AZ EN RU

Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 25-ci ildönümü qeyd edilib

    Bu il müstəqillik illərində Naxçıvanda yaradılan ilk muzeylərdən biri olan Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin fəaliyyətə başlamasından 25 il ötür. 
    Bu münasibətlə Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova milli xalçaçılıq nümunələrimizin saxlanc yeri olan muzeyin 25 illik yubileyinin qeyd olunmasının Azərbaycan xalçaçılıq məktəbində özünəməxsus yer tutan, zəngin ənənələrə malik Naxçıvanın tarixi xalçaçılıq sənətinə, milli dəyərlərimizə verilən yüksək qiymət olduğunu bildirib. 
    Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsin, o cümlədən xalçaçılığın inkişafına xüsusi dəstək göstərib. 1999-cu ilin oktyabr ayında Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar Naxçıvana səfəri zamanı muzeydə olması isə təkcə muzeyin tarixində deyil, Naxçıvan mədəniyyət tarixində ən əlamətdar hadisələrdən biridir.

    Diqqətə çatdırılıb ki, bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi müvafiq hüquqi aktlara əsasən “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” qəbul edilib, Azərbaycan Milli Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri inşa edilib.
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il tarixli Qərarı ilə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2022-ci ilin avqust ayından Xalq rəssamı Kamil Əliyevin adını daşıyır. Milli mədəniyyət nümunələrinin öyrənilməsi və təbliği cəhətdən mühüm əhəmiyyət kəsb edən muzeydə 3 mindən artıq eksponat mühafizə olunur. Bunlardan 400-dən çoxu  ekspozisiyada sərgilənir. 
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində muxtar respublika ərazisində olan bu qədim el sənəti nümunələrinin reyestri sistemi yaradılıb və bu günədək 668 xalça  reyestrə daxil edilib.   
    Sonra Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva xalçaçılığın incəsənətimizdəki  rolundan danışıb. Ülviyyə Həmzəyeva Lətif Kərimov, Kamil Əliyev kimi xalçaçı rəssamların  bu  sənətdəki rolundan, milli xalça sənətimizin Avropa və rus rəssamlıq sənətinə müstəsna təsirindən bəhs edib. 
    Tədbirdə muzeyin direktoru Ülviyyə Məmmədovanın muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verməsindən sonra “Azərbaycan xalçaları” filminə baxış keçirilib.
    Sonda “Muğam üçlüyü”nün ifasında  muğam və xalq mahnılarımız təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.01.2023 19:33