AZ EN RU

Kadr potensialının gücləndirilməsində hərbi kollecin rolu – ekspert rəyi

Müzəffər ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi, hərbi qüdrətinin artırılması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiyənin hərbi sisteminin əsas götürüldüyü ordu quruculuğu tədbirlərinin həyata keçirilməsidir. Reallaşdırılan islahatların təməlində dünya hərb tarixinə qızıl hərflərlə yazılan Şuşa zəfəri və bu zəfərdə müstəsna xidmətləri olan xüsusi təyinatlı qüvvələr dayanır, – desək yanılmarıq. Elə müharibənin ardınca işğaldan azad olunan torpaqlarda ilkin mərhələdə komando birliklərinin yaradılması da bu fikrin təsdiqidir. Ötən il dekabrın 14-də Prezident cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən ölkənin üç şəhərində xüsusi təyinatlı hərbi kollecin yaradılması da ordu quruculuğu, peşəkar hərbi kadrların hazırlanması istiqamətində reallaşdırılan sistemli tədbirlərin tərkib hissəsidir. Yeni yaradılan kollecin hərb təhsilində rolu, ordumuzun komplektləşdirilməsi işində, kadr təminatında əhəmiyyəti barədə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant İntiqam Ağasıyevlə həmsöhbət olduq...

İntiqam müəllim, istərdim ilk olaraq oxucularımıza hərbi kollec təhsilinin mahiyyətini açıqlayaq. Ümumiyyətlə, dünya hərbi təhsil sistemində kollec təhsilinin rolu nədən ibarətdir və üstün tərəfləri hansılardır?

Hərb sənətində müasir dövrümüzün tələblərinə uyğun ehtiyac duyulan müxtəlif ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına daim tələbat var. Dünyanın bir çox dövlətləri bu tələbatları qarşılamaq üçün müxtəlif strukturlu kolleclər formalaşdırırlar. Kolleclər hərbi ixtisaslarla yanaşı, mülki ixtisaslar üzrə subbakalavr peşə- ixtisas dərəcələri də verirlər. Təhsil səviyyəsinin daha yüksək olduğu bir çox ölkələrdə xüsusi kolleclər də fəaliyyət göstərir ki, onlar bakalavr proqramları çərçivəsində tədris prosesi həyata keçirməklə və hər hansı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə məzunlarına xüsusi bakalavr dərəcələrinin verilməsinə də nail olurlar. Müasir dünyamızda elmi-texniki, səhiyyə və informasiya-kommunikasiya texnologiyaları kimi sahələrin inkişafı hərbiyə böyük yeniliklər gətirib. Bu baxımdan yeni nəsil silah-sursatların, müasir döyüş və digər texnikaların, yüksək texnologiyalarla hazırlanmış optikelektron və texniki vasitələrin silahlanmaya qəbulu onların istismarı üçün peşəkar kadrların olması zərurətini doğurur. Eyni zamanda, dünya ordularının peşəkar hərbiçi kontingentlərindən ibarət olması faktı da onların hərbi kolleclərə ciddi əhəmiyyət verdikləri fikrini söyləməyə əsas verir. Bütün bunlar göstərir ki, inkişaf etmiş ölkələrdə səmərəli təhsilə və peşəkar kadra olan ehtiyac daha əlverişli təhsil modellərinin formalaşmasına səbəb olub. Dünya ölkələrindən danışarkən qardaş Türkiyə Respublikasının hərbi təhsil modelini bu baxımdan nümunə göstərmək olar.

– Hamımıza məlumdur ki, Prezident İlham Əliyevin ötən il dekabrın 14-də imzaladığı “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə 3 şəhərdə xüsusi təyinatlı hərbi kollecin yaradılması nəzərdə tutulub ki, onlardan da biri Naxçıvanda fəaliyyət göstərəcək. Muxtar respublikadakı hərbi hissələrin kadr təminatı baxımından bu kollec nələr vəd verir?

Əvvəla onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Fərmanının timsalında biz əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin yeni bir təzahürünü görürük. 44 günlük Vətən müharibəsindən indiyədək biz düşmənlərimizin sülh danışıqlarını uzatdıqlarını, həmçinin havadarlarının dəstəkləri ilə revanşist mövqe nümayiş etdirdiklərini müşahidə edirik. Belə bir zamanda Azərbaycan Ordusunun müasir tələblərə uyğun tələbatını qarşılamaq üçün maddi-texniki bazanın, silah və texnikaların müasirləşdirilməsi ilə yanaşı, peşəkar gizir kadrlarının hazırlanması üçün hərbi kolleclərin yaradılması mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, qardaş Türkiyə Respublikasının hərbi təhsil modelinə diqqət yetirsək, digər qabaqcıl dövlətlərdə olduğu kimi, onların da professional hərbi kontingent formalaşdırdığını görərik. Müasir döyüşlər peşəkarların döyüşüdür. Onların aparılan əməliyyatlara əhəmiyyətli təsiri danılmazdır. Biz bunun 44 günlük Vətən müharibəsində də şahidi olduq. Bu baxımdan Azərbaycan Ordusu üçün də yeni nəsil silah-sursatlardan, müxtəlif təyinatlı texniki vasitələrdən bacarıqla istifadə etmək məqsədilə peşəkar gizirlərin yetişdirilməsinin vacibliyini xüsusi qeyd etmək lazımdır. Bu məsələlər Naxçıvan Muxtar Respublikasında yaradılan hərbi kollecin qədim diyarın müdafiəsində dayanan hərbi hissələr üçün nə dərəcədə lazımlı olduğunu göstərir. Həmçinin Naxçıvanın blokadada olması faktını da nəzərə alsaq, bu kollecin yaradılması Vətənimizin müdafiəsində durmaq arzusunda olan gənclərlə hərbi hissələrdə peşəkar kadr balansının saxlanılması üçün də böyük əhəmiyyətə malikdir.

– Bildiyimiz kimi, Naxçıvanda artıq uzun illərdir fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Lisey ordumuzun peşəkar zabitlərlə təminində mühüm rol oynayır. Hərbi Liseylə müqayisədə hərbi kollecin hansı üstünlükləri var? Bu barədə fikirləriniz maraqlı olardı...

Üstünlüklər hər iki təhsil ocağında vardır. Lakin onları qarşılaşdırdıqda aralarında olan müəyyən fərqlərlə biri digərindən üstünlük təşkil edir. Bilirik ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikasının digər hərbi lisey və orta ümumi təhsil müəssisələri ilə birlikdə ali hərbi təhsil müəssisələrində hazırlanan peşəkar zabit kadrları balansının nizamlanmasında böyük rol oynayır. Lisey eyni zamanda məzunlarını hərbi yönümdə yetişdirməklə ali hərbi təhsil müəssisələrində təhsil almaları üçün avantajlı təhsil ocağıdır. Lakin bütün hərbi liseylər kursantların konkret olaraq hansısa ixtisasa yiyələnməsini təmin etmir. Bunun üçün kursantın ali təhsil müəssisələrində hər hansı ixtisas üzrə bakalavr təhsili alması zərurəti yaranır. Hərbi kolleclər isə bunun əksinə olaraq kursantlarına hərbi ixtisaslarla yanaşı, mülki ixtisaslar üzrə subbakalavr peşə- ixtisas dərəcəsi verməklə məzun olduqdan sonra birbaşa hərbi xidmətə başlamaq imkanı yaradır. Həmçinin kolleclərin yaş həddinin hərbi liseylərlə müqayisədə yuxarı olması gənclərin kollecdə və məzun olduqdan dərhal sonra sosial ehtiyaclarının qarşılanması baxımından üstünlükləri çoxdur.

– Əvvəlki sualımızın davamı kimi istərdik ki, hərbi liseylə hərbi kollecin oxşar və fərqli cəhətlərini daha ətraflı şəkildə öyrənək.

Oxşar cəhətlərə toxunduqda istər hərbi lisey olsun, istərsə də hərbi kollec bu təhsil ocaqları Azərbaycan Respublikasının kişi cinsindən olan vətəndaşlarının hərbi təhsili üçün nəzərdə tutulub. Amma yaş hədlərinin müqayisəsində hərbi liseylərə 15 yaşı tamam olmuş, 17 yaşı tamam olmayan vətəndaşların qəbulu nəzərdə tutulursa, kolleclərə 17 yaşı tamam olmuş və 20 yaşı tamam olmayan, həmçinin müəyyən kateqoriyalar üçün 18-23 yaşlı vətəndaşların qəbulunun nəzərdə tutulmasını ciddi fərq kimi göstərə bilərik. Hərbi liseylərin ali təhsil ocaqları üçün kursantlar formalaşdırdığını, kolleclərin isə əksinə olaraq məzunlara subbakalavr peşə-ixtisas dərəcəsi verməsi ilə arada ciddi fərq yaratmasına baxmayaraq, gələcəkdə yalnız müdafiə xidməti ixtisaslı və taqım komandiri müavini vəzifələrində 5 il xidmət etmiş gizirlərin ali hərbi təhsil müəssisələrində 3-cü, 4-cü kurslarda təhsilini davam etdirərək leytenant hərbi rütbəsi, həmçinin bakalavr dərəcəsi almaq kimi oxşarlıqları da vardır. Fərqləndirməyə təhsil ocaqlarında aparılan tədris proqramını da əlavə etsək hərbi liseylərin orta ümumtəhsil sistemi, hərbi kolleclərin isə subbakalavr proqramı əsasında təhsil verdiklərini misal göstərmək olar. Hər iki təhsil ocağında təlim-tərbiyə və təhsil formasına uyğun olaraq kursantların bütün növ təminatlarla təmini nəzərdə tutulur. Lakin yaş hədlərinin müqayisəsindəki ciddi fərqləri nəzərə alsaq kolleclərdə təhsil alan kateqoriyanın daha yuxarı yaş həddi olması burada sosial təminatların da daha yüksək olduğunu göstərir.

– Artıq növbəti tədris ilindən yeni yaradılan xüsusi təyinatlı hərbi kollecə qəbul aparılacaq. İlkin mərhələdə bu istiqamətdə görüləcək işlər barəsində nələrə diqqəti çəkmək olar?

İlk olaraq görüləcək işlərin əvvəlində kollec və ona qəbulla bağlı müraciət etmək istəyən vətəndaşlarımız üçün informasiyanın əlçatanlığı durur. Artıq bu istiqamətdə fəalliyyətdə olan rəsmi saytlar, əlaqə saxlanılması üçün telefon nömrələri mövcuddur. Digər mərhələdə isə kollecə qəbulla bağlı sənədlərin qəbulu yer tutur ki, bu mərhələdə sənəd verən vətəndaşların digər mərhələdə iştirakı üçün təqdim etdikləri sənədləri əsasında şəxsi məlumatlarının ciddi yoxlanılması diqqət mərkəzində saxlanılır. Daha sonra, digər hərbi təyinatlı müəssisələrdə olduğu kimi vətəndaşların hərbi həkim komissiyası tərəfindən müayinəsinin keçirilməsi ilə namizədlərin siyahıları yekunlaşdırılır. Sonuncu mərhələ isə namizədlərin kollecə qəbulu mərhələsidir. Burada bir məqama diqqət çəkmək istərdim ki, qəbulda qiymətləndirmə nəticələri iki istiqamətdə aparılır. Belə ki, şagirdlər üçün kollecə qəbul müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üçün buraxılış imtahanında, digərləri üçün isə müvafiq tədris ilində keçirilən qəbul imtahanlarının nəticələrinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcəkdir.

– Suallarımızı ətraflı cavablandırdığınız üçün sağ olun!

Nail ƏSGƏROV

Nəşr edilib : 16.04.2024 12:55