AZ EN RU

Kənd tam orta məktəblərinin məzunlarının yüksək nəticə göstərməsi sevindiricidir

    Müdriklərimiz deyiblər ki, elm və bilik öyrənməyə tələs. Çünki bunlar əldən heç bir zaman çıxmayan miras, bezilməyən yoldaş, insanın bəzəyi və hər bir kəsin bütün ömürboyu köməyinə yetən dəyərlərdir. Bu iki dəyəri əldə etməyin yolu isə təhsildən keçir. Bu gün muxtar respublikamızda bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “İqtisadiyyatda, mədəniyyətdə, elmdə – həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir”. 
    Muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur rayonunda da təhsilə göstərilən dövlət qayğısı nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan və 500-700 arası bal toplayanların sayı artır. Rayonda fəaliyyət göstərən tam orta məktəbləri bitirən məzunlar ali məktəblərə builki qəbul imtahanında müvəffəqiyyətlə iştirak ediblər. 

    Onlardan biri Çomaxtur kənd tam orta məktəbinin məzunu Aysu Rzayevadır. O, dördüncü qrupda 607 bal toplayıb, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisasını seçməyi düşünür. Aysu öz sevincini bizimlə belə bölüşdü: – Həkimlik sənətini  lap uşaqlıqdan sevirəm. Bu gün öz arzuma çatdığım üçün çox sevincliyəm. Amma qarşıda daha məsuliyyətli bir dövr vardır. Tələbə adını qazanmaqla iş bitmir. Daha çox oxumaq lazımdır. Bunun üçün biz gənclərə hər cür şərait yaradılıb. Ona görə də dövlətimizə minnətdaram. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimlərimi bundan sonra da sevindirim. 

     Fəridə Babayeva isə Ərəbyengicə kənd tam orta məktəbinin məzunudur. O, birinci qrup  üzrə keçirilən qəbul imtahanında 585 bal toplayaraq valideynlərini sevindirib, Bakıda fəaliyyət göstərən ali məktəblərdə təhsil almaq istəyir. İnformasiya texnologiyaları sahəsi üzrə mütəxəssis olmaq ən böyük arzusudur. Fəridə deyir: – Ətrafımdakı insanların təhsilə olan sevgisi məni də məktəbə ilk qədəm qoyduğum gündən oxumağa, biliklərə yiyələnməyə sövq edib. Məktəbimizdə şagirdlərin müasir informasiya texnologiyalarının sirlərinə mükəmməl yiyələnmələri üçün yaxşı şərait vardır. Müasirtipli kompüterlər, elektron lövhəli sinif otaqları şagirdlərin ixtiyarına verilib ki, bu da təhsildə keyfiyyət dəyişikliklərinə zəmin yaradıb. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq. 

    Rayonun Xələc kənd tam orta məktəbinin məzunu Gültəkin Mehdizadə qəbul imtahanında üçüncü qrupda 573 bal toplayaraq valideyn və müəllimlərini sevindirib.
    Ən böyük arzusu Hüquqşünaslıq ixtisasında təhsil almaq olan Gültəkin niyyətinə addım-addım yaxınlaşır. Sevincinin həddi-hüdudu yoxdur. Deyir ki, tələbə adını qazanmaq üçün müəllimlərinin dediklərinə vaxtında əməl edib, gecə-gündüz oxuyub. Bildirir ki, tələbə adını qazanmaqla həm valideynlərini, həm də müəllimləri qürurlandırıb. Gültəkin Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini seçmək istəyir. Deyir ki, bu gün yaşadığı sevinci sözlə ifadə etmək çox çətindir. Öz adından onun kimi yüzlərlə şagirdə göstərilən qayğıya görə dövlətimizə minnətdardır. Təhsildə göstərdiyi uğurlarla yanaşı, həm də Vətənimizə layiqli vətəndaş olmağa çalışacaq. 
    Ulu Öndərin əsasını qoyduğu təhsil siyasəti bu gün muxtar respublikamızda da uğurla davam etdirilir, təhsil infrastrukturu yenilənir. Bunun nəticəsidir ki, övladlarımız müasir, geniş, hər bir şəraiti olan məktəblərdə təhsil alırlar. Kəndlərimizdə fəaliyyət göstərən tam orta məktəblərin məzunlarının yüksək nəticə göstərməsi isə onu sübut edir ki, təhsil müəssisələrimizin harada yerləşməsindən asılı olmayaraq, yaradılan şərait yüksək səviyyədədir. Övladlarımızın öhdəsinə isə yaxşı oxuyub Vətənimizə layiqli kadrlar olmaq düşür. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 17.08.2023 20:18