AZ EN RU

İzinizdəyik

Səhərin erkən saatlarıdır. Qanlı yanvarın növbəti ildönümündə minlərlə naxçıvanlı yenə də şəhidlər xiyabanına və Vətən müharibəsi şəhidlərinin uyuduğu qəbiristanlığa axın edir.  Üçrəngli bayraqla qol-boyun olan balacalar da bu bayraqdan özünə əbədi don biçənlərin məzarlarına tələsirlər: müqəddəs ruhlara təzim, ehtiram üçün. Səsləndirdikləri şüara qulaq kəsilirəm: “Qarabağ bizimdir, bizim olacaq!” Bu iki kəlimədə nələr ifadə olunmur, İlahi!
     Əgər kənardan kimsə gəlib Azərbaycanın şanlı Zəfər tarixini tədqiq etsə və bizim xalq, ordu olaraq ərazi bütövlüyümüzü necə təmin etdiyimizlə maraqlansa, belə bir mənzərə ona bütün mətləbləri danışacaq. Düşünə bilirsiniz, 6-7 yaşlarında 3 oğlan uşağı əlində bayraq, qəlbində dünya boyda Azərbaycan sevgisi, dilində Qarabağ şüarı ilə xiyabana, şəhidlərin məzarına yollanır. Bir vaxtlar bu balaca kişilər kimi evdə valideynindən, məktəbdə müəllimindən aldığı Vətən tərbiyəsi ilə yola çıxanlar dostunu, düşmənini yaxşı tanıyaraq vətənpərvər ruhda böyüdülər, döyüş meydanında hansı amal və məqsəd uğrunda vuruşduqlarını bilərək ölümün üstünə atılmaqdan çəkinmədilər, Vətənə olan əbədi eşqlərini elan etdilər, dastana döndülər. İndi siz deyin, belə qəhrəman oğullar yetirən Vətənin kürəyi yerə gələrmi? Yox, əlbəttə. Yüz-yüz itən olsun, min-min də bitən var. Sabahımız, gələcəyimiz bax bu 3 balacanın timsalındakı Vətən aşiqlərinin əlindədir. 
   Bu mənzərəni görəndən sonra deyirəm: deməli, müstəqillik illərini hədər verməmişik. Gənclərlə ideoloji iş aparılıb, Vətən müqəddəsliyi, torpaq qədirbilənliyi, Azərbaycankeş olmağın sirləri aşılanıb bizə. Müstəqillik, nə böyük dəyərsən sən. Əgər dövlət müstəqilliyimiz, güclü ordumuz, qüdrətli liderimiz olsaydı, Azərbaycan 90-cı illərin o çətin sınaqları ilə üz-üzə qalardımı, 20 Yanvar kimi məşum gecə, Xocalı kimi insanlıq əleyhinə cinayət yaşanardımı?! Amma bütün bu faciələr  Azərbaycan xalqını daha da gücləndirdi, onu yenilməz, sınmaz etdi. Necə deyərlər, öldürməyən yara bizi daha da mətinləşdirdi. 30 il sonra küllərimizdən doğduq, tarix səhnəsinə möhürümüzü vurduq, aldıq şəhidlərimizin, Qanlı Yanvarın qisasını və bu yolda əbədiyyətə köçənlərin hüzuruna alnı açıq, üzüağ gəldik. Məzarları başında qəlbimizdə söylədik: İZİNİZDƏYİK!

Muxtar RZAZADƏ

Nəşr edilib : 20.01.2024 18:19