AZ EN RU

Kələntərdizə-Qoşadizə avtomobil yolunda əsaslı təmir-tikinti işləri davam edir

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə verilən məlumata görə, Kələntərdizə-Qoşadizə avtomobil yolunda əsaslı şəkildə yenidənqurma işləri aparılır. Ümumi uzunluğu 11 kilometr olan bu yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hazırda ərazinin təmizlənməsi və hamarlanması işləri həyata keçirilir. Yolun yenidən qurulması nəticəsində vətəndaşların rahat gediş-gəlişi təmin olunacaq. 
1 gediş 1 gəliş olmaqla, 2 zolaqdan ibarət və hər zolağın eni 3,5 metr olan yolun torpaq hissəsinin eni 8 metr, asfalt hissəsinin eni isə 7 metr olacaq. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların bərpası ilə yanaşı, 138 ədəd metal boru su keçidi quraşdırılacaq. Burada 1 beton su keçidinin tikintisi, həmçinin yolda yerləşən 1 körpünün də əsaslı təmiri nəzərdə tutulur. Bununla yanaşı, avtomobil yolundan yağış və sel sularının kənarlaşdırılması üçün ümumi uzunluğu 6000 metr olan beton su kanalının tikilməsi də planlaşdırılır. 
Əsaslı təmir-tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerdə yol nişanları, siqnal dirəkləri quraşdırılaraq, yol cizgi və yolgöstərici xətlər çəkiləcəkdir.

Nəşr edilib : 05.04.2024 14:43