AZ EN RU

Keçən il 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb

Keçən il Azərbaycanda 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas ixrac potensiallı bitkiçilik məhsullarının (pomidor, kartof, soğan, nar, çiyələk, üzüm, tumlu-çəyirdəkli və qərzəkli meyvələr və s.) ilkin istehsalı təsərrüfatlarında müşahidə və monitorinqlərin sistemli olaraq təşkili məqsədilə Milli Monitorinq Planı hazırlanaraq icrası təmin edilib:
"Bu çərçivədə ötən il ərzində 1380 bitkiçilik təsərrüfatında monitorinqlər aparılıb, onlardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində 172 təsərrüfatda 176 halda karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb. Aşkar edilən zərərli orqanizmlərə qarşı həyata keçirdiyi bütün bu tədbirlər ölkənin fitosanitar vəziyyətini nəzarətdə saxlamağa imkan verir".
AQTA sədri həmçinin bildirib ki, əhalinin və ətraf mühitin sağlamlığının qorunması məqsədilə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 238 adda yüksək toksikliyə malik təsiredici maddələrin ölkədə tətbiqi və dövriyyəsi qadağan edilib:
"Aidiyyəti qurumların nümayələrindən ibarət yaradılan işçi qruplarının 11 rayon üzrə 14 obyektdə apardığı monitorinqlər nəticəsində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının dəqiqləşdirilməsi üzrə ilkin qiymətləndirmələr aparılıb. Ümumilikdə 11 obyektdə təqribən 5 088 kubmetr istifadəyə yarasız preparat və çirklənmiş torpaq olduğu müəyyən edilib. Bu istiqamətdə işlər davam etdirilir".

Nəşr edilib : 21.05.2024 23:03