AZ EN RU

Kənd sakinləri ilə səyyari görüş keçirilib

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynovanın iştirakı ilə Əlincə, Xoşkeşin və Xanəgah kənd sakinləri ilə səyyari görüş keçirilib.

Qəbulda icra hakimiyyətinin məsul işçiləri, rayonun bəzi idarə, müəssisə rəhbərləri, müvafiq kəndlərin icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların müraciət və təklifləri dinlənilib.

S.Hüseynova Prezident İlham Əliyevin xalqımız və Azərbaycan dövləti qarşısında göstərdiyi xidmətlər, əldə olunan uğurlar və nailiyyətlər haqqında danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyun 2023-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasının məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin  yüksəldilməsi, ətraf mühitin mühafizəsinin təmin edilməsi və başqa vacib məsələləri hədəflədiyindən söhbət açıb.

İcra başçısının müavini kənd sakinlərini narahat edən məsələləri dinləyib. Sakinlər məşğulluq, içməli su, kənddaxili yolların asfaltlanması, Xoşkeşində xidmət mərkəzinin tikilməsi ilə bağlı müraciətləri rəhbərliyin diqqətinə çatdırıblar. Bəzi məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınıb.

                                      Aidə İBRAHİMOVA

Nəşr edilib : 28.12.2023 10:40