AZ EN RU

Kəlağayının ucu sarı...

Kəlağayı Azərbaycan qadınlarının milli geyim nümunələrinə məxsus olan baş örtüyüdür. Müxtəlif zamanlarda Azərbaycan qadınlarının milli geyimlərini xalqımızın qədim adət-ənənəsinə məxsus ornamentlər bəzəyib. Və ya milli mədəniyyətimizə məxsus geyimlər Azərbaycan adət-ənənəsinə uyğun hazırlanaraq istifadə olunub. Bu geyimlərin hamısında dərin əxlaqi dəyər və keyfiyyətlər öz əksini tapırdı. O cümlədən, baş örtükləri də belə  dəyərlərin məcmusu kimi qarşılanır. Azərbaycan qadınlarının baş örtüyü olan kəlağayı da məhz belə dəyərlərin daşıyıcısıdır. Üzərindəki həndəsi və nəbati naxışların hər birinin milli düşüncədən qaynaqlanan anlamı vardır. Kəlağayı əslini isə butasız təsəvvür etmək olmur. Milli ornamentlərimizdən olan butanın dərin simvolik anlam daşımasını xalqımıza məxsus folklor örnəklərimiz bir daha təsdiq edir. Belə ki, dastan və ya nağıllarımızda qəhrəmana yuxuda müqəddəs şəxsiyyətlər tərəfindən onun əbədi sevgisi buta kimi verilir. Sebgisini əldə etmək və ona qovuşmaq üçün keçdiyi yollarda başına gələn ən çətin işlərdən qorxub-usanmayan qəhrəman bu yolda igidliklə mübarizə aparır. Bu yol uğur yolu kimi onun taleyinə ən müqəddəs məqam kimi yazılır. Odur ki, buta kimi verilən sevgi müqəddəs və vazkeçilməz hesab olunur. 
Müxtəlif  və həm də seçilmiş rənglərə boyanmış kəlağayıların örtülmə zamanı və məqamı da dərin simvolika daşıyır. Hansı rəng kəlağayını hansı məqamda örtmək lazım olduğunu bilən qadınlarımız bununla qədim ənənəyə məxsus olan adətlərin də qorunmasına vəsilə olmuşlar. Daha doğrusu, kəlağayı qədim adət-ənənənin qorunmasını və gələcək nəslə ötürülməsinin, bir növ, təminatçısı olmuşdur.
Azərbaycanın bir çox regionlarında hazırlanan və  müxtəlif dövrlərdə istifadə olunan kəlağayılar qədim adət-ənənə daşıyıcısıdır. Şəki rayonunda hazırda da istehsal olunan kəlağayının elə orada həm də muzeyi vardır.
Qədim adət-ənənənin qorunduğu və aktual şəkildə yaşandığı Naxçıvan torpağında da bu qadın baş geyimi növü müxtəlif zamanlarda və hazırda sevərək istifadə olunmaqdadır. Hətta  demək mümkündür ki, Ordubad şəhərində 1865-ci ildən başlayaraq fəaliyyət göstərən ipəkçilik sənayesi zamanı kəlağayı istehsalı da yüksək  səviyyədə olub. Burada qadınların sevimli baş örtüyü olan kəlağayı müxtəlif mərasimlərin atributu kimi dəyərləndirilmişdir. Belə ki, istər rənglərinə, istərsə də üzərindəki naxışlara münasib olaraq  kəlağayıların istifadə zamanları olmuşdur. Toy mərasimlərində qadınlar al-əlvan kəlağayılar örtərdilər. Novruz bayramı görüşlərində də rəngarəng kəlağayılardan istifadə edilərdi. O cümlədən, müxtəlif yaş qruplarına məxsus qadınların fərqli rənglərdə olan kəlağayılara üstünlük verməsi diqqət çəkəndir. Belə ki, gənc qızlar və gəlinlər ağ, qırmızı və əlvan rəngli kəlağayılar, orta yaşlı qadınlar sarı, noxudu və soğanı rəngli kəlağayılar, daha yaşlı qadınlar isə qara rəngli kəlağayılardan istifadə edərdilər. Və bu heç də o demək deyildi ki, sadalanılan yaşa məxsus qadınlar mütləq şəkildə həmin rəngli kəlağayıları istifadə etməli idilər. Məqsəduyğun idi ki, hər yaş dövründə qadınlar uyğun rəngli kəlağayıdan istifadə etsinlər. Bütün bunlar xalq arasında mövcud olan, kökü qədim ənənədən qaynaqlanan əxlaqi yanaşmaları özündə qoruyur. Həm də hər rəng dərin simvolik anlam daşıyır. Ağ rəng xoşbəxtlik, sədaqət, ehtiram, düzlük, uğur rəmzidir.  Bununla yanaşı, ağ rəng, qalibiyyət simvolu kimi də tanınır. Ağ rəngin qalibiyyət mənası daşıması qədim qəhrəmanlıq dastanımız olan “Kitabi-Dədə Qorqud” dastanında da müşahidə olıunur. Tədqiqatçıların fikrincə, ağ rəng həm də Tanrının sevdiyi rəngi ehtiva edir. Təsadüfi deyil ki, Tanrıdan istənilən diləklərdə ağ gün, ağ bəxt arzusu da yer almaqdadır. Yuxuda görülən ağ atın xeyir-uğur rəmzi daşıdığı da məlumdur. Odur ki, gənc xanımların ağ rəngli kəlağayıdan istifadə etməsi uğur, xoşbəxtlik, mübarizə apardığı həyatda qalibiyyət mənası daşımaqla bərabər qədim türk ənənəsindən irəli gələn düzlük, ehtiram, sədaqət rəmzi də daşıyır.  Sarı, noxudu, soğanı rənglərin də özünəməxsus simvolikası var. Noxudu və soğanı rənglərin ibtidası olan sarı rəngin də qədim türk ənənəsi ilə bağlı olduğu məlumdur. Sarı rəng dünyanın dərd-ələmini ifadə edir. Və ya sarı rəng insanın dünyagörüşünün kamilliyini də ifadə edir. Odur ki, orta yaşlı qadınlar bu rəngli kəlağayını örtməklə yaşadıqları həyatdandərin təcrübə qazandıqlarını ifadə etmiş olurlar. Qara rəngli kəlağayıları isə daha yaşlı qadınlar istifadə edirdilər ki, qara rəngin də qədim türk təfəkküründə dərin simvolik məna kəsb etməsi danılmazdır. Qara böyüklük, ucalıq rəmzidir. Həm də qədimlərdə qara rəngdə olan geyim sahibinin olduqca dərin hörmət və ehtiram sahibini olduğunu ifadə edirdi. Bu baxımdan, qara rəngli kəlağayının daha yaşlı, ağbirçək qadınların istifadə etməsi məqsəduyğun hesab olunurdu. 
Məişət mərasimlərindən olan toy mərasimi zamanı qırmızı rəngli kəlağayıdan istifadə Azərbaycanın bəzi regionlarında indi də mütləq hesab edilir. Gəlin öz ata evindən çıxıb ər evinə köçəndə onun üzünə qırmızı duvaq örtərlər. Həmin duvaq qırmızı kəlağayı olardı. Həm qırmızı rəngin, həm də kəlağayının sakrallığı yeni həyata qədəm qoyan insana xalq tərəfindən onun gələcəyi ilə bağlı diləklərində ifadə olunan uğurdadır. O cümlədən, qırmızı rəngli kəlağayı və ya xalq dilincə desək, çarqat yeni həyata qədəm qoyanı şər ruhlardan, bəd nəzərdən, gözdən qoruduğu haqqında inanc da vardır. Bir sözlü mətndə deyidiyi kimi:
Zülf salıb üzə dilbər,
Çıxıbdı düzə dilbər.
Duvaqsalın üzünə
Gəlməsin gözə dilbər.
Yeni doğulan körpəni ilk dəfə evinə gətirərkən onu bəd nəzərdən qorumaq üçün üstünə qırmızı rəngli örtük örtərlər (bu, əsasən, kəlağayı olur). 
Kəlağayının adının əks olunduğu Azərbaycanın  milli folklor yaradıcılığında maraqlı örnəklər  var. İstər bayatılarımızda, istərsə də aşıq yaradıcılığı örnəklərində kəlağayı haqqında məlumat xarakterli təsvirlər yer alır. Aşıq Ələsgərin məşhur “Tellərin” qoşması da bu baxımdan xarakterikdir:
Gözəl, sənin nə vədəndi
Kəsilib qısa tellərin.
Kəlağayı əlvan, qıyqacı
Üstündən basa tellərin.
Müxtəlif dövrlərdə qadınların saçlarını kəsdirməsi cəmiyyətdə  məqbul qarşılanmadığından onun kəlağayı ilə örtülməsi məsləhət görülürdü. Kəlağayı burada əxlaqi dəyərləri mühafizə edən kimi də simvolikləşdirilir. “Əsli və Kərəm” dastanında da kəlağayının xatırlanması müşahidə olunur:
Kəlağayının ucu sıarı,
Açılır könlüm qubarı.
Söylə görüm kimin yarı,
Yaxan düymələ, düymələ.
Yazılı ədəbiyyatımızda da kəlağayı haqqındakı qədim ənənəyə xas olan düşüncələr poetikləşdirilmişdir. Bu baxımdan xalq şairi Səməd Vurğunun şeiri diqqətçəkəndir:
Gecənin sarvanı o ulduz, o ay,
Anamın örtüdüyü sarı kəlağay.
Sözümdən düşməyir ömrüm uzunu,
Bəlkə də şairin taleyidir bu. 
Bəli, sarı rəngli kəlağayı örtmüş ananın dərdli-qəmli siması şair qəlbini kövrəldir, sözünün canı, ruhunun qaynağı olur. Bu qiymətli mədəniyyət faktını şair öz bəlağətli təsviri ilə yüksək bədii səviyyəyə qaldırır.
Və kəlağayı öz mövcudluğunda yaşatdığı ən dərin qatlardan qaynaqlanan milli düşüncəyə məxsus əxlaqi dəyərlərin məcmusu və qoruyucusu kimi 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

 

Aytən CƏFƏROVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
 QAİ Ordubad rayonu üzrə nümayəndəsi 
fil.ü.f.d., dosent

Nəşr edilib : 26.11.2023 11:45