AZ EN RU

Kartofçuluğun inkişafı ərzaq təhlükəsizliyinə mühüm töhfədir

    Muxtar respublikada kartofçuluğun inkişaf etdirilməsi sahəsində görülən işlər nəticəsində bu mühüm ərzaq məhsulunun əkilib-becərilməsinə maraq ildən-ilə artır. Son illərdə kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən verilən dəstəkdən bəhrələnən ailə təsərrüfatçıları da bu sahədə uğurlu nəticələr qazanırlar. Şərur rayonunda da kartofçuluqla məşğul olan çoxlu sayda təsərrüfatçı var. Belə ailə təsərrüfatçılarından biri Düdəngə kənd sakini, ixtisasca aqronom olan Faiq Ağayevdir. 
    Ailə təsərrüfatçısı hər il əkin sahələrindən bol məhsul götürür, onun yarısını toxum kimi, yarısını da istehlak üçün bazara çıxarır. O, keçən il əkdiyi sahədən 40 ton məhsul tədarük edib. Təsərrüfatçı kartofun əkilməsindən tutmuş çıxarılmasına kimi bütün işləri həm əl əməyi, həm də texnikanın köməyi ilə həyata keçirir. Ancaq çalışırlar ki, kartof səpinində əl əməyindən daha çox istifadə olunsun. Bunun da əsas səbəbi kartof toxumunun cücərmiş halda olmasıdır. İllərdir ki, təsərrüfatla məşğul olan Faiq Ağayev bu il məhsuldarlığın çox olacağına əmindir. Çünki buna nail olmaq üçün təsərrüfatda kartof əkininə hazırlıq işləri vaxtında görülüb, əkin aparılıb, hazırda aqrotexniki qaydalar həyata keçirilir. Müsahibim deyir ki, indi rayonda elə kənd yoxdur ki, orada kartof əkilməsin. Faiq Ağayev 2 hektar yarım ərazidə “arizona” və “aleqriya” sortlarında kartof, 1 hektar soğan, 2 hektar buğda əkib, 3 hektar sahədə isə qarğıdalı əkməyi nəzərdə tutub. Onun sözlərinə görə təsərrüfatında suvarma işi süni yağış yağdırma sistemi ilə həyata keçirilir ki, bununla da 50 faiz suya qənaət edilir. 
    Faiq müəllim kartofun əkilmə üsulundan söz açaraq bildirdi ki, düzgün əkin kartof məhsulunun tarladan anbara qədər keyfiyyətli olmasına təsir göstərir. Uğurlu əkin, eyni zamanda bitki örtüyünü də inkişaf etdirir. Bir çox amillərə görə, ən uyğun əkin dərinliyini təyin etmək çətindir. Əkin dərinliyi torpaq səthi ilə toxum yumrularının üst hissəsi arasındakı məsafə kimi qəbul edilir. Toxumların basdırılma dərinliyi, adətən, yumruların diametrinə uyğun aparılmalı, yumşaltma və dibdoldurma zamanı basdırılmış toxumların üzərinə əlavə edilən torpaq qatı 5-7 santimetr çox olmalıdır. Təpənin hündürlüyündən asılı olaraq dərin əkilmiş yumru yalnız 10 santimetr torpaq qatı ilə, səthi əkilmiş yumru isə 15 santimetr və ya daha çox torpaq qatı ilə örtülə bilər. Dayaz əkin soyuq hava şəraiti üçün daha əlverişlidir. Dərinə əkmək mexaniki yığım zamanı qaldırıcıya böyük çətinlik yaradır. Çeşid müxtəlifliyi də əkinin dərinliyində mühüm rol oynayır. Bu da əkinçinin çeşidlərin xüsusiyyətlərini bilməsini vacib edən amillərdəndir. Kartof əllə, yarımmexaniki və tam mexanikləşdirilmiş üsulla əkilməli, cərgədə yumruların bir-birindən eyni məsafədə basdırılmasına diqqət edilməlidir. Bitki sıxlığının çoxluğu yumrunun kifayət qədər inkişaf edib böyüməsinə mane olur. Cərgələrarası məsafənin normada, yəni 70-75 santimetr aralığında olması alət və maşınlara qulluq zamanı bitkinin yaşıl hissələrinin, kök və kök yumrularının zədələnməsinin qarşısını alır və xəstə bitkilərin aşkarlanmasını və çıxarılmasını asanlaşdırır. Məsafənin daralması suvarma suyunun kök zonasına asanlıqla çatmasına və torpaq, işıq, su və qida maddələrindən faydalanma səmərəliliyini artırmasına imkan verir.
    Torpaqları bərəkətli olan Şərur rayonunda hər il bu sahədə torpaq mülkiyyətçiləri tərəfindən yüksəkkeyfiyyətli məhsul istehsal edilir. Kartofçuluqda təcrübə qazanan torpaq mülkiyyətçilərinin əməyi, zəhməti sayəsində nəinki onlar ailələri ilə yanaşı, muxtar respublika əhalisinin bu məhsula olan tələbatının ödənilməsində mühüm rol oynayırlar. Ötən hər bir ildə məhsul bolluğuna nail olan təsərrüfat adamları bu il də sahələrdən bol məhsul gözləyirlər. Faiq Ağayevin təsərrüfatında gördüklərimiz də belə qənaətə gəlməyə əsas verir.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 06.05.2023 00:36