AZ EN RU

Keçirilən maarifləndirici seminar, təlim və tədbirlərdən 1079 nəfər yararlanıb

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin noyabr ayı ərzində ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılıb, tədbir, təlim, seminar, müsabiqə və monitorinqlər keçirilib.
     Hesabat dövrü ərzində komitə tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şərur Rayon İcra Hakimiyyəti ilə birgə “Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir”, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “20 noyabr – Ümumdünya Uşaq Günü”, “Uşaq hüquqları uşaqların gözü ilə” adlı esse və rəsm yaradıcılıq müsabiqəsi keçirilib. Noyabr ayı ərzində komitə tərəfindən keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 2 film nümayiş olunub. 
    23-24 noyabr tarixlərdə Naxçıvan şəhərində təşkil edilən “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres çərçivəsində Qərbi Azərbaycandan olan qadınların əl işləri sərgilənib. Bakı şəhərində keçirilən “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda ilk yüksək səviyyəli konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak edib.
    Ordubad və Culfa Rayon İcra hakimiyyətləri ilə birgə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə uzunömürlü nümunəvi evliliklərin ildönümləri qeyd olunub. 
    Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb, ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi aparılıb. Belə ki, Şərur rayonunun Mahmudkənd kəndində yaşayan xüsusi qayğıya ehtiyacı olan Məmmədovlar ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib. Komitənin Şərur Rayon İcra Hakimiyyəti ilə birgə İbadulla kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirdiyi maarifləndirici tədbirdə müvafiq mövzularda 180 ədəd maarifləndirici broşür paylanılıb, tədbirdən 31 nəfər yararlanıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə Şahbuz şəhərində “Həyata ilk addım ana südündən başlayır”, Naxçıvan Musiqi Kollecində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzularında maarifləndirici tədbirlər keçirilib. 
    “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən hər il noyabrın 25-dən dekabrın 10-dək beynəlxalq “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyasının keçirilməsi məqsədilə komitə tərəfindən ailə institutunun möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Ümumilikdə, keçirilən maarifləndirici tədbirlərdə 85 qadın arasında 5 müddəadan ibarət sorğu təşkil edilib. Komitənin Babək Rayon İcra Hakimiyyəti ilə birgə Babək rayonunun Sirab kəndində keçirdiyi “Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır” mövzusunda maarifləndirici tədbirdən 48, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə cəmiyyətin həssas qrupu olan uşaqların mənafelərinin müdafiəsi, bu işin səmərəsinin artırılması üçün icra işlərində uşaq hüquqlarının qorunması və təbliği məqsədilə təşkil etdiyi tədbirdən isə 40 nəfər yararlanıb.
    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi məqsədilə Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda keçirilən maarifləndirici tədbirdə 40 broşür paylanılıb. Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə “Uşaq əməyinin qarşısının alınması” mövzusunda keçirilən tədbirdən 35 sahibkar yararlanıb. 
    “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində sərmayə kapitalı verilmiş 7 qadının yaşadığı ünvanda və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilib, heç bir nöqsan aşkarlanmayıb. Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilib, Babək və Şahbuz rayonu üzrə 3-ü kompüter istifadəçisi, 1-i toxuculuq peşə təhsilinə yiyələnməsi üçün 4 qadının məlumatları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilib.
    Naxçıvan Muxtar Respublikasına səfər etmiş Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) – Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri və Erkən Uşaqlıq dövrü inkişaf konsultantı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb. Görüşdə ölkəmizdə, eləcə də muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasəti ilə bağlı görülən işlər barədə məlumat verilib və fikir mübadiləsi aparılıb.  
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən 3 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan 3 uşağın yaşadığı ünvanda monitorinqlər keçirilib, uşaq hüquq və mənafelərinin pozulması halı aşkar olunmayıb.
    Ümumilikdə, hesabat dövrü ərzində 15 tədbir, 1 təlim, 1 seminar, 23 monitorinq keçirilib. 17 maarifləndirici seminar, təlim və tədbirlərdən 1079 nəfər yararlanıb. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 13.12.2023 17:48