AZ EN RU

Kartof əkini aparılır

    Diyarımızın ən böyük bölgələrindən biri və bərəkətli torpaqları olan Şərur rayonunun kənd  adamları kartofçuluqda zəngin təcrübə qazanıblar. Onlar hərtərəfli dövlət qayğısından və qazandıqları təcrübədən səmərəli istifadə edərək hər il uğurlu nəticələrə nail olurlar. Bu cəhətdən ötən  il də tarlalar vaxtlı-vaxtında və yüksək aqrotexniki səviyyədə becərildiyindən yaxşı məhsul yetişdirilib. Cari ildə də məhsul bolluğuna nail olmaq istəyən əkinçilər artıq kartof əkininə başlayıblar. 
    Rayonun Muğancıq-Müslüm, Sərxanlı və digər kəndlərində  məhsuldar toxum sortlarına üstünlük verilir. Cari il fevral ayının 10-da əkinə başlayan mülkiyyətçilər artıq 25 hektarda kartof əkini aparıblar. Müasir kənd təsərrüfatı texnikaları, maşın və mexanizmləri olan rayonun təsərrüfat adamları mütərəqqi metodları tətbiq etməklə bu il də  məhsuldarlığı yüksəltmək əzmi ilə çalışırlar.
    Uzun illərdir ki, kartofçuluq Şərur rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Hər il bölgədə min tonlarla kartof istehsal olunub bazar və yarmarkalara çıxarılır, muxtar respublika əhalisinin bu vacib ərzağa olan tələbatı yerli imkanlar hesabına ödənilir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 22.02.2022 19:42