb.

Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və aqrar sahənin uzunmüddətli dinamik inkişafı nəticəsində son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2 dəfədən çox artıb. Bu da onu deməyə əsas verir ki, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrasına başlanıldığını vurğulayan nazir vəzifələrinin icraçısı ehtiyac duyulan bir çox məsələlərin həlli ilə yanaşı, aqrar sahənin inkişafında əsas rol oynayan əkinəyararlı torpaqların istifadəsiz qalmasının qarşısının alınması və mütərəqqi suvarma və əkin texnologiyalarından istifadə ilə bağlı təkliflərin hazır­landığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Kənd təsərrüfatının inkişafına sadə əkinçilik sxemi ilə deyil, müasir tələblərə cavab verən  yeni metodologiyalar, mütərəqqi üsullarla yanaşmalı, müasir suvarma sistemlərinin tətbiqi, müasir dronlardan istifadə edilməli, fermerlərin,  sahibkarların bu sahədə bilik-bacarıqları daha da təkmilləşdirilməlidir. 
Tədbirdə çıxış edən bir sıra nazirlik əməkdaşları Prezidentin imzaladığı son fərman və sərəncamlar, eyni zamanda aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı nəticəsində kənd təsərrüfatının bütün sahələrinin dinamik inkişaf etdiyini, zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrasının uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Göstərilən diqqət və qayğıya görə aqrar sahənin işçiləri, fermer və sahibkarlar dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

- Fariz ƏHMƏDOV

Nəşr edilib : 01.11.2023 15:28